Mübariz S. Əzimli
Madam Pompadur
XVIII əsr Fransasından XXI əsr Yeni Azərbaycanına səyahət
Madam
Pompadur, adı tarixə düşmüş azsaylı
qadınlardandır. O, nəinki tarixə düşmüş, hətta
18-ci əsrin tarixinə təsir göstərmiş şəxslərdəndir.
1745-ci ildə Fransız kralı XV Lüdoviq Janna Antuanettanı rəsmi
sevgilisi elan edərək, ona markiza
de Pompadur titulunu verir və bu xanım ömrünün sonuna - 1764-cü ilə
qədər birinci ledi mövqeyini əldən vermir. Madam Pompadur
haqqında çox yazılıb, çox danışılıb. Deyilənlərə
görə, o, XV Lüdoviq üzərindəki tam hakimiyyətindən
istifadə edərək, dövlət işlərində
yaxından iştirak edirmiş. "Bizdən sonra qoy dünya dağılsın!"
ifadəsinin müəllifi olam madam, rəvayətə görə
bir gün kütlənin sarayın qapısına
yığışdığını görüb bu adamların nə
istədiyini soruşur və cavab alır ki, xalq çörək istəyir.
Təcüblənən madam Pompadur - "məgər çörək
yoxdur?" deyə soruşur. Cavab verirlər ki, "xeyr,
yoxdur". Keyfini pozmayan madam "çörək yoxdur qoğal yesinlər"
deyir...
Madam Pompadurun "Bizdən sonra qoy dünya dağılsın!" və "Çörək yoxdur qoğal yesinlər" ifadələri tez-tez yadıma düşür. Ona görə yox ki, bunlar misilsiz müdrik və ya sərsəm fikirlərdir, ona görə ki, XXI əsrin Yeni Azərbaycanında hər gün, hər saat elə hadisələr baş verir ki, bu iki ifadə və onların harınlamış müəllifi gəlib durur gözümün qarşısında.
Qəzetlərin yazdığına görə
bu günlərdə Bakıda keçirilən II Beynəlxalq
Rostrapoviç Festivalı çərçivəsində "Böyük bakılı"
kitabının təqdimat mərasimi keçirilib. Heydər
Əliyev Fondunun dəstəyi ilə ingilis və rus dillərində
nəşr olunan kitabın müəllifi fondun prezidenti Mehriban xanım
Əliyevadır. Diqqət edirsinizsə, kitab azərbaycan türkcəsindən
başqa hər dildə çap olunub. Düz də ediblər.
Öz Bakıları, öz Böyükləri, öz dilləri. Bir sözlə,
öz əlləri, öz başları. Bu xəbəri oxuyana qədər
şəxsən mən elə bilirdim ən böyük bakılı
M.Rəsulzadədir. Demə yanılırmışam, Rostrapoviç
imiş. Ümummilli liderimiz demiş - "Neyləyib o Rəsulzadə?"
Yenə də mətbuatın yazdığına görə, son üç ildə Azərbaycanda 1300 yeni məktəb binası tikilərək istifadəyə verilib. Bu barədə Bakıda keçirilən Dünya Gənclərinin 4-cü Məşğulluq Sammitindəki çıxışında Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva bildirib. Mehriban Əliyeva qeyd edib ki, yeni inşa olunan bütün məktəblərin kompüterləşdirilməsi prosesi başa çatıb. O, Azərbaycan hökumətinin tələbələri həvəsləndirmək üçün onlara təqaüdlər verdiyini də diqqətə çatdırıb: “Bu gün intellektual proqramların həyata keçirilməsinə ehtiyac duyulur. Hazırda Azərbaycan hökuməti gənclərin məşğulluğunu neft strategiyasının əsası hesab edir. Bu istiqamətdə işlər aparılır”.
Yəni,
sadə dilə çevirsək, çörək tapmırsınızsa
qoğal yeyin. Bu gənclərin atalarına, analarına iş
vermişik. Yox, o "işdən" yox, o "iş" öz
yerində. O "işi" hamıya vermirik. O
"işi" ancaq artıq-əskik danışan vətəndaşlarımıza
veririk. Məsələn Zahidovların 9 uşağının
atalarına. Qoy böyüsünlər, uşaqlarına da çatar. Söhbət
məşğulluqdan gedir. Biz bu uşaqların
atalarını Rusiya, Ukrayna, Qazaxıstana işləməyə
göndərmişik, analarını isə Dubay, İran, Türkiyə,
Pakistan və s. kimi inkişaf etmiş ölkələrə ezam
etmişik ki, bu ölkələrin vətəndaşları ilə
birbaşa ünsiyyətə girib, xalqımıza dünyanın hər
yerində yeni-yeni dostlar (qohumlar da demək olar)
qazandırsınlar. İndi də uşaqlarına bizim madam
Pompadur iş yerləri yaradır, özü də intellektual iş!
Kompüterləşdirmə məsələsini oxuyanda madam
Pompadurla yanaşı nədənsə Ə.Vəzirov da gəldi
durdu gözümün qabağında. Heç bilmədim niyə.
Analardan söhbət açılmışkən, onların hamısını adı çəkilən inkişaf etmiş ölkələrə ezam edə bilməmişik. Bir hissəsi hələ burdadır. Bizim madam Pompadurun Qadınların III Qurultayında verdiyi məlumata görə "Ölkənin ictimai-siyasi, soial-iqtisadi, mədəni həyatında qadınların rolu gündən-günə artır, dövlət strukturlarında çalışanların 40 faizini qadınlar təşkil edir". Düzü, bu günə qədər mən elə bilirdim, bu strukturlarda qadınlar kişilərdən çoxdur. Çünki, irili-xırdalı hər məmurun 1-2 "katibəsi" var. Belə çıxır ki, bu "katibələrin" bir hissəsi ştatdankənar imiş.
Birinci ledi bəzi problemlərə də toxunub: «Məlumat verib ki, ölkənin bütün internat məktəblərində uşaqların sayı çox sürətlə artır. Aparılan sorğular zamanı məlum olur ki, internat məktəblərinə verilən uşaqların böyük əksəriyyətinin valideynləri var, valideynlərin ya hər ikisi, ya da biri sağdır. Amma onlar uşaqları analıq, atalıq qayğısından məhrum edir, onları internata verməklə öz işlərini bitmiş hesab edirlər. Mehriban xanım bu məsələdən böyük narahatçılıq keçirdiyini bildirib. Deyib ki, heç bir internat məktəbi uşağa onun ailəsindən, valideynlərindən çox qayğı göstərə bilməz. Ona görə də hər bir valideyn öz övladına lazım olan münasibəti göstərməlidir»... Bu yerdə mən necə madam Pompaduru yada salmayım!? Necə də gözəl deyib - "Çörək yoxdur qoğal yesinlər".
XVIII əsrin madamı xalqın
acından sarayın qapısına
yığışdığını, çörək tapmadığını
dərk edə bilmirdi. Ona görə də
Fransanı iflasın astanasına gətirdi və "Bizdən
sonra qoy dünya dağılsın!" deyib 43 yaşında vərəmdən
öldü və dünya yox, Fransa həqiqətən dağıldı.
XXI əsrin madamı uşağını internat məktəbinə verən diri valideynin YAPARTEİD siyasətinin qurbanı olduğunu, gözünün bəbəyi, canı, ciyərparəsi evladını internat məktəbinə atıb çörək dalınca qul barazlarına, yad ellərə, yad əllərə getmək məcburiyyətində qaldığını dərk etmir. Madam, sizdən sonra dünya dağılmayacaq, amma sizdən sonra sizin qurduğunuz bu insanlıq zindanı mütləq dağılacaq. Hər yerdə gözümüzə soxduğunuz heykəllər də, misir piramidaları boyda şəkillər də dağılacaq. Və xalq çörək də tapacaq, qoğal da yeyəcək.
Stokholm
09.12.2008