Mübariz S. Əzimli

Mən də prezidentə təşəkkür etmək istəyirəm

Xahiş edirəm yazını axıra qədər oxumamış məni söyməyin!

İndi dünyanın harasında istəsən azərbaycanlı taparsan. Avropa isə Rusiyadan sonra azərbaycanlıların ikinci vətəninə dönüb. Təkcə İsveçdə Azərbaycan Respublikasından gəlmiş ("qaçmış" daha uyğun gəlir...) minlərlə insan yaşamaqdadır. Təbii ki, bunlar da azərbaycan cəmiyyətinin bir hissəsi olduqlarına görə ondan xaraktercə az fərqlənirlər. İçində hər tip insan var. Bütün bu təbii kateqoriyalar içində bir kateqoriya insanlar var ki, siyasi və ya humanitar qaçqın statusları ilə davranış xarakterləri təzad təşkil edir. Ələxsus da siyasi status alaraq Avropada azad, xoşbəxt həyat qurmuş bəzi insanlar.

Hələ 2003-cü ildə Mahir Cavadov İlham Əliyevi prezident seçilməsi münasibəti ilə təbrik edəndə bütün mühacirlərin yerinə utandım. Adama sual verərlər, siyasi qaçqın statusu alıb Avropaya sığınmağın nədir, səni vətənindən didərgin salan şəxslərə yaltaqlanmağın nə? Yaxşı ki, Avstriya miqrasiya idarəsi M.Cavadovun bu tip hərəkətlərinə məhəl qoymur. Yoxsa adamın qulağından tutub, gətirib təhvil verərdilər yaltaqlandığı prezidentə. Deyərdilər, di ged.

Amma yaltaqların sıraları siz güman edən kimi seyrək deyil. Bir M.Cavadov olsaydı nə dərdimiz. Son prezident seçkilərində prezidentə yaltaqlanmaq istəyənlər burada, Avropada da Azərbaycandakı kimi növbəyə düzülmüşdülər. Mən uşaq deyiləm. Çox avam da deyiləm. Məsələn, Azərbaycanda yaşayan, prezidentin və əyanlarının ayağının altından öpməyə hazır olan adamları başa düşürəm və çox da qınamıram. Zatən çörəkləri bundan çıxır. Çörək də ki, baha.

Amma İsveçrədə yaşayan, heç vaxt doğma vətənə qayıtmaq fikri və şansı olmayan, sağlamlıqdan başqa heç nəyə ehtiyacı olmayan Rafael Allahverdiyev onu bu ölkədən, doğma Bakısından didərgin salıb, bu gözəl şəhəri ".ikib- çevirən" (ifadə "Bakılı Oğlanlar"ındır) prezidentə yaltaqlananda bunun analitik səbəblərini dərk etmək istəyirəm, edə bilmirəm. Axı bu insan göydə Allah, yerdə İsveçrə həkimlərinin hesabına son günlərini yaşayır. Ona bu vəziyyətdə nə lazımdır, niyə ömrünün sonunda onsuz da hörmət yeri qoymadığı bakılılara özünü bir daha söydürür? Bu sualların cavabını kim bilir, mənə də yazsın.

Bu rejimin əlindən ta okeanın o tayına qaçmış Rəsul müəllim utanmamaq üçün dəvəquşu kimi başını quma basdırdı və partiyasını qabağa verdi ki, bəs biz seçkilərdə İ.Əliyevi dəstəkləyəcəyik. Allah köməyiniz olsun, dəstək də verin, çömçə də , qaşıq da. Amma mənə başa salın, görüm lideriniz niyə Vaşingtonda oturub utana-utana dəstək verir? Gəlsin, türkün sözü doğrudan-doğruya dəstək versin də. Kimi axmaq yerinə qoyub, xalqı, yoxsa özünü?

Deyək ki, bu köhnə partokratların sümüyü yaltaqlıqla bərkiyib, qozbeli qəbir düzəldər, bəs yep-yeni partiyadaşımız Elbəyi Həsənlini (heyif o addan, soyadı daha uyğundur) hansı dəftərə yazım? Adam İsveçrədə siyasi qaçqın statusu alıb, yaşayır (Bəlkə bu, İsveçrənin suyundandır, Rafael müəllim də bu ölkədə yaşayır). Yəni, bu adam bu rejimin əlindən yaxasını qurtarıb qaçıb, qaçmasaydı öldürəcəkdilər! Həmin bu "siyasi qaçqın" bu günlərdə Səlim kişinin ölümünü, dustaq qardaşların bir həftəlik yas mərasiminə qatılmasını bəhanə edərək "Prezidentə təşəkkür!" (http://www.musavat.com/site/?name=yazar&news_id=43882&yid=27) adlı köşə yazısı yazıb. Amma yazının içi adından da abırsızdır. Mahiyyəti isə təxribat xarakteri daşıyır. Yox, elə bilməyin hakimiyyətə qarşı təxribat edib, onu bu ölkədən didərgin salmış rejimdən acığını çıxır. Təxribatın hədəfi azərbaycan jurnalistləri, müxalifəti, cəmiyyətdir. Gəlin yazıya göz gəzdirək:

- "Şübhəsiz ki, milli dəyərlərimizə söykənən bu xoşməramlı jestin arxasında cənab İlham Əliyev dayanır. " Düz sözə nə deyəsən. Amma bu "şübhəsiz" və "arxasında" sözləri ilə ehtiyatlı olmaq lazımdır. Sizin bu "şübhəsiz" məntiqinizdən təhlükəli nəticələr çıxır axı. Nə demək istəyirsiniz, vətənimizdə hər bir əməlin arxasında İ.Əliyev dayanır? Belə olduqda, Elmarın qətlə yetirilməsinin də, üç seçmə jurnalistimizin həbs olunmasının da, bir sıra jurnalistlərə olmazın işgəncələr verilməsinin də, başdan axıra gədər oxuduğum yeganə qəzetlər olan "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaycan"nın kökünün qazılmasının da, azərbaycan xalqının qullar və ağalar kastalarına bölünməsinin də, xalqın yarısının baş götürüb bu ölkədən qaçmasının da ... arxasında sizin cənab İlham Əliyev dayanır???

- "İ.Əliyevin lazım biləndə qarşı tərəfə xoş münasibət sərgiləməyi bacardığını" bildirən müəllif görəsən özünə sual vermir ki, onun cənab prezidenti niyə bu LAZIM müəllimi birdəfəlik çağırmır Azərbaycana, gəlib bütün problemlərimizi həll etsin? Əvvəllər Qarabağı azad etmək üçün çağıracağını desə də, çağırmadı. İndi isə ümumiyyətlə onun adını çəkmir.

- "Onsuz da hansısa məhbusun əfvi ölkədə elə bir siyasi fəallığa səbəb olmayacaq. Yəni iqtidar üçün hec bir təhlükə törətməyən adamları həbsdə saxlamağa dəyərmi? Əminəm ki, yox." Bax, burada yazının təxribat hissəsi başlayır! Elbəyi bəy, siz bu üç cümlədə üç təxribata yol vermisiniz. Əvvəla sözügedən məhbuslar "hansısa" deyil, ikincisi barıt çəlləyini xatırladan ölkədə o "hansısa" adı altında aşağılamaq istədiyiniz jurnalistlərdən biri kifayətdir ki, bu çəllək partlasın, üçüncüsü niyə bu rejimin sabitliyinə, təhlükəsizliyinə bu qədər əminsiniz? Sizin dilinizdən bu, faktdan çox arzu kimi səslənir. Siz demək istəyirsiniz ki, kimin hakimiyyət üçün nə qədər təhlükə yaratdığını rejimin başbilənlərindən yaxşı bilirsiniz? Əslində isə rejimin jurnalist həmkarlarımıza verdiyi həbs müddətləri onların rejimə potensial təhlükələri ilə adekvatdır. Eynullaya kəsdikləri 8,5 il də. Deməli ondan bu qədər qorxurlar!!! Rejim özü onların qiymətini verib. Siz bu məntiqiniz ilə onları gözdən salmağa çalışmayın. Yoxsa siz insanpərvərlik göstərib, onların azadlığa çıxmasına bu yolla kömək etmək istəyirsiniz? Bu rejimə belə mənasız jestlər etməyə ehtiyac varmı? Bunu o jurnalistlərin özləri edirmi? Bu rejim onlara əfv ərizəsi yazdıra bildimi?

- "Bu kimi addımlar cənab prezidentin xalq arasındakı nüfuzuna müsbət çalarlar gətirir." Bu yerdə satira və yumor hissimi boğa bilmirəm. Sizin cənab prezidentiniz mənim yaddaşımda 16 oktyabr 2003-cü ildən bu yana əli dəyənəkli və qalxanlı, başı dəbilqəli, məni Azadlıq Meydanında qabağına qatıb qovan, qarşısına çıxan hər kəsi böyük-kiçiyə, qadın-gəlinə baxmadan vuran, əzən, gözünü qan (və ya pul) tutmuş qaba polis obrazında qalıb. Siz bu obraza "müsbət çalarlar" gətirə bilsəniz, David Copperfield sənətindən imtina edib təqaüdə çıxar.

- "Son olaraq, cənab prezidentə xoşməramlı jestinə görə bir daha təşəkkür edirəm." Bir olan Allaha and olsun ki, mən də sizin cənab prezidentinizə təşəkkür etmək istəyirəm. Hətta onunla dost-qardaş olmağa da hazıram. Amma bunun üçün səbəb tapa bilmirəm. Hər gün iqtidar qəzetlərini eşib-axtarıram ki, bir səbəb tapım, tapa bilmirəm. Bir müxalifət qəzeti olan "Yeni Müsavat"da sizin yazını tapdım, bu da belə, fıs çıxdı.

Global iqtisadi böhranın gücləndiyi, neftin, yəni rejimin pul kisəsinin qiymətinin heçə endiyi bir zamanda bu adamların bu rejimə yarınmaqları A.Mütəllibovun QKÇP-nin son günü ona təbrik teleqramı göndərməsinə bənzəyir. Bəylər, müəllimlər, yoldaşlar, bu rejimin sahibləri hazırkı böhranın nəticəsində onsuz da bankrot olub bir-birilərini didəcəklər. Bunlardan nəsə umursunuzsa, əbəs yerə özünüzü biabır etməyin. Bu gedişlə bir azdan bunlar özləri sizdən xərclik istəyəcəklər. Bir də ki, siz bunların pula pul demədiyi vaxtlarda hansısa yarınana sümük atdıqlarını gördünüzmü?

Bir kəlmə də dünən seçkiləri boykot edib qurulacaq höküməti qeyri-legitim elan edən, bu gün həmin hökümətə xahiş və minnətdarlıqla müraciət edənlər haqqında. Cənablar, bu parodoksu bizə də izah edin, biz də bilək. Bəlkə bu da dərin taktiki gedişdir? Yoxsa bunu da dahi strateq Pənah bəy irəli sürüb. 20 ildir bu dərin taktiki gedişləri edə-edə gedirik, amma girdiyimiz tunelin axırında işıq görünmür ki, görünmür. Bəlkə mən görmürəm, siz görürsünüz? Allah eşqinə, mənə də göstərin.

Beləliklə prezidentə təşəkkür edə bilmədim. Arzum ürəyimdə qaldı. Deyirəm, təşəkkür edə bilmirəm, heç olmazsa bir təklif verim. Təklif edirəm, dünyaya səpələnmiş, prezidentin gündəyməz yerindən öpmək üçün boyunları uzanıqlı qalmış onlarca "siyasi qaçqın" Yeni Azərbaycana dəvət olunsun. Qoy yaxın olsunlar, öpmək üçün boyunlarını uzatmağa ehtiyac olmasın. Yeni müxalifət istəmirsiniz? Bu da sizə yeni müxalifət, formalaşdırın da (Öz aramızdı, təklif üçün mənə qonorar düşür). Sonra da müxalifətlə dialoqa gedirik deyib, bunlardan birini rus çarının Bakıdakı canişini R.Mehdiyevin yerinə, birini vəzifəsinin nədən ibarət olduğunu özü də bilməyən A.Rəsizadənin yerinə, birini hansı millətin xarici işlər naziri olduğu məlum olmayan E.Məmmədyavun yerinə, birini də MDB-nin Azərbaycandakı hərbi attaşesi S.Əbiyevin yerinə qoyarsız. Bu "siyasi qaçqın"lar da razı qalar, siz də, biz də. Bəli, bəli biz də. Buraların havası bir az təmizlənər.

Stokholm,

15.12.2008

www.musavatisvec.com

ANA SƏHIFƏYƏ DÖN