Mübariz S. Əzimli
Qərb yaltaqlığı
Allah sənə rəhmət eləsin, Əziz Nesin!
Əziz Nesinin bir hekayəsi var. Orada böyük satirik yaltaqlığın təsnifatını verərək, onu qərb və şərq yaltaqlığı olaraq, iki qrupa ayırır və bunlardan misallar gətirərək müqayisə edir. Hekayəni oxuyan hər bir oxucu bu fərqi əyani şəkildə görür və qərb yaltaqlığının daha ağıllı və dərin olduğuna şahid olur. Söhbət varlı bir kapitalistə işçiləri və yaxın ətrafı tərəfindən yaltaqlıqdan gedir. Məsələn, bəy əfəndi siqaret çəkmək istəyəndə şərq yaltaqlığı ilə məşğul olanlar çaxmağı bəyə birinci uzatmaq üçün yarışanda, qərb yaltaqlığı ilə məşğul olan şəxs bəyin əlindən siqareti alıb atır və deyir ki, bəy, bu sizin sağlamlığınıza zərərdir, kəçməyin. Beləliklə qərb yaltağı bəyin ən yaxın adamına çevrilir...
Mən bu hekayəni, yalan olmasın, bəlkə 30-35 ildir oxumuşam. Yadımdan da çıxmışdı. Görkəmli yazıçımız, Oskar mükafatı laureatı Rüstəm İbrahimbəyov yadıma saldı. Onun son müsahibəsini oxuduqda professor Nizami Cəfərovla qoşa gəlib durdular gözümün qabağında. İki yaltaq, biri şərq yaltağı, biri qərb. Təbii ki, ağıllısı, qərb yaltaqlığı edəni Rüstəm müəllimdir, avamı, şərq yaltaqlığından o yana intellekti çatmayan da Nizami müəllim. Mahiyyətcə, mənəviyyatca bunlar iki qardaşdırlar. Anlamıram, niyə bir-birilərini məhkəməyə verirlər.
Deyəcəksiniz ki, görkəmli yazıçımızı, xalqımızın fəxrini nahaq yerə qaralayıram. Əsla! İnanın, mən yazanda insanların şəxsiyyətlərini, boy-buxunlarını unudub, onların əməllərinə baxıram. İndi də baxıram və gördüyüm odur ki, neçə aydır adı dillərdən, qəzet səhifələrindən, sitələrdən düşməyən, bəzi avam jurnalistlərimiz tərəfindən az qala dissidentə çevrilən Rüstəm müəllim adi bir yaltaqdır. Amma yox, adi yox, qərb yaltağı. Özünüz mühakimə edin: - "... Amma real fikirləşəndə, mən ancaq Mehriban Əliyevanı prezident kimi görürəm. Dünyada tanınmış adamdı, hörməti böyükdü. Dünya praktikasında da belə şeylər olub. Amerikada da Bill Klintonun həyat yoldaşı Hillari Klinton prezidentliyə namizəd idi. Indi dövlət katibi oldu. Pakistanda, Argentinada belə hal olub. Deyirlər ki, siyasət mümkün şeylərin incəsənətidir (Bu yerdə qeyd etməliyəm ki, Rüstəm müəllim dilimizi yaxşı bilmədiyinə görə belə səhvə yol verə bilər, amma müsahibə alan həmkarımız, qəzetin redaktoru bilməlidirlər ki, siyasət mümkün şeylərin incəsənəti deyil, mümkünü etmək sənətidir. İncəsənətlə sənətin fərqi, cinlə şeytanın fərqi qədər böyükdür. M.S.Ə). Real fikirləşməliyik. Real baxanda Mehriban xanım kimi namizəd ola-ola konstitusiyanı dəyişdirməyə ehtiyac yox idi...". Rəhmətliyin qızı Fizzə də bu müsahibəni alıb, sevincək "Azadlıq" (bax: http://azadliq.az/articles/866/1/) qəzetində çap edir və fəxrlə qeyd edir ki, Rüstəm müəllim hər dəfə məhz bizim qəzet vasitəsi ilə öz fikirlərini bildirir. Elə eybəcərlik də bundadır. Elə Qənimət də ona görə içəridədir. Çöldə olsaydı, belə yaltaqlıq təcəssümü yazılar "Azadlığa" ayaq açmazdı.
Amma Rüstəm müəllim təkcə quru-quru yaltaqlanmaqla qalmır, rejimə səltənəti əbədiləşdirməyin reseptini də təklif edir: - "... indiki, Heydər Əliyevin iştirakı ilə hazırlanmış konstitusiya beynəlxalq normalara uyğundur. Dəyişiklik nəyə lazımdır? Rusiyada da belə problem var idi. Putin həllini tapdı. Öz yaxın adamının prezident seçilməsinə imkan yaratdı. Özü də oldu baş nazir...". Gördüyünüz kimi, xalqın, elitanın vicdanı olmaq iddiasında olan şəxs, rejimin monarxiya quruculuğuna nəinki etiraz etmir, nəinki başqa həmkarları kimi susmur, hələ bunlara bu işi necə ustalıqla görməyin məsləhətini də verir.
Bundan sonra Rüstəm müəllimə Oskar yox, lap Nobel mükafatı da versələr, o, mənim gözümdə elə qərb yaltağı olaraq qalacaq. Moskvada oturub Azərbaycandakı rüşvətxorluğu tənqid etmək, eyni zamanda bu rüşvət piramidasının başında duran prezidenti və onun xanımını tərifləməyin adı qəhrəmanlıq deyil. Bunun adı qərb yaltaqlığıdır. Adını mən verdim, qiymətini siz verin, əziz oxucular.
Sonda onu da vurğulayım ki, Nizami müəllim primitiv şərq yaltağı olduğuna görə qorxulu deyil. Onsuz da onun dediklərini ən avam adam da yaltaqlıq kimi başa düşür və əhəmiyyət vermir. Daha qorxulusu Rüstəm müəllim kimiləridir. 5 ay bütün xalqı barmağına doladıqdan sonra Mehriban Əliyevanı bizə "yeni" prezident kimi sırıdı. Di gedin, 5 aydır bu qərb yaltağının arxasıyca sürünən, onun ağzından çıxan hər sözü quran ayəsi kimi qəbul edən həmkarlarım. Gedin Əziz Nesini bir də oxuyun. O, yaltaq deyildi.
Stokholm,
03.01.2009