Qərargahın hazırkı ünvanı: AZ1130, Baki, Dərnəgül qəs., 3097 məhəllə, 2 sayli Evtikmə Kombinatının İnzibati binası

MÜSAVAT PARTİYASININ TARİXİ

XRONOLOJİ MƏLUMAT

***Update -
01.11.2004***

Müsavat Partiyası 1911-ci ilin oktyabrında Bakıda yaradılıb (Müsavat - ərəb sözüdür, mənası bərabərlik deməkdir). Partiyanın ilk qurucuları aşağıdakılardır: Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd Əli Rəsuloğlu, Abbas Kazımzadə, Tağı Nağıoğlu. Müsavat Partiyasına ilk qəbul olunanlar: Vəli Mikayıloğlu, Seyid Hüseyn Sadıq, Əbdürrəhim bəy, Yusif Ziya bəy, Seyid Musəvi bəy.

Müsavat Partiyasının ilk Proqramı 9 maddədən ibarət olub, İslami xarakter daşıyıb. 1913-cü ildən, M. Ə. Rəsulzadə Bakıya qayıtdıqdan sonra Müsavat Partiyasının Proqramı təkmilləşdirilib, türkçülük fikirləri ilə dolğunlaşdırılıb. 1915-ci ilin oktyabr ayında M. Ə. Rəsulzadənin redaktorluğu ilə nəşrə başlayan "Açıq söz" qəzeti həm də Müsavat Partiyasının orqanı kimi çap olunub. Qəzet mətbuat tariximizdə "Türk ədəbi dili ilə" çap olunan ilk mətbu orqandır.

1917-ci ilin iyun ayında Müsavat Partiyası ilə Nəsibbəy Yusifbəylinin Gəncədə yaratdığı "Türk Ədəmi Mərkəziyyət" partiyası birləşib. "Türk Ədəmi Mərkəziyyət Partiyası - Müsavat" adlandırılıb. Partiyanın mərkəzi Bakıda qalıb. Gəncədə isə bir şöbə olaraq fəaliyyətini davam etdirib.

Müsavat Partiyasının ilk qurultayı 1917-ci il oktyabrın 26-31-də Bakıda "İsmailiyyə" binasında keçirilib.

1918-ci il mayın 28-də Tiflisdə Müsavat Partiyası (30 nəfər sayla) bir neçə azsaylı partiya ilə birgə Azərbaycan İstiqlalını elan etdi. Milli Şuranın sədri vəzifəsinə M. Ə. Rəsulzadə seçildi.

1918-20-ci illərdə dövlət quruculuğu prosesində, Parlament seçkilərində, Azərbaycanın dünya dövlətləri tərəfindən tanınmasında Müsavat Partiyasının böyük xidmətləri olub.

1919-cu ildə partiyanın ikinci qurultayı oldu.

1920-ci ilin aprelində Azərbaycan işğal olunduqdan sonra Müsavat Partiyası gizli mübarizəyə başlayır. M. Ə. Rəsulzadənin başçılığı ilə yaranan "Gizli Müsavat" Təşkilatı - Mirzə Bala Məmmədzadə, Əbdül Vahab Yurdsevər, Məmməd Sadıq Quluzadə, Məmməd Həsən Baharlı və Cəfər Cabbarlıdan ibarət ümumi mərkəzi bir heyətlə fəaliyyətə başlayır. Müsavatın təşkilatçılığı ilə Azərbaycanda Sovet hakimiyyəti illərində 150-dən çox silahlı üsyan olub.

1936-cı ilin avqustunda Müsavat Partiyasının konfransında Partiyanın "Yeni Proqram Əsasları" qəbul edilir.
1991-ci ilin iyununda Yeni Müsavatın I qurultayında N. Nəsibzadə Mərkəzi İcraiyyə Komitəsinin sədri seçilir. 1992-ci ildə Müsavatın bərpa mərkəzi yaradılır.
1992-ci ilin noyabrında Müsavat Partiyasının III Bərpa Qurultayı keçirilir və İsa Qəmbər Partiyanın Başqanı seçilir.

Müsavat hazırda Azərbaycanda fəaliyyət göstərən ən nüfuzlu partiyadır.

Azərbaycan Xalq Cumhuriyyətinin İstiqlal Bəyannaməsi

1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi, cənubi və şərqi Zaqafqaziyadan ibarət olan Azərbaycan tam hüquqlu müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cumhuriyyəti olaraq müəyyənləşir.
3. Azərbaycan Xalq Cumhuriyyəti bütün millətlər və xalqlar ilə dostluq münasibəti yaradır.
4. Azərbaycan Xalq Cumhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqinə varmadan hüdudu daxilində yaşayan bütün vətəndaşların siyasi və vətəndaşlıq hüququnu təmin edir.
5. Azərbaycan Xalq Cumhuriyyəti ərazisi daxilində yaşayan bütün millətlərə sərbəst inkişafı üçün geniş imkan verir.
6. Milli Məclis toplanana kimi Azərbaycan idarəsinin başında ümumi səsvermə ilə seçilmiş milli şura və milli şura qarşısında məsul olan müvəqqəti hökumət durur.

MİLLİ MARŞ Azerbaycanin Dovlet Himni

Azərbaycan, Azərbaycan
Ey qəhrəman övladın şanlı Vətəni
Səndən ötrü can verməyə cümlə hazırız
Səndən ötrü qan tökməyə cümlə qadiriz
Üç rəngli bayrağınla məsud yaşa
Üç rəngli bayrağınla məsud yaşa.

Minlərlə can qurban oldu
Sinən hərbə meydan oldu
Hüdudundan keçən əsgər
Hərə bir qəhrəman oldu

Sən olasan gülüstan
Sənə hər an can qurban
Sənə bir çox məhəbbət
Sinəmdə tutmuş məkan

Namusunu hifz etməyə
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə
Cümlə gənclər müştaqdır

Şanlı vətən, şanlı vətən
Azərbaycan, Azərbaycan
Azərbaycan, Azərbaycan!

*** MÜSAVATIN HİMNİ Müsavat Partiyasının Himni

Bayrağına göy qurşağı göy rəngini verdi,
Bayraqdan uca təkcə bir Allahdı, Müsavat!
İllər boyu gah meydana, gah zindana girdin,
Zalım elə bildi daha dustaqdı Müsavat!

Əsdi qara yellər başın üstündə, çox əsdi,
Kəsdi qara yellər, sənin haqq yolunu kəsdi,
Amma nə oraq biçdi səni, nə çəkic əzdi,
Sümbül kimi bir də dikəlib, qalxdı Müsavat!

Dünya bulanıb bir durulan vaxt olacaqdı,
Zalımlara divan qurulan vaxt olacaqdı,
Sənsiz bu Vətən torpağı bədbəxt olacaqdı,
Sənsən bu Vətən torpağının baxtı, Müsavat!

Bəsdir bəzədik çölləri başdaşlarımızla,
Bəsdir suladıq gülləri göz yaşlarımızla,
Dar gündə tutaq əl-ələ qardaşlarımızla,
Dərdi-qəmi boğ, gün kimi doğ, vaxtdı Müsavat!

Sözləri: Ramiz Rövşənin,
Musiqisi:
Cavanşir Quliyevindir.

Müsavatın himni 25 oktyabr 1997-ci il tarixdə partiyanın V (Proqram) Qurultayında qəbul olunub.

       MÜSAVAT PARTİYASININ EMBLEMİ

Partiyanın embleminin müəllifləri görkəmli rəssamlar Elçin Məmmədov və Tərlan Qorçiyevdir. Emblemdəki "Müsavat" sözünün baş hərfi olan "M" qoşa dağ şəklində təqdim olunur; arxadakı dağ qara rəngdədir. Qara dağ Türklər üçün əhəmiyyətli simvollardan biridir. Öndəki dağ isə Müsavatın simvolu olan mavi rəngdədir. "M" hərfinin strukturu, qoşa dağın görünüşü tarazlıq ideyasını ifadəli göstərir. Tarazlıq ideyasından isə Müsavatın əsas prinsiplərindən birinə - Milli Təsanüdə çıxmaq olar. Çünki Təsanüd həm də müxtəlif sosial təbəqələrin mənafelərində tarazlaşdırma nöqtələri tapmaqdır. Emblemdəki iki üçbucaqdan Platon və Fərabi kimi filosofların fəlsəfəsinə də çıxmaq olar. Bu filosoflar deyirdilər ki, bütün başqa həndəsi fiqurlar (həndəsi fiqurlara uyğun cisimlər) üçbucaqların müxtəlif birləşmələrindən törənmişdir, yənivarlıqda olanların təməli həndəsi fiqur prinsipinə uyğun gəlir (şərh: professor N. Mehdinindir).

MÜSAVATIN BAYRAĞI

     Müsavat Partiyasının bayrağı mavi rəngdədir. İlk dəfə 1919-cu ildə Partiyanın II qurultayında bayrağın bu rəngdə olmağı qəbul edilib. Mavi bayraq bir zamanlar Elxanilər dövründə (XIII əsrdə) Azərbaycan torpaqları üzərində dalğalanıb. Mavi bayraq həm də Elxanilərin zəfər yürüşlərini əks etdirirdi.

Müsavatçılar məhz bu mənada mavi bayrağa üstünlük vermişlər.

Müsavatçıların Azərbaycan hökuməti kabinələrində tutduqları vəzifələrə diqqət edək:


I. BİRİNCİ HÖKUMƏT KABİNƏSİNDƏ (28.05.1918) - beş müsavatçı nazir vardı: X. Sultanov (Hərbi nazir), M. Hacınski (Xarici İşlər naziri), N. Yusifbəyli (Maliyyə və Xalq Maarif naziri), M. Y. Cəfərov (Ticarət və Sənaye naziri).

II. İKİNCİ KABİNƏDƏ (17.06.1918-07.12.1918) - beş müsavatçı nazir: M. Hacınski (Xarici İşlər naziri), N. Yusifbəyli (Xalq Maarifi və Dini Etiqad naziri), X. Sultanov (Əkinçilik naziri), M. Rəfiyev (Portfelsiz nazir), X. Xasməmmədov (Portfelsiz nazir).

III. ÜÇÜNCÜ KABİNƏDƏ (26.12.1918-14.03.1919) - üç müsavatçı nazir: X. Xasməmmədov (Daxili İşlər naziri), N. Yusifbəyli (Maarif və Dini Etiqad naziri), X. Sultanov (Əkinçilik naziri).

IV. DÖRDÜNCÜ KABİNƏDƏ (14.03.1919-22.12.1919) dörd müsavatçı nazir: N. Yusifbəyli (Nazirlər Şurasının sədri), M. Y. Cəfərov (Xarici İşlər naziri), N. Nərimanbəyli (Dövlət müfəttişi), X. Xasməmmədov (Daxili İşlïr naziri).

V. BEŞİNCİ KABİNƏDƏ (24.12.1919-01.04.1920) - dörd müsavatçı nazir: N. Yusifbəyli (Nazirlər Şurasının sədri), M. Hacınski (Daxili İşlər naziri), X. Xasməmmədov (Ədliyyə naziri), M. Rəfiyev (İctimai Təminat və Səhiyyə naziri).

Müsavatçılar 1920-ci il Aprelin 27-dək Azərbaycanda dövlət quruculuğunda ciddi rol oynamış, bütün bacarıqlarını bu işə sərf etmişlər.

MÜSAVAT PARTİYASININ ÜÇÜNCÜ BAŞQANI: KƏRİM ODƏR

Kərim İbadulla oğlu Odər 1901-ci ildə Bakıda anadan olub. Bakı Ticarət Litseyini bitirdikdən sonra, Azərbaycan Xalq Cumhuriyyəti (1918-1920) dövründə Xarici İşlər Nazirliyində özəl Qələm müdirliyi vəzifəsində çalışıb və o zaman Xarici İşlər naziri olan Nəsib bəy Yusifbəyli ilə yaxın münasibətdə olub. Həmin illərdə Kərim Odər gündüzlər işləyir, gecələr isə İqtisad fakültəsində təhsilini davam etdirirdi. 1920-ci il 27 aprel işğalından sonra Kərim Odər bir müddət Xarici İşlər nazirliyindəki işində çalışıb, lakin sonradan bolşeviklərin terror rejimi ilə ölkəni idarə etdiklərini görüb Azərbaycanı tərk etmək məcburiyyətində qalıb. Üç ilə qədər Tiflisdə qalan Kərim Odər burada iqtisad fakültəsini bitirib, bolşeviklərin əlinə keçməmək üçün Batuma qaçaraq oradan Türkiyəyə keçib. Bir müddət ticarətlə məşğul olan Kərim Odər, Türkiyə vətəndaşlığını qəbul etdikdən sonra Osmanlı Bankında yeddi ilə qədər işləyib, müdir müavini olub, Mərkəzi Bankda işə qəbul edilib. Son iş yeri Sumerbank Ümum Müdirliyində Bankaçılıq və Kredi İşlər Müdirliyində müşavir olan Kərim Odər 1966-cı ilə təqaüdə çıxıb.

Kərim Odər rus, fransız dillərini sərbəst, fars, alman və ingilis dillərini isə orta dərəcədə bilirdi. Kərim Odər bir müddət Müsavat Partiyasının rəhbərliyində yer alıb, Partiya Məclisi başqanı olub, eyni zamanda Azərbaycan Kültür Dərnəyinin Fəxri Başqanı adını alıb. 1976-cı ildə Azərbaycan Milli Mərkəzinin Başqanı Əbdülvahab Yurdsevərin vəfatından sonra Mərkəz Başqanlığı da Kərim Odərə tapşırılıb.

Kərim Odərin "Azərbaycan" dərgisində və digər mətbu orqanlarda çoxlu sayda məqalələri, yazıları vardır. Ən dəyərli "Azərbaycan ekonomisi" və "Azərbaycan" adlı əsərləri böyük maraq doğurur. Kərim Odər böyük zəhmətlə yazıb çapa hazırladığı "Azərbaycan" kitabının çapını görə bilmədi. Daha doğrusu Türkiyədə bu kitabın "Milli bir Kültür Politikasına qovuşulmamış olması" nəşri gecikdirirdi. Kərim Odər 1981-ci ilin 19 noyabrında vəfat edib.

MÜSAVAT PARTİYASININ DÖRDÜNCÜ BAŞQANI: MƏHƏMMƏD AZƏR ARAN

Məhəmməd Azər Aran 1911-ci ildə Azərbaycanın Qarabağ bölgəsində anadan olub. Atası və bütün qohumları Məhəmməd Əmin Rəsulzadənin qurduğu Azərbaycanın istiqlal və hürriyyətə qovuşmasını, Azərbaycan Milli Cumhuriyyətinin qurulmasını istəyən Milli Müsavat Xalq Partiyasına mənsub olub. M. Azər Aran gənc yaşlarından kommunistlərin Azərbaycanda törətdiyi ölümləri, cinayətləri gördüyü üçün mövcud rejimə dərindən nifrət edib.

1920-ci ildə məktəbi bitirdikdən sonra M. Azər Aran Türkiyəyə getmək qərarına gəlir. Sərhədi keçərkən Əli Aran adlı bir riyaziyyat müəllimi ilə tanış olur, birlikdə İrana, oradan isə Türkiyəyə gəlirlər. Azər Aran İstanbulda əsgəri tibb fakültəsini bitirib. İstanbulda olarkən Azərbaycan Milli Qurtuluş hərəkatının böyük ideoloqu M. Ə. Rəsulzadə ilə yaxından tanış olub. Sonradan nevrologiya sahəsində ixtisas alaraq mütəxəssis həkim kimi fəaliyyət göstərən, polkovnik rütbəsinə qədər yüksələn Azər Aran Əsgəri xəstəxanalarda Baş həkim olub, sonrakı illərdə öz arzusu ilə təqaüdə çıxıb.

Azər Aran Tibb fakültəsinin üçüncü kursunda oxuyarkən, M. Ə. Rəsulzadə və bir çox siyasi mühacirlər Türkiyədən getmək məcburiyyətində qaldılar. Elə həmin vaxtdan (1931-ci ildən - N.Y.) Azər Aran bir çox dostları ilə Azərbaycan istiqlal davasının fəalları olaraq, ciddi işlər görürlər. Avropadan göndərilən "İstiqlal", "Qurtuluş" kimi mətbuat vasitələrini alıb lazımi ünvanlara çatdırır, milli mətbuata xəbərlər, müxtəlif yazılar hazırlayırlar. Beləliklə, Müsavat Partiyasının və Azərbaycan Milli Mərkəzinin üzvü olurlar. Özü sonradan səmimiyyətlə etiraf edərmiş: "Biz daha gənc olmamış böyük yüklə yükləndik". Azər Aran Sivasda (Türkiyədə şəhər - N. Y.) Əsgəri xəstəxanada Baş həkimlik edərkən, Türkiyə Anıtlar Dərnəyinin də üzvü olub, O, Qazi Bürhanəddinin məzarını tikdirib.

Azər Aran 1949-cu ildən fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin işində də yaxından iştirak edirdi. Ömrünün sonlarında ağır xəstəlik keçirən Azər Aran uzun illər çalışıb işini yürütdüyü Azərbaycan davasının ana Vətən Azərbaycanda qələbəsini gördü. On bir ilə yaxın Başqanı olduğu Milli Müsavat Xalq Partiyasının 1992-ci ildə Azərbaycanda bərpası onu çox sevindirdi. Böyük milli mücahid Azər Aran 1993-cü il aprelin 8-də Ankarada 82 yaşında vəfat edib və "Qarşıyaxa" məzarıstanlığında dəfn edilib.

MÜSAVAT PARTİYASININ SOVET HAKİMİYYƏTİNƏ QARŞI MÜBARİZƏSİ

1920-ci ilin 27 Aprelindən - Azərbaycanın işğal günündən Müsavat Partiyası gizli fəaliyyətə başlayıb. M. Ə. Rəsulzadənin rəhbərliyi ilə Mirzə Bala Məmmədzadə, Əbdülvahab Yurdsevər, Cəfər Cabbarlı, Məmməd Sadıq Quluzadə Məhəmməd Həsən Baharlıdan ibarət Müsavatın gizli "Ümumi Mərkəzi" yaradıldı.

"Gizli Müsavat" təşkilatı bolşevik işğalına qarşı etiraz xarakteri daşıyan bəyannamələri 28 May, 27 Aprel günlərində xalq arasında yayır, milli mübarizə ruhunu ölməyə qoymurdu.

1920-30-cu illərdə Azərbaycanda çoxlu sayda silahlı üsyanlar, kəndli qiyamlar izsiz ötüşməyərək hökumətini sarsıtmışdı.

Müsavat Partiyasının təbliğat işi çox güclü aparılırdı. Sovet hökumətinin Azərbaycandakı bütün işləri diqqətlə izlənilir, onların hər yalan şüarı Müsavat tərəfindən təkzib edilirdi. Orta və ali məktəblərdə güclü təbliğat işləri görülür, sovet hakimiyyətinin işğalçı məqsədi adamlara anladılırdı. Hər baxımdan güclü təbliğatçılar yetişdirmək üçün Müsavat gizli siyasi kurslar və məktəblər açırdı.

Müsavatçılara qarşı Sovet hökuməti amansız cəza sistemi tətbiq edirdi. M. Ə. Rəsulzadə bildirirdi ki, 1923-cü ilin avqustunadək iki min müsavatçı həbs edildi. Ümumilikdə isə, 1920-ci il aprelin 28-dən 1921-ci ilin avqustuna qədər Azərbaycanda 48 min adam qırmızı terrorun qurbanı olub.

Bütün bunlara baxmayaraq, müsavatçılar 30-cu illərin sonuna kimi Sovet hakimiyyətinə qarşı ölkə daxilində mübarizə aparıblar.

MÜSAVAT PARTİYASININ KONFRANSI, "YENİ PROQRAM ƏSASLARI"NIN QƏBUL EDİLMƏSİ

1936-cı ilin avqustunda Polşada, Varşava şəhərində Müsavat Partiyasının Konfransı keçirildi. Partiyanın rəsmi yığıncağına verilən 17 illik fasilədən sonra keçirilən bu konfransın böyük əhəmiyyəti vardı. Partiya lideri M. Ə. Rəsulzadə "Milli hərəkatda partiya fəaliyyəti" haqqında çıxış etdi. Konfransda partiyanın "Yeni Proqram Əsasları" qəbul edildi. "Yeni Proqram Əsasları"nda bir fikrə başlıca üstünlük verilirdi: Müstəqil Azərbaycan Xalq Cumhuriyyətini rus istilasından qurtarmaq və onu qeydsiz-şərtsiz müstəqil bir dövlət halında yaşatmaq!

Yeni Proqram Əsasları müsavatçılığın tərifini belə müəyyənləşdirirdi: "Müsavatçılıq böyük Türk Kültürünə bağlı, milli, mədəni və insani dəyərləri mənimsəyən, hürriyyət, cumhuriyyət və istiqlal idealına sadiq Azərbaycan vətənsevərliyidir".

"Yeni Proqram Əsasları" Milli Təsanüdə cəmiyyətdə böyük ehtiyac duyulduğunu vurğulayaraq bildirirdi: "... Bu surətlə, müsavatçılıq, Milli Birlik və Təsanüdü əsas olaraq alır və hər türlü sinif və zümrə hakimiyyətini rədd edir".

MÜSAVAT PARTİYASININ II QURULTAYI

Müsavat Partiyasının II qurultayı 1919-cu ilin dekabrında keçirildi. (Qurultay dekabrın 2-dən 12-dək davam etmişdir). Respublikanın bütün bölgələrindən qurultayda 140 nümayəndə təmsil olunurdu. Qurultayı giriş sözü ilə M. Ə. Rəsulzadə açıb və partiyanın Mərkəzi Komitəsinin fəaliyyəti haqqında məruzə ilə çıxış edib. .

II qurultayda aşağıdakı qərarlar qəbul edilib:

1. Qafqaz konfederasiyası;
2. Denikin təhlükəsi;
3. Dağıstan məsələsi.

Qurultayda Partiya Proqramına baxılıb. 67 maddəlik Partiya Proqramı iki hissədən ibarət idi: Birinci hissə- Nəzəriyyə və uzaq məqsəd; İkinci hissə - Əməliyyə və yaxın məqsəd.

Proqramın birinci hissəsində göstərilirdi ki, əsas amalımız olan Azərbaycan İstiqlalını bütün namus və vicdanımızla qorumalıyıq.

Proqramın ikinci hissəsi aşağıdakı bölmələrdən ibarət idi:

1. Şəkli idarə;
2. Həqqi-əhliyyət;
3. İqtisad və maliyyə işləri;
4. Torpaq məsələsi;
5. İşçi məsələsi;
6. Ədliyyə məsələsi;
7. Ruhani idarəsi məsələsi;
8. Maarif məsələsi.

İkinci qurultayda M. Ə. Rəsulzadə yenidən Müsavat Partiyasının sədri seçilib.

MÜSAVAT PARTİYASININ İLK BAŞQANI MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ

Müsavat Partiyasının lideri və ilk Başqanı Məhəmməd Əmin Rəsulzadə 1884-cü ildə yanvar ayının 31-də Bakı şəhərində ruhani ailəsində anadan olub. Atası Hacı Molla Ələkbər Rəsulzadə, anası Zal qızı Zinyətdir.

İlk tərbiyə və təhsilini ailəsi yanında alan Məhəmməd Əmin Rəsulzadə sonradan texniki məktəbə daxil olub. M. Ə. Rəsulzadə 1902-ci ildə "Müsəlman Gənclik Təşkilatı"nı yaradıb, 1903-cü ildə isə onun ilk məqaləsi "Şərqi-Rus" qəzetində çap edilib. Sonradan "Həyat", "İrşad", "Tərəqqi" və başqa qəzetlərdə məqalələrlə çıxış edib, "İrani-Nou" (Tehran), "Açıq söz" (Bakı), İstanbulda yayınlanan "Yeni Qafqasiya" (1923-1928), "Azəri-Türk" (1928-1929), "Odlu Yurd" (1929-1931) və 1934-38-ci illərdə Berlində çap olunan "Qurtuluş" jurnalı və "İstiqlal" qəzetinin yaradıcısı olub. 1952-ci ildə M. Ə. Rəsulzadənin rəhbərliyi ilə Ankarada "Azərbaycan" dərgisi nəşr edilib.

M. Ə. Rəsulzadənin jurnalist fəaliyyətindən başqa çoxlu sayda kitabları da çap olub.

1907-ci ilin sonlarında siyasi fəaliyyətinə görə təqib olunan M. Ə. Rəsulzadə 1908-1911-ci illərdə İranda çalışır, Səttarxan hərəkatında yaxından iştirak edir, 1911-ci ildə isə Rusiya səfirliyinin tələbi ilə İrandan çıxarılır.

1911-13-cü illərdə M. Ə. Rəsulzadə İstanbulda Türk ocağında çalışır, "Türk yurdu" dərgisində maraqlı məqalələrlə çıxış edir.

1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı verilən ümumi bağışlamadan sonra M. Ə. Rəsulzadə Bakıya qayıdır və burada ciddi fəaliyyətə başlayır.

1918-ci ilin 28 Mayında Azərbaycan İstiqlalı elan olunandan sonra o, Azərbaycan Milli Şurasının sədri seçilir. 1918-20-ci illərdə Azərbaycanın demokratik dövlət quruculuğu prosesində M. Ə. Rəsulzadənin böyük rolu olub.

1920-ci ilin 27 Aprel işğalından sonra M. Ə. Rəsulzadə həbs edilib. O, Moskvaya aparılıb, bir müddət orada yaşayıb, az keçməmiş Müsavat Partiyasının tapşırığı ilə Leninqrada gedərək, oradan Finlandiyaya daha sonra Türkiyə ərazisinə keçib.

1922-ci ildən M. Ə. Rəsulzadə çətin və mürəkkəb hadisələrlə dolu mühacirət həyatını yaşayır. Müxtəlif illərdə o, Türkiyədə, Polşada, Almaniyada, Rumıniyada yaşayaraq Azərbaycan İstiqlalı uğrundakı mübarizəsini davam etdirib.

M. Ə. Rəsulzadə 1955-ci ilin mart ayında Ankara şəhərində dünyasını dəyişib. O, Əsri məzarıstanlığında dəfn edilib.

MÜSAVAT PARTİYASININ İKİNCİ BAŞQANI MİRZƏ BALA MƏMMƏDZADƏ

Müsavat Partiyasının ikinci Başqanı Mirzə Bala Məmmədzadə 1898-ci ildə Abşeronun Zirə kəndində balıqçı ailəsində anadan olub. 1907-ci ildə Bakıda yeddinci "Rus-tatar" məktəbinə daxil olub, 1914-cü ildə oranı bitirib. 1918-ci ildə o, Müsavat Partiyasının nəzdində yaranan "Gənclər cəmiyyəti"nin orqanı olan "Gənclər Yurdu"nun redaktorlarından biri idi. M. B. Məmmədzadə Azərbaycan Parlamentində stenoqrafçı iləyib, 1919-cu ildə Müsavatın ikinci qurultayında Partiyanın Bakı Komitəsinin üzvü seçilib.

1920-ci ilin 27 Aprel işğalından sonra yaradılan "Gizli Müsavat"a rəhbərlik M. B. Məmmədzadəyə tapşırılıb. M. B. Məmmədzadə istila rejiminə qarşı bütün qüvvəsi ilə mübarizə aparıb, eyni zamanda yaradıcı, elmi axtarışlarını da davam etdirib. 1922-ci ildə Bakıda onun "Azərbaycan türk mətbuatı" adlı kitabı nəşr olunub.

1923-cü ildə Müsavatın gizli nəşr etdiyi "İstiqlal" qəzetinin mətbəəsi aşkarlandıqda M. B. Məmmədzadə bir müddət gizlənib, daha sonra gizli şəkildə İrana keçib.

1927-ci ildə M. B. Məmmədzadə İstanbula köçərək "Azəri Türk", "Odlu Yurd" jurnalları ilə əməkdaşlıq edib. Bu illərdə onun "Azərbaycan misaqi-millisi"; "28 Mayıs İstiqlal Bəyannaməsinin təhlili" və "Ermənilər və İran" kitabları çap olunur. M. B. Məmmədzadə İstanbul Universitetinin hüquq fakültəsini də bitirib.

1931-ci ildə M. B. Məmmədzadə də M. Ə. Rəsulzadə və digər mühacirlərlə birlikdə Türkiyəni tərk edib Polşada yaşamaq məcburiyyətində qalır. 1938-ci ildə M. B. Məmmədzadənin "Milli Azərbaycan Hərəkatı" adlı tarixi kitabı çap olunur.

M. B. Məmmədzadə 1954-cü ildə "Amerikan Komitəsi"nin Münhendə açdığı SSRİ-ni Öyrənmə İnstitutunda fəaliyyət göstərir. Burada Elmi Heyət Başqanlığını edən M. B. Məmmədzadə İnstitutun hər il keçirdiyi elmi konfransların əsas təşkilatçılarından idi.

M. B. Məmmədzadə yazılarını Mirzə Bala Nuhoğlu, A. Kut, M. Məmmədzadə, M. B. Daşdəmir və Əli Kutluk imzaları ilə çap etdirib.

Mirzə Bala Məmmədzadə 1959-cu il martın 8-də İstanbulda vəfat edib.

MÜSAVATIN BEŞİNCİ BAŞQANI İSA QƏMBƏR

İsa Yunis oğlu Qəmbər 1957-ci il fevralın 24-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1964-74-cü illərdə Bakıda 62 saylı orta məktəbdə oxumuş, 1974-cü ildə M. Ə. Rəsulzadə adına BDU-nun tarix fakültəsinə daxil olmuş, 1979-cu ildə oranı bitirmişdir. 1979-82-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Naxçıvan Elmi Mərkəzində, 1982-90-cı illərdə Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışmışdır.

1985-ci ilin yanvarında İsa Qəmbər erməni Zori Balayanın "Ocaq" kitabına cavab olaraq "Çağırılmış bayatılar və yeni əfsanələr" əsərini yazır. Əldən-ələ gəzib, böyük rəğbətlə qarşılanan bu əsərin çapı uzun müddət mümkün olmur. Əsər ilk dəfə 1991-ci ilin mart ayında işıq üzü görür. Zori Balayanın fikirlərinin əsassız olduğunu zəngin faktlarla sübuta yetirən bu əsərin Azərbaycan tarixi elmində xüsusi yeri vardır.

İsa Qəmbər 1990-91-ci illərdə AXC Təşkilat şöbəsinin müdiri, sonra sədr müavini olub. Bu illərdə Azərbaycan Xalq Hərəkatının əsas liderlərindən biri kimi tanınıb. 1990-cı ildə o, xalq deputatı seçilib. 1991-ci ildə Azərbaycan Ali Soveti Milli Şurasında Xarici İşlər Komissiyasına sədrlik edib. 1992-ci ilin mayından 1993-cü ilin iyun ayına qədər Azərbaycan Respublikası Ali Sovetinin sədri olmuşdur. Bu illərdə xalqımızın həyatında mühüm əhəmiyyət kəsb edən çoxlu sayda qanunlar qəbul edilmişdir.

1993-cü ilin məlum iyun hadisələrindən sonra İsa Qəmbər ciddi təqiblərə məruz qalmışdır. Həmin ilin iyunun 13-də İ. Qəmbər Milli Məclisin sədri vəzifəsindən istefa vermiş, iyulun 16-da isə həbs edilmişdir. İ. Qəmbərin həbsi ilə bağlı Respublika tanınmış ziyalılarından ibarət "İsa Qəmbəri Müdafəi Komitəsi" yaradılmışdır. ABŞ Dövlət Departamenti də İ. Qəmbərin həbsini pisləyən bəyanat qəbul etmişdir. Gəncə hadisələri ilə bağlı məhkəmə prosesində özünü ləyaqətlə aparmış, ünvanına deyilən saxta ittihamları əsassız saymışdır. Geniş ictimaiyyətin də təzyiqi nəticəsində məhkəmə prosesi dayandırılmış, iş ibtidai istintaqa qaytarılmışdır.

1995-ci ilin 12 noyabrında Azərbaycan Parlamentinə keçirilən seçkilərə Müsavat Partiyası buraxılmamış, 1996-cı ilin 4 fevralında isə təkrar seçkilərdə İsa Qəmbər 41 saylı Sumqayıt seçki dairəsindən namizədliyini irəli sürmüş, lakin iqtidar seçki qanununu ciddi olaraq pozmuş, Müsavat liderinin Milli Məclisdə təmsil olunmağına imkan verməmişdir.

İsa Qəmbər hazırda Müsavat Partiyasının Başqanı, müxtəlif partiyaların təmsil olunduğu “Bizim Azərbaycan” blokunun sədridir.


MÜSAVAT PARTİYASININ QURULTAYLARI

BİRLƏŞMƏ QURULTAYI

Müsavat Partiyasının tarixində mühüm hadisə olan Birləşmə qurultayı 1917-ci ilin iyun ayının 17-də keçirilib. Həmin qurultayda M. Ə. Rəsulzadənin lideri olduğu Müsavatla N. Yusifbəylinin başçılıq etdiyi Türk Ədəmi-Mərkəziyyət Partiyası birləşdilər.
İstiqlalımızın 1918-ci ildə qazanılması baxımından bu çox mühüm hadisə idi. Müsavatın Bakı və Bakı ətrafında, Türk Ədəmi - Mərkəziyyətin isə Gəncə və Gəncə ətrafında təsiri güclü idi. Hər iki partiyanın birləşməsi sayəsində istiqlal uğrunda yeni güclə mübarizəyə atılan Ümumazərbaycan partiyası yarandı. Hər iki birləşmiş partiya belə adlanırdı: "Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavat". Birləşmiş partiyaların ilk Mərkəzi Komitəsinə aşağıdakılar daxil idi: Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd Hacınski, Musa Rəfiyev, Mustafa Vəkilov, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Şəfi bəy Rüstəmbəyov, Mirzə Məhəmməd Axundov.

MÜSAVAT PARTİYASININ I QURULTAYI

Müsavat Partiyasının ilk qurultayı 1917-ci il oktyabrın 26-dan 31-dək Bakıda keçirilirb. 1917-ci ilin iyununda "Müsəlman Demokratik Partiyası Müsavat"la "Türk Ədəmi-Mərkəziyyət"in Birləşmə qurultayından sonra bu ilk rəsmi toplantı idi. Bu qurultayda "Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavat" öz proqramını elan etdi.

Qurultay 76 maddədən ibarət partiyanın yeni Proqramını qəbul etdi. Partiyanın proqramında bu məsələlərə üstünlük verilmişdi: 1. Dövlət və muxtariyyət. 2. Milli məsələlər. 3. Dini məsələlər. 4. Həqqi əhliyyət. 5. İqtisad və maliyyə işləri. 6. Torpaq məsələsi. 7. İşçi məsələsi. 8. Ədliyyə məsələsi.

Proqramda Rusiyada yaşayan bütün türk xalqlarına - Azərbaycan, Türküstan, Qırğızıstan və Başqırdıstan, İdil boyu ilə Krım tatarlarına məhəlli və milli muxtariyyətlər verilməsi göstərilirdi.

Böyük öndər M. Ə. Rəsulzadə məhz həmin qurultayda sonralar mübarizə şüarımıza çevriləcək fikri söyləmişdi: "Milli istiqlala malik olmayan bir millət, hürriyyət və mədəniyyətini də hifz edə bilməz. İnsanlara hürriyyət, millətlərə istiqlal!"

AZƏRBAYCAN RESPUBLİKASININ BAYRAĞI

Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 21-də verilib. Həmin qərar: Azərbaycan bayrağını qırmızı materialdan, üstündə ağ, aypara və qırmızı fonda ağ səkkiz guşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul etmək.

Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi və Bakıda fəaliyyət göstərmək qeyri-mümkün idi. Azərbaycan hökuməti Bakıda yalnız sentyabrın 15-də - şəhər türk qoşunlarının köməyi ilə düşmən qüvvələrdən təmizləndikdən sonra fəaliyyət göstərə bildi.

Göründüyü kimi ilk dövlət bayrağımız qırmızı rəngdə, Türkiyənin dövlət bayrağı formasında olub.

Azərbaycan Xalq Cumhuriyyətinin Bakıda fəaliyyətə başlamasından az sonra, bayrağımız haqqında ikinci qərar qəbul edildi.

"Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarış:

Eşidildi: Nazirlər Şurası sədrinin milli bayraq haqqında məruzəsi.
Qərara alında: Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq milli bayraq hesab edilsin".

Milli bayrağımızdakı göy rəng türkçülüyü, qırmızı müasirliyi, yaşıl islam ideologiyasını ifadə edir.

Bayrağımızdakı göy rəng türkləşmək ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr də tikilib və bu abidələrin əksəriyyəti göy rəngdə olub. Bu baxımdan göy rəng həm də simvolik məna daşıyır. Göy rəng həm də XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirir.

Bayrağımızdakı yaşıl rəng islam dininə mənsubluğumuzu ifadə edir. Böyük mütəfəkkir Əli bəy Hüseynzadə "Qırmızı qaranlıqlar içində yaşıl işıqlar" əsərində yaşıl rəngin geniş izahını verib.

Milli bayrağımızdakı qırmızı rəng müasirləşməni, inkişafı əsas götürür. Məlum olduğu kimi XVIII əsrin sonlarında Fransa Burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyişlər baş verib. Həmin dövrdə proletariatın kapitalizm quruluşuna qarşı mübarizəsi olub. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrilirdi. Ə. Hüseynzadə yazırdı: "Avropalaşalım, firəngləşəlim deyirsiniz. Lakin ey qare (ey oxucu), müraciətdən müraciətə fərq vardır. Biz avropalıların ədəbiyyatına, sənayelərinə, ümum və maariflərinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyiriz, özlərinə degil! Biz istəriz ki, islam ölkəsinə onların beyinləri, dimaqları girsin!"

Milli bayrağımızda qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib. Aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı Konstontinopolun gerbi olub. Türklər 1453-cü ildə həmin şəhəri aldıqdan sonra həmin gerb Osmanlı imperiyası tərəfindən islam dininin bir rəmzi kimi qəbul edilib və həmin dində olan başqa xalqlara da keçib. (Bax: M. Əliyev. "Qobustan" jurnalı, 1989, N3).

Müxtəlif guşəli ulduzların təsvirlərinin izləri dünya sivilizasiyasının ən qədim məskəni hesab olunan Mesopotomiya ilə əlaqədardır. Ulduz təsvirlərinin yaranması astronomiya elmi ilə bağlıdır.

Böyük yazıçı C. Cabbarlı şerlərinin birində yazırdı:

Bu ay, yıldız boyaların qurultayı nə demək,
Bizcə belə söyləmək.
Bu göy boya, göy moğoldan qalma Bir türk nişanı
Bir türk oğlu olmalı.
Yaşıl boya islamlığın sarsılmayan İnamını ürəklərə dolmalı
Şu al boya azadlığın təcəddü, fərmanı,
Mədəniyyət bulmalı.

Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M. Ə. Rəsulzadə 1918-ci ildə Azərbaycan Parlamentinin yığıncağında demişdi: "bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur".

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT GERBİ

Qeyd edək ki, gerb polyak sözüdür, irs kimi təqdim olunur. Gerb, irs - sahibin, xalqın yaşadığı ərazinin, torpağının, təbiətinin, millətin adətinin, dilinin yığcam şəkildə təcəssümüdür. Gerblər müxtəlif qruplara bölünür: dövlət gerbi, torpaq gerbi, quberniya gerbi, nəsil gerbləri və s.

1919-cu ilin noyabrında Azərbaycan Xalq Cumhuriyyətinin gerbinin təsviri üçün müsabiqə təyin edildi. (Müsabiqəyə 1920-ci il mayın 30-da yekun vurulmalı idi, lakin həmin ilin 27 Aprelində Azərbaycan işğal edildi).

Dövlət gerbimizin təsviri belədir: çevrə formasında olan qalxanın üzərində dairəvi göy, qırmızı və yaşıl rəngin fonunda səkkiz guşəli ulduz verilib. Ulduz təsvirinin mərkəzində isə Odlar Yurdunun simvolu olan od atəşi öz əksini tapıb. Xarici işğalçılara qarşı Azərbaycan xalqının qəhrəmanlıq simvolu kimi verilən çevrə formalı qalxan aşağıdan sünbül və dəfnə ağacı budaqları ilə əhatə olunaraq bir-birinə lent vasitəsi ilə bağlanıb.

Gerbimizdəki səkkiz guşəli ulduz haqqında müxtəlif izahlar verilir. Bəzi tədqiqatçıların fikirlərində məsələyə dini akpektdən yanaçılır: səkkiz guşə cənnət sferasının rəmzidir, çünki cənnətin səkkizinci pilləsi cənnət ul-Alədir. Təsadüfi deyil ki, riyaziyyatda da 8 sonsuzluq, yəni əbədi inkişafın göstəricisidir. Şumer əsatirində Tufan 7 gün 7 gecə davam edib və 8-ci gün Günəş Allahı Utu Torpağa istilik göndərib.

Dövlət gerbimizdəki səkkiz guşə ilə bağlı başqa bir izahda isə bildirilir: Ay (qəməri) təqvim islam ölkələrində geniş istifadə olunurdu. Ay təqvimində tarixdə "Türk dövrü" kimi qalmış bir təqvim yaradılıb. Ay fazalarının təkrarlanması müddətinə uyğunluq üçün təqvimdə hər səkkiz ildə üç dəfə (2, 5 və 7-ci illərdə) ilin axırıncı ayı olan Zülhəccəsinə 30-cu gün əlavə edilirdi.

Beləliklə, "Türk dövrü" kimi tanınan bu təqvim dəqiqliyinə görə fərqlənirdi. Sonralar "Türk dövrü" təqvimini yenidən təkmilləşdirərək hər 126 ildən bir səkkizillik dövrün axırıncı dövründəki 7-ci il zamanı Zülhəccəni 29 sutka saxlamaqla dəqiqliyi 1290-cı ildə bir sutkaya qaldırıb və bu təqvimdən XVI əsrdən Türkiyədə istifadə edilib.

Çox güman ki, əsası Osman Qazi tərəfindən qoyulmuş türk imperatorluğunun bayrağındakı Ay hilalı yanındakı səkkizbucaqlı dövlətin vaxt ölçüsü cədvəlinə rəmzi işarədir (Bax: Ə. Ətayi. "Təqvimlər keçmişdə və bu gün". "Elm", 1998, N1).

Bəzi izahlarda isə səkkiz guşəli ulduz "Odlar Yurdu"nun səkkiz hərflə yazılışına işarədir. Böyük yazıçı C. Cabbarlı yazırdı: "Səkkiz künclü şu ulduz səkkiz hərfli Od yurdu". ***

MÜSAVATIN MÜHACİRƏTDƏKİ FƏALİYYƏTİ

Müsavat Partiyasının mühacirətdəki fəaliyyət tarixi 1922-ci ilin sonu, 1923-cü ilin əvvəlindən başlayır. Bu illərdə Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M. Ə. Rəsulzadə Sovetlər Birliyindən gizli olaraq İstanbula gəlmişdi. İlkin olaraq Müsavatın Xarici Ölkələr Bürosunu yaradan M. Ə. Rəsulzadə, 1924-cü ildə Milli Mərkəz təşkil edib, müsavatçı olmayan siyasətçiləri də bir təşkilat halında birləşdirdi. Tezliklə bütün Sovetlər Birliyini həyəcana gətirən "Yeni Qafqasiya" jurnalını nəşr etdi. Az müddət içərisində M. Ə. Rəsulzadənin "Azərbaycan Cumhuriyyəti, keyfiyyəti-təşəkkülü, indiki vəziyyət" əsəri çap olundu.

Azərbaycan Milli Mərkəzi bu tərkibdə idi: 1. Məhəmməd Əmin Rəsulzadə; 2. Xəlil bəy Xasməmədov və Mustafa Vəkilov; 3. Əbdüləli bəy Əmircanov; 4. Əkbərağa Şeyxülislamov.

Müsavat Partiyasının Xarici Bürosu belə tərkibdə idi: 1. Məhəmməd Əmin Rəsulzadə - sədr; 2. Mirzə Bala Məmmədzadə - katib; 3. Xəlil bəy Xasməmmədov - xəzinədar; 4. Şəfi bəy Rüstəmbəyov - büro üzvü; 5. Mustafa Vəkilov - büro üzvü; 6. Məmməd Sadıq Axundzadə - üzv; 7. Abbasqulu Kazımzadə - üzv.

Azərbaycan Milli Mərkəzi və Xarici Büro bolşeviklərə qarşı mübarizə planı hazırlayır, müxtəlif yollarla, Azərbaycana təbliğat vasitələri, ədəbiyyatlar göndərirdilər.

MÜSAVATÇILARIN MƏTBU ORQANLARI

Azərbaycan Milli Qurtuluş hərəkatının böyük ideoloqu M. Ə. Rəsulzadənin və imanlı, məfkurəli müsavatçıların istiqlal tariximizdə gördüyü ən böyük xidmət Azərbaycanın azadlığı və müstəqilliyi davasını elmi və sistemli şəkildə aparan mətbuat orqanlarını yaratmasıdır.

Müsavatçılar müxtəlif illərdə, ayrı-ayrı ölkələrdə aşağıdakı mətbuat orqanları yaratmışlar:

- "Yeni Qafqasiya" jurnalı, 1923-cü ildən 1928-ci ilə qədər nəşr edilib. Iurnal Türkiyədə, İstanbulda çap olunurdu;
- "Azəri Türk" jurnalı, 1928-ci ildən 1929-cu ilin əvvəllərinə qədər nəşr edilib. Jurnal Türkiyənin İstanbul şəhərində çap olunurdu;
- "Odlu Yurd" jurnalı, 1929-cu ildən 1931-ci ilə qədər nəşr edilib. Iurnal Türkiyənin İstanbul şəhərində çap olunurdu;
- "Bildiriş" qəzeti 1930-cu ilin avqustundan 1931-ci ilə qədər İstanbulda nəşr olunurdu;
- "Azərbaycan Yurd Bilgisi" jurnalı, 1932-ci ildən İstanbulda Bürhanəddin mətbəəsində çap olunurdu. Iurnalın çapı 1934-cü ilə qədər davam edib;
- "İstiqlal" qəzeti, 1932-ci ilin yanvarın 10-dan Berlində çap olunub;
- "Qurtuluş" jurnalı 1934-cü ilin noyabr ayından Berlində çap olunurdu. Aylıq məcmuə olan "Qurtuluş" 1938-ci ilə qədər nəşr edilib;
- "Müsavat Bülleteni" 1936-cı ilin sentyabrından Polşada nəşr edilib. Partiyanın çox nəzəri problemləri, ideoloji istiqamətləri ilə bağlı yazılara üstünlük verib;
- "Azərbaycan" jurnalı öz nəşrinə 1952-ci ilin aprelin 1-dən Ankarada başlayıb. Hazırda nəşrini davam etdirməkdədir;
- "Yeni Müsavat" qəzeti, 1989-cu ilin dekabrından təşkilatın orqanı kimi nəşrə başlayıb, hazırda isə müstəqil ictimai-siyasi qəzet kimi çap olunur;
- "Müsavat" jurnalı, 1993-cü ildən nəşrə başlayıb, 1936-cı ildə çap edilən "Müsavat Bülleteni"nin davamı kimi fəaliyyət göstərir. Hal-hazırda maliyyə problemi ilə əlaqədar çapını dayandırıb. Müsavat Partiyasının tarixi-siyasi jurnalıdır.

YENİ MÜSAVATÇILARIN AZƏRBAYCANDA FƏALİYYƏTİ

1989-cu ilin oktyabr ayının 24-də "Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyası" (AMDP) yaradıldı. Təsis yığıncağında partiyanın 1936-cı ildəki Yeni Proqram Əsasları cüzi dəyişikliklə fəaliyyət proqramı kimi qəbul edildi.

AMDP "Yeni Müsavat"ın rəhbərliyi ümumi katiblik əsasında işləyirdi və aşağıdakı beş katiblə təmsil olunurdu: Əhməd Rza, Niyazi İbrahimli, Bəxtiyar Tuncay, Mənsur Əlisoy, Rauf Arifoğlu (Şenol). 1989-cu ilin dekabrından təşkilatın orqanı kimi "Yeni Müsavat" qəzetinin ilk sayı çapdan çıxdı.

1990-cı ilin iyunun 29-da AMDP Yeni Müsavatın səlahiyyətli I konfransı keçirildi. 1990-cı ilin dekabrın 21-də Bakıda AMDP "Yeni Müsavat"ın Baş Şurasının iclasında partiyanın adının dəyişdirilməsi məsələsinə baxılıb. 1991-ci ildə Gəncədə AMDP "Yeni Müsavat"ın I qurultayı keçirilib. Qurultay gündəlik üzrə müvafiq qərarlar qəbul edib, partiyanın adı isə "Azərbaycan Milli Müsavat Partiyası" kimi təsdiq edilib.

Partiyanın Mərkəzi İcraiyyə Komitəsinin 7 üzvü müəyyənləşib və N. Nəsibzadə Mərkəzi İcraiyyə Komitəsinin sədri seçilib.

1992-ci ilin martında Müsavat Partiyasının Bərpa Mərkəzi Türkiyədəki Azərbaycan mühacirətinin nümayəndələri tərəfindən tanınıb və ona Müsavat Partiyası adından çıxış etmək səlahiyyəti verilib. İsa Qəmbərin Başqanlığında qurulan Bərpa Mərkəzinin səmərəli fəaliyyəti nəticəsində Bakının 11 rayonunda, Naxçıvan Muxtar Respublikasının 3 rayonunda, bütövlükdə isə 54 şəhər və rayonlarda bərpa büroları yaradılıb.

Müsavat Partiyasının bərpa olunmasının yekunu olaraq təşkilatın III (Bərpa) quraltayının keçirilməsi qərarlaşdırılıb.

MÜSAVAT PARTİYASININ III (BƏRPA) QURULTAYI

Müsavat Partiyasının III (Bərpa) Qurultayı 1992-ci il noyabrın 7-də Bakıda Respublika sarayında keçirilib. Qurultay iştirakçıları əvvəlcə Azərbaycanın Dövlət Himnini dinlədilər. Qurultayı Bərpa Mərkəzinin Başqanı və Azərbaycan Milli Məclisinin sədri İsa Qəmbər və Milli Müsavat Xalq Partiyasının Baş katibi Ə. Qaraca açdılar. Azərbaycan Respublikasının Prezidenti Ə. Elçibəydən sonra Ə. Qaraca və İ. Qəmbər çıxış etdilər. Sonra Partiyanın proqram sənədi qəbul edildi. Qurultay Müsavatın müxtəlif dövrlərdə ayrı-ayrı adlarla mübarizə apardığını nəzərə alıb, birdəfəlik Müsavat Partiyası adlandırılmasını məqsədəuyğun hesab etdi. Gizli səsvermənin yekunları əsasında İ. Qəmbər əksəriyyət səslə Müsavat Partiyasının Başqanı seçildi.

MÜSAVAT PARTİYASININ IV QURULTAYI

1995-ci ilin noyabr ayının 18-də Müsavat Partiyasının tarixi IV qurultayı keçirildi. Böyük maraqla keçirilən qurultayın gündəliyində aşağıdakı məsələlər dururdu:

1. Ana Torpaq və Doğru Yol Partiyalarının Müsavatla birləşməsi haqqında.
2. Müsavat Partiyası Başqanının hesabat məruzəsi və partiyanın qarşısında duran vəzifələr haqqında.
3. Müsavat Partiyası MNTK-nın hesabatı.
4. Partiyanın Nizamnaməsinə əlavələr və dəyişikliklər haqqında.
5. Təşkilati məsələlər:

a) Partiyanın Başqanının seçilməsi;
b) Rayon (şəhər) təşkilatı sədrlərinin məclis üzvü səlahiyyətlərinin təsdiqi və Məclisin sərbəst üzvlərinin seçilməsi.

6. Cari məsələlər.

Partiyanın IV qurultayında Azərbaycanda ilk dəfə iclasları yetərsayın üçdə biri olduqda səlahiyyətli sayılması haqqında qərar qəbul edilib, qurultay nümayəndələrinin əksəriyyəti tərəfindən "50+1" prinsipli kvorum qaydasının sovet totalitarizminin qalığı və müasir demokratiyaya zidd olduğu bildirilib.

Qurultay Müsavat Partiyası Başqanının hesabat məruzəsini dinləyərək respublikanın ictimai-siyasi vəziyyətini və ötən qurultaydan bəri partiyanın fəaliyyətini müzakirə edərək qətnamə qəbul edib.

Qurultayın ikinci iş günündə İ. Qəmbər böyük səs çoxluğu ilə yenidən Müsavat Partiyasının Başqanı seçilib.

MÜSAVAT PARTİYASININ V (PROQRAM) QURULTAYI

Müsavat Partiyasının V (Proqram) Qurultayı 1997-ci il oktyabr ayının 25-də keçirilib. Qurultayda Müsavat Partiyasının Başqanı İsa Qəmbər əsas məruzə ilə çıxış edib.

Qurultayda Müsavat Partiyasının qarşıdakı dövr üçün yeni proqramı qəbul edilib. Proqram aşağıdakı bölmələrdən ibarətdir:

I. Azərbaycanın istiqlal amalını gerçəkləşdirən Müsavat;
II. Müsavatçılığın təməl prinsipləri.
III. Gələcək Azərbaycan.
IV. Keçid dövrünün problemləri.
V. Müsavatın fəaliyyət prinsipləri və metodları.

Partiyanın V (Proqram) Qurultayında Azərbaycan Xalq Cumhuriyyəti münasibəti ilə xalqa müraciət və digər sənədlər qəbul edilib.

MÜSAVAT PARTİYASININ VI (PROQRAM) QURULTAYI

Müsavat Partiyasının VI (Proqram) Qurultayı 2001-ci ilin mayında keçirilib. Qurultayda Müsavat Partiyasının Başqanı İsa Qəmbər əsas məruzə ilə çıxış edib.Qurutayda ilk dəfə olaraq Pariyanın seçkili orqanlarında qadınlara 25% -lik kvota ayrılıb. Nizamnamədə bir sıra dəyişiklilər edildi. Partiyanın katiblik institutu müavinliklə əvəz olundu. Dəyişikliklərdən biri də partiyanın qurultaylarının əvvəlki kimi 2 ildən bir deyil 4 ildən bir keçirilməsi idi. Nizamnamə dəyişikliyində partiya başqanının yalnız 2 dəfə bu vəzifəyə seçilmək hüququ təsbit olundu. Eyni qayda digər rəhbər vəzifələrə də şamil edildi.

İsa Qəmbər səs çoxluğu ilə yenidən Müsavat Partiyasının başqanı seçilib.

MÜSAVAT PARTİYASININ BAŞQANI

İSA YUNİS OĞLU QƏMBƏR -24 fevral 1957-ci il tarixdə Bakı şəhərində anadan olub.

1974-cü ildə Bakı şəhəri 62 saylı orta məktəbi, 1979-cu ildə isə BDU-nun tarix fakültəsini bitirib. 1979-82-ci illərdə Azərbaycan EA-nın filialı olan Naxçıvan elmi mərkəzində, 1982-90-cı illərdə Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda elmi işçi vəzifələrində işləyib.

1988-1989-cu illərdə Azərbaycan Xalq Cəbhəsinin əsasını qoyanlardan və rəhbərlərindən biri olub.

1990-91-ci illərdə AXC sədrinin müavini olub. 1990-cı ildə Azərbaycanın Millət vəkili seçilib. 1991-ci ilin noyabrından 1992-ci ilin mayına qədər Azərbaycan Parlamentinin Xarici Əlaqələr Komissiyasının sədri vəzifəsində işləyib.

1991-ci ilin sonu - 1992-ci ilin əvvəllərində Müsavat Partiyasının bərpasına başçılıq edib. 1992-ci il noyabr ayında partiyanın Bərpa Qurultayında Müsavat Partiyasının Başqanı seçilib.

1995-ci və 2001-ci illərdə Müsavat Partiyasının Qurultaylarında təkrar bu vəzifəyə seçilib.

1992-ci ilin may ayında Azərbaycan Respublikası Parlamentinin sədri seçilib. 1993-cü il 13 iyunadək bu vəzifədə çalışıb.

18 may 1992-ci ildən 16 iyun 1992-ci ilədək Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edib.

1993-cü il 16 iyulda hakimiyyəti ələ almış qiyamçılar tərəfindən həbs edilib. Lakin ölkə və beynəlxalq ictimaiyyətin güclü təzyiqləri altında bir aydan sonra azadlığa buraxılıb.

1999-cu və 2001-2003-cü illərdə Azərbaycanın aparıcı siyasi partiyalarının birləşdiyi Demokratik Konqresin sədri olub.

2000-ci ildə Jurnalistlərin dostu Mükafatına layiq görülüb.

2003-cü ildə 30-dan çox partiyanın birləşdiyi “Bizim Azərbaycan” blokunun prezidentliyə namizədi olub. MSK-nın rəsmi məlumatına əsasən seçkilərdə 14% səs toplayaraq 2-ci yerə çıxıb. Lakin ATƏT, Avropa Şurası və bir çox nüfuzlu beynəlxalq qurumlar, o cümlədən, ölkə daxilindəki müstəqil ictimai- siyasi qurumlar ceçkilərin total şəkildə saxtalaşdırıldığını bəyan ediblər. Seçkiləri bilavasitə müşahidə etmiş və seçki prosesinin monitorinqini aparmış müstəqil təşkilatlar İsa Qəmbərin qələbə çaldıgını birbaşa və ya dolayısı ilə bəyan ediblər.

BAŞQANIN I MÜAVİNİ

VURĞUN ƏYYUB - 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. Filologiya elmləri namizədidir. 1992-ci ildən Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü, 1997-ci ildən partiyanın Baş katibi olub, 2001-ci ilin may ayında keçirilən 6-cı Qurultayında partiyanın nizamnaməsindəki dəyişikliyə uyğun olaraq katiblik müavinliklə əvəz olunub və V.Əyyub Müsavat başqanının 1-ci müavini təyin edilib. .

MÜAVİNLƏR

ARİF HACILI - 1962-ci ildə Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olub. İxtisasca jurnalistdir. 1992-ci ildən Müsavat Partiyasının Bərpa Mərkəzinin üzvüdür. Müsavat Partiyası başqanının əşkilat məsələlər üzrə müavinidir. Hal-hazırda 15-16 oktyabr hadisələri ilə bağlı 5 il azadlıqdan məhrum edilib.

SÜLHƏDDİN ƏKBƏR - 1960-cı ildə Şərur rayonunda anadan olub. ixtisasca həkimdir. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 1995-ci ildə Müsavat Partiyası Başqanının siyasi məsələlər üzrə müavinidir S.Əkbər həm də 1997-ci ildə Azərbaycan Atlantik Əməkdaşlıq Assosiasiyasını yaradıv və hal-hazırda onun prezidentidir.

NİYAZİ MEHDİ - 1993-cü ildən Müsavat partiyasında Konseptual məsələlər üzrə Başqan müavinidir.

İBRAHİM İBRAHİMLİ - 1952-ci ildə Babək rayonunun Zeynəddin kəndində anadan olub. İxtisasca filoloqdur. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. Müsavat Partiyasının 2001-ci ildə keçirilən qurultayında qəbul edilmiş struktur dəyişikliyindən sonra Müsavat Partiyası başqanının humanitar məsələlər üzrə müavini təyin edilib. Hal-hazırda 15-16 oktyabr hadisələri ilə bağlı 3 il azadlıqdan məhrum edilib.

MEHMAN CAVADOĞLU - 1955-ci ildə İsmayıllı rayonunun Aşağı İsmayıllı kəndində anadan olub. Müsavat Partiyası Başqanının Mətbuat və İnformasiya üzrə müavinidir

RAUF ARİFOĞLU - 1966- cı il iyulun 23-də Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. R.Arifoğlu 1996-97-ci illərdən etibarən Azərbaycan mətbuatında yeniləşmə hərəkatının öncüllərindən olub. Rəhbərlik etdiyi “Yeni Müsavat” qəzetini qısa müddət içərisində tirajına və dövriyəsinə görə ölkənin ən böyük qəzetinə çevirib. R.Arifoğlu 2001-ci ilin yayından Müsavat Başqanının müavini vəzifəsinə təyin edilib. Hal-hazırda 15-16 oktyabr hadisələri ilə bağlı 5 il azadlıqdan məhrum edilib.

QABİL HÜSEYNLİ - 1953-cü il noyabrın 10- da Azərbaycan Respublikasının Tərtər rayonunun Seydimli kəndində anadan olub. Hazırda Müsavat Partiyası başqanının ictimaiyyətlə əlaqələr üzrə müavinidir.

Müsavat Partiyası Divan üzvləri

1. İsa Qəmbər
2. Vurğun Əyyub
3. Adil Qeybulla
4. Akif Nağı
5. Arif Hacılı
6. Əsgər Əhməd
7. Fəxrəddin Bağırov
8. Hikmət Hacızadə
9. İlham İsmayıl
10. İbrahim İbrahimli
11. Mehman Cavadoğlu
12. Məleəkə Hüseynli
13. Məryəm Oruclu
14. Nəsib Nəsibli
15. Nəsiman Yaqublu
16. Niyazi Mehdi
17. Nurəddin Əhədov
18. Qabil Hüseynli
19. Qubad İbadoğlu
20. Rasim Musabəyov
21. Sənan Əlizadə
22. Sülhəddin Əkbər
23. Tofiq Qasımov

Müsavat Partiyasının komissiyaları

1. Demokratiya və insan haqları komissiyası- sədr:
2. Qanunvericilik və hüquq komissiyası - sədr: İsaxan Aşurov
3. İqtisadi və sosial siyasət komissiyası - sədr: Qubad İbadoğlu
4. Məcburi köçgünlərin hüquqlarının müdafiəsi komissiyası - sədr: Qalabəy Ağalarov
5. Müsavat Partiyası insan hüquqlarının müdafiəsi komissiyası - sədr: Mirbaba Babayev
6. Müsavat irsi və milli müdafiə komissiyası - sədr: Sabir Məmmədli
7. Yerli özünü idarəetmə komissiyası - sədr: Ehtiram Əliyev
8. Tibb komissiyası - sədr: Adil Qeybulla
9. Din komissiyası - sədr: Altay Göyüşov
10. Elm və texnika komissiyası - sədr: Əlisa Şükürlü
11. Təhsil komissiyası - sədr: Rafiq İsmayılov
12. Milli münasibətlər komissiyası - sədr: Rasim Musabəyov
13. Ermənistan və Azərbaycan münasibətlərinin həlli komissiyası - sədr: Rauf Səlimbəyli
14. Xarici siyasət vəmilli təhlükəsizlik məsələləri üzrə komissiya - sədr: Elxan Mehdiyev
15. Analitik mərkəz - sədr: Hikmət Hacızadə
16. Mədəniyyət komissiyası - sədr: Aypara Rüstəmova
17. Dünya Azərbaəcanlıları ilə iş komissiyası - sədr: Şövkət Tağızadə
18. Demoqrafiya komissiyası - sədr: Lətifə Həsənova

MÜSAVATIN KADRLARI

Müsavat Partiyası kadr ehtiyatlarına görə böyük nüfuzu olan bir təşkilatdır. Müsavat Partiyasında onlarla elmlər doktoru, professorlar, yüzdən çox elmlər namizədi, alimlər, həkimlər, müəllimlər, hüquqşünaslar, mühəndislər və digər sənət sahibləri vardır. Bu ziyalıların arasında bəziləri dünyanın ən tanınmış elmi, ictimai təşkilatlarının fəxri üzvü olanlar da vardır. Müsavat Partiyasının üzvlərindən bir çoxu 1992-93-cü illərdə Ə. Elçibəy iqtidarı dövründə dövlətdə yüksək vəzifələrdə çalışıblar.

Müsavatçı alimlərin bəziləri ölkəmizin ali təhsil məktəblərində mühazirələr oxuyur, böyük nüfuz sahibi kimi tanınırlar. Müsavat Partiyasının sıralarında respublikamızın tanınmış yazıçı və şairləri də ciddi fəaliyyət göstərirlər. Bu bir daha Müsavat Partiyasının böyük kadr potensialına malik olduğuna sübutdur.

Müsavat Partiyası 1995-ci il parlament seçkilərinə buraxılmayıb, 1998-ci il prezident seçkilərini baykot edib.

İştirak etdiyi növbəti seçkilərdə isə partiya böyük uğurlar qazanıb. 1999-cu il bələdiyə seçkilərində partiyanın 1500 -ə yaxın təmsilçisi bələdiyyələrə seçilib. 2000-ci il parlament seçkilərində partiya seçicilərin böyük əksəriyətinin səsini qazansa da , hakimiyyət tərəfindən parlamentə buraxılmayıb. Qeyd etmək lazımdır ki, parlament seçkiləri ərəfəsində Azərbaycanda ilk dəfə olaraq partiya daxilində , proporsional siyahını müəyyənləşdirmək üçün ilkin seçki (praymeriz) keçirilib.

2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində partiyanın başqanı, 30-a yaxın partiyanı özündə birləşdirən “ Bizim Azərbaycan” blokunun vahid namizədi İsa Qəmbər Azərbaycan seçiclərinin böyük əksəriyyətinin səsini qazanıb. Lakin hakimiyyəti qəsb etmiş qüvvələr 15-16 oktyabr hadisələrinu törədərək partiya rəhbərliyi və tərafdarlarından bir qrupunu həbs ediblər. Bu hadisələr zamanı Müsavat Partiyasının 1500 üzvü polis tərəfindən qısa müddətli saxlanılıb, 800 nəfərə inzibati cəza verilib, 70 nəfər, o cümlədən başqanın 4 müavini barəsində isə qəti-imkan tədbiri seçilib. 100-dək partiya üzvü siyasi mənsubiyyətinə görə işdən azad olunub. Partiya 10 ildən artıq məskunlaşdığı qərargahdan qanunsuz olaraq çıxarılıb.

Bütün məhdudiyyətlərə və zorakılığa baxmayaraq Müsavat Partiyası bu gün də fəaliyyətini fədakarlıqla davam etdirir.