Mübariz S. Əzimli

Aktual yuxu

Və ya ilahi xəbərdarlıq

 

İstəyirsiz inanın, istəmirsiz inanmayın, amma bu, həqiqətən yuxu idi. Nə qədər aktual olsa da, yuxu idi. Məncə bu yuxunun aktuallığının iki əsas səbəbi var - birincisi, şəxsən mənim mənəvi-psixoloji durumum, ikincisi, yəqin bizi yaradan da artıq bizim əməllərimizdən bezib, və bu vasitələrlə bizə xəbərdarlıq edir. Sözü uzatmadan gördüklərimi olduğu kimi nəql edirəm. İlahidən gələn yuxu olduğuna görə ixtisar və özünüsenzuraya cürət etmirəm:

"Yuxudan adət etmədiyim səs-küyə ayıldım. Mən Stokholmun çox sakit məhəllələrindən birində oluram. Bura çox sakit, hətta darıxdırıcı sakit bir rayondur. Amma indi bir uğultu səsinə ayıldım. Hələ gözlərimi açmamış hiss etdim ki, otaq alışılmamış dərəcədə işıqlıdır. Düzü, gözümü açmağa qorxdum. Düşündüm ki, bu yuxudur. Amma bir müddət özümü yuxuluğa vurmağıma baxmayaraq, nə uğultu kəsildi, nə də qapalı gözlərimi deşən işıq azaldı. Belə olduqda, yavaş-yavaş gözlərimi açmaq istədim. İşığın gücündən bir anlıq kor oldumsa da, yavaş-yavaş gözlərim işığa alışdı və anladım ki, bu işıq pəncərədən düşür. Stokholmda günəşli günlər çox olur, amma ilin bu fəslində belə günəş ola bilməzdi. Hətta işığın rəngi də fərqli idi - günəş işığından xeyli soyuq idi. Səs isə kəsilmirdi. Fizikadan, astronomiyadan bir az anlayışı olan adam kimi, bir anlığa beynimdəm ildırım sürəti ilə cürbəcür versiyalar keçdi - bu ya nüvə partlayışıdır, ya Günəşdə partlayış olub, ya özgə planetdən gələnlərdir... Yerimdən qalxıb pəncərəyə yaxınlaşmaq istəyəndə hiss etdim ki, ayağım yerə dəymir, elə bil ki, uçuram. Məni vahimə bürüdü. Artıq aydın idi ki, bu, yuxu deyil. Amma baş verənlər yuxudan da bətər idi. Pəncərədən boylananda işığın gücündən yenidən bir anlıq kor oldum, gözlərim qaraldı, sonra yavaş-yavaş açıldı. İşıq yenə həmin işıq idi, amma daha gözlərimi qamaşdırmırdı. Pəncərədən boylananda alışdığım gözəl mənzərəni görmədim, tamam başqa mənzərə açılırdı. Yenidən bir anlıq tərəddüd keçirdim, "yəqin yuxudur bu" düşümdüm. Çünki, bayırda alışmadığım, görmədiyim, təsəvvür etmədiyim bir mənzərə açılırdı. Ən başlıcası, göy, yəni səma yox idi, elə bil nəhəng bir kürənin içində idi hər şey! Hər şey deyəndə ki, burada milyonlarla insan, heyvan, quş nəyinsə ətrafına fırlanırdı. Başqa bir şey, alışdığım evlər, binalar və s. yox idi. Özümdən asılı olmayaraq istədim mən də onlara qatılım və qəribə də olsa şüşədən keçib çıxdım çölə. Dönüb təcüblə geri baxanda təcübüm bir az da gücləndi, arxada ev-zad yox idi. Elə bil axın məni də özüylə aparırdı. Sağa-sola boylanaraq bir tanış adam axtarırdım ki, nə baş verdiyini soruşum. Elə bil fikrimi kimsə oxudu. Qulağıma "Qiyamət günüdür, görmürsən!?" deyə bir səs gəldi. Amma bu səs ətrafımdakı adamların səsi deyildi, tamam ayrı cür səslənirdi, elə bil hardansa ənginlikdən gəlirdi. "Qiyamət günü" sözünü eşitdikdə özümü günahsız bir adam hesab etdiyimə görə bir az sakitləşdim. Düşündüm ki, itirəcəyim bir şey yoxdur. Əksinə, bəlkə itirdiyim, mənə əziz olan insanları tapdım. Elə bu düşüncələrlə ora-bura boylanırdım ki, axın məni çərxi-fələyin mərkəzinə gətirdi və nəzərimi ortada bir kürsü cəlb etdi. Ağ buludlara bənzəyən kürsüdə 5-10 nəfər oturmuşdu, kürsünün qarşısında isə bir nəfər ayaq üstdə durmuşdu. Bir nəfər deyəndə ki, bu "bir nəfər" bizlərdən biri deyildi. Boy-buxunu, üz-gözü də düz-əməlli görünmürdü. Bayaqdan gözümü kor edən işıq da bu adamdan yayılırdı. Beynimdə "Bu kimdir belə?" sualı ilə, "Zamanın Sahibidir!" cavabı eyni vaxtda səsləndi. Düzü bunu eşidəndə tüklərim ürpəşdi. Uşaqlıqdan eşitdiyim "Sahibi Zaman" idi bu. İxtiyarsız olaraq, kürsüdə oturanlara göz gəzdirdim ki, görüm güvənə biləcəyim kim var. Baxdım ki, elə hamısı tanıdığım adamlardır - ortada Attila, bir tərəfində Mustafa Kamal, bir tərəfində Cövhər Dudayev, bir tərəfdə Rəsulzadə ilə Elçibəy, o biri tərəfdə də Elmarla Eynulla çiyin-çiyinə oturublar. Kürsüyə yaxınlaşanda az qaldı sevincdən ürəyim partlasın - Atam da burdaydı! Qollarımı açıb "Kişi, (sağlığında onu belə çağırırdım) mən burdayam!" dedim və özümü axından ayırıb Atama tərəf getmək istədim. Amma axın məni bir az da sürətlə irəli apardı. Atam qəmli-qəmli gülümsəyərək, "Mənim balam,... Allah köməyin olsun" dedi. Əllərim Atama sarı uzanıqlı qaldı. Nə qədər cəhd etdimsə, axından ayrıla bilmədim. Gözlərim doldu. Ağlamağı bacarmıram, amma içim hönkür-hönkür ağlayırdı. Boğazımı qubar tutmuşdu, boğulurdum...

Özümə gəldikdə tamam başqa, nisbətən qaranlıq yerdə olduğumu gördüm. Səs-küy isə burda daha artıq idi. Elə bil axından da çıxmışdım. Böyük bir toplumun nəyinsə ətrafına yığıldığını gördüm. Bir çoxları da tanış-biliş idi. Ümumiyyətlə, son illər alışmadığım bir toplum idi - hamısı azərbaycanlı. Adamların arasından keçib irəli çıxdım. Ortada bir meydan vardı. Meydanın da ortasında böyük bir quyu. Ehtiyatla irəliləyib qaranlıq quyunun içinə boylandım. Gördüklərimin təsüratından beynimdə müxtəlif suallar sürətlə bir-birini əvəz etdi... və sormağa macal tapmadığım suallara cavablar qulaqlarımda cingildədi: "Görmürsən günah quyusudur?", "Sənə kim deyib ki, günahkarlar odda yandırılacaq?!", "Çirkab sularıdır, görmürsən?"... Bir addım da irəli gedib ehtiyatla quyuya göz gəzdirdim. Düzü, orda gördüklərim məni təcübləndirmədi - Elçibəydən əvvəl və sonra gəlib-gedən rəhbərlər idi orda. Amma hamısı eyni dərəcədə batmamışdı çirkaba, kimisi topuğa qədər, kimisi qurşağa, kimisi boğaza qədər. Elə bu fərqin cavabını düşünürdüm ki, cavab qulaqlarımı deşdi - "Günahlarının qədərincədir!". Baxdım ki, təqribən mənim mühakimələrimlə uyğun gəlir. Bircə Heydər Əliyev burada yox idi. Bu fikir beynimdə gəzdi, gəzdi, amma artıq alışdığım cavab mexanizmi işə düşmədi. Birdən sakit, yorğun bir səs gəldi -"Onun məsələsinə ayrıca baxılacaq". İxtiyarsız olaraq ağzımdan "niyə?" çıxdı. ... - "Bu, qəliz məsələdir... İki kəlmə ilə deyiləsi deyil... Onu biz özümüz göndərmişdik... İbrət üçün... Demə... Şeytana işləyirmiş..." deyə, fasiləli kor-peşman səslər gəldi.

Beynimi sökən suallardan azad olub ətrafa boylandıqda kimi görsəm yaxşıdır, Siyavuş Novruzovu! Qan-tər içində çirkab daşıyıb quyuya tökür! Yanımdan keçəndə üfunətli cəmdəyi mənə toxunmasın deyə bir az geri çəkilib, "əəə qoduq, ordakı sənin ağan deyil?" deyə bağırdım. - "İndi daha ağa deyil", deyərək dişlərini ağartdı və əlindəki çirkabı düz ağasının başına tökdü. Doğrusu, ürəyim ağrıdı. Həm insanların bu qədər naqis olduqlarına, həm də quyudakının vəziyyətinə. Beynimdə "Haqq-ədalət budurmu?" sualı baş qaldırdı, cavab gələcəyini gözləyərək sağa-sola boylandım. Cavabın gəlmədiyini görüncə, bir az da cürətlənib, "Haqq-ədalət budurmu?" deyə bağırdım. Onda gördüm ki, yanımda duran bir "qədeş" qolumdan tutaraq silkələdi - "Ala, nə ədalət-mədalət salmısan, ala! Bu ...lar bizi ədalətlə ...lər? Biz də bunları belə!". Bunu eşidən üç-dörd cavan da bu qədeşə qoşuldu - "Nə deyir ala, bu? Bu ...ların müdafiəsinə durur? Nə deyisən, ala?" deyib üstümə gəldilər. Vəziyyəti belə görüb anladım ki, bu, Haqq yox, Xalq məhkəməsidir. Bir tərəfdən də anlayırdım ki, bu, bu xalqın haqqıdır, qoy mühakiməsini etsin. Aranı sakitləşdirmək üçün "heç nə qədeş, başa düşdüm" dedim. Qədeşlər də "başa düşdüyümü" görüb sakitləşdilər. "Aranın toz" olduğunu nəzərə alaraq, burdan uzaqlaşmağa qərar verdim.

Amma uzağa gedə bilmədim. Bir az geri çəkildikdə bu tərəfdə də bir-neçə yığıncağın olduğunun şahidi oldum. Baxdım ki, burada elə o quyudakıların məhkəməsi gedir və onların hər biri həm də burdadır - müttəhim kürsüsünə bənzəyən qara buludun üstündə. Məhkəmələrə uzaqdan göz gəzdirib hansına yaxınlaşmaq barədə düşünürdüm ki, hansısa qüvvə qolumdan tutub çəkdi və gəlib çıxdım Ramiz Mehdiyevin məhkəməsinə. Ramiz müəllim öz yerində rahat oturmuşdu. Həmişəki kimi qaşqabaqlı və təkəbbürlü idi. Amma bir az yorğun görünürdü. Hakim də kim olsa yaxşıdır, Südabə Həsənova! Amma indi Ramiz müəllimə yaltaq-yaltaq baxmırdı. "Yuxarıdan aşağı" baxırdı. Haqq, daha doğrusu Xalq ittihamçısı da bizim Pənah bəy, yəni Hüseynov. Ürəyimdən keçdi ki, əsl Tofiq bəyin, yəni Qasımovun yeridir. O saat da cavab gəldi ki, "O məşğuldur,... Heydərin məhkəməsində..." Anladım ki, söhbət Əliyevdən gedir. Ürəyimdə "okey" deyib, bir az yaxına getdim. Mən bura çatanda ittihamçı artıq sözünü yekunlaşdırırdı - "...mən onları günahkar bilirəm, amma ən böyük günahkar müttəhim Mehdiyevdir, çünki, bütün işləri qarışdıran, xüsusən də gənc Əliyevin dövründə, bu idi. Mən həbsdən çıxıb Heydər müəllimlə görüşdüm. O, "aramıza düşmənçilik salan bu Ramizdir" dedi. Mən o zaman ona inandım. Düzdür, o da sözünün üstündə durmadı, amma mən günahı yenə bu şəxsdə görürəm. Ələkçinin qıl verəni bu idi", deyə sözünü xalq məsəli ilə bitirdi və üz-gözünü turşudaraq, sakitcə əlavə etdi - "verək bunu Mahir Cavadovun öhtəsinə, bu halda ona heç bir cəza təyin etməyə ehtiyac olmayacaq". Bunu deyib, nədənsə bic-bic güldü. Onun son sözünü eşidən Ramiz müəllim elə bil yuxudan ayıldı - "mən haqq-ədalət tələb edirəm, mənə iş kəsin, qanuni yolla..." Amma nə onun sözünü eşidən oldu, nə də məhəl qoyan. Kütlə "Urraaaa!" deyə bağırırdı. Fikirləşdim ki, bu boyda kütlənin içində bu ağsaqqal adama rəhmi gələn bir adam tapılmırsa, deməli... elə cəzasıdır, qoy çəksin. Hakim isə xalqın "damarını tutaraq" - "Xalq ittihamçısının sözü Haqqın sözüdür!" deyib qələmini sındırdı və hər tikəsini bir əlinə alıb əllərini yuxarı qaldırdı. Bunu görən kütlə yenidən "Urraaaa!, Sü-da-bə, Sü-da-bə" deyə bağırdı.

İkili təsüratlar beynimi sökürdü. Bir tərəfdən haqqın öz yerini aldığını anlayır, digər tərəfdən Haqq ədalətinin bu şəkildə təzahür etməsi ilə razılaşa bilmirdim. Kütlənin içində fikirli-fikirli dolaşır, "Məhkəmələrin hamısı bu şəkildə olacaqsa... bu, Haqq məhkəməsi deyil"- deyə düşünürdüm. Artıq məni heç nə maraqlandırmırdı. Ürəyim sıxılırdı. Gördüklərim sanki 1989-cu ilin Sumqayıt hadisələrini xatırladırdı. Zatı bilinməyən gədələrin adamları saxlayıb sənəd tələb etməsi, erməni olmadığını sübut etməyi tələb etməsi, "fındıq" sözünü dedirtməsi... Bu eybəcərliklərin canlı şahidi olduğuma görə içimdə bir ümidsizlik yarandı. "Orda da nadanlıq, burda da?" - deyə düşündüm. Artıq bu məhkəmələrdəkilərin taleyindən çox öz taleyimi düşünməyə başlamışdım. Bayaqkı qədeşlərlə birtəhər dil tapmışdım, bunlar təmiz uşaqlar idi, sadəcə, bir az avam, bir az da qəzəbli idilər. Bəs Sumqayıtda gördüyüm nacinslərin əlinə düşsəm, onda necə? Mən onların səviyyəsinə enə bilmərəm ki! Deməli ayaqlıyacaqlar!...

Başımı itirmiş halda hara, nə üçün getdiyimi özüm də bilmədən irəliləyirdim. Bir də onda ayıldım ki, böyük, dərin bir quyunun qarşısındayam. Fikirli-fikirli bir addım da atsaydım düz quyunun içinə düşəcəkdim. Amma son addımı atmadım. "Yaxşı ki, vaxtında durdum!" düşünərək bir quyunun içinə, bir də ətrafa baxdım. Dərin, qaranlıq bir quyu idi. İçində də nəsə ilan-qurbağaya oxşar şeylər tərpəşirdi. Məni soyuq tər basdı. Ətrafda heç kimin olmamasını yaxşı əlamət hesab edərək, özümü sakitləşdirməyə çalışırdım. Bu vaxt arxada kiminsə nəfəsini hiss etdim. Elə bil ürəyim ayaqlarımın altına düşdü, bütün cismim boşaldı. İxtiyarsız arxaya tərəf dönmək istədim. Nəfəsini boynumun ardında hiss etdiyim adam mənə o qədər yaxın durmuşdu ki, donməyə imkanım yox idi. Donmək üçün gərək irəli bir addım ataydım, amma irəli quyu idi. Başımı ehtiyatla döndərib bu adamın üzünə baxdım. Bu, Hikmət idi. Gözləri hədəqədən çıxana qədər bərəlmişdi. Üzündə iyrənc bir zəfər ifadəsi vardı. Ehmalca kürəyimdən itələdi. Çevrilib ondan yapışmaq istədikdə bir addım geri çəkildi və quyruğunu yelləyə-yelləyə dönüb getdi. Onun quyruğunu gördükdə daha çox heyrətləndim və dəhşətə gəldim, nəinki quyunun içinə düşməyimə. Bu, 5-ci sinifdən 10-cu sinfə qədər bir sinifdə oxuduğum Hikmət idi, Əliyev Hikmət. Bir anlıq bu adamla bağlı köhnə xatirələrim film kimi beynimdən keçdi - biz, Sona xanımın məktəbi kimi tanınan 190 N-li məkdəbdə bir sinifdə oxuyurduq. Evlərimiz də bir istiqamətdə idi, o Verxnagornıda, mən Vidadidə. Məktəbdən qayıdanda yol yoldaşı olurduq. Yol boyu da tarixdən, siyasətdən söhbətlər edirdik. 1971-ci il idi. 10-cu sinifdə oxuyurduq. Bir gün sinif rəhbərimiz olan, Sıç soyadlı rus dili müəlliməmiz bizi akt zalına yığaraq mənə qarşı "naçionalist, antikommunist, antisovetçik" idiası irəli sürdü. Bəyan etdi ki, Hikmət Əliyev mənə onun fikirlərinin hamısını danışıb. Hikmət deyir ki, o, bu sözləri hamının yanında danışır, uşaqların içində millətçi, antisovet təbliğat aparır. Biz, onu ifşa etməli və lazımi yerlərə məlumat verməliyik. Sonra Hikmət söz aldı və üzümə durdu ki, bəlkə yalan deyirəm, elə olmayıb?... Mən çox-çox sonralar, ali məktəbi, akademiyanı, akademikləri gördükdən sonra anladım ki, həqiqətən akademik bir məktəbdə oxumuşam. Mən nə ali təhsil almağa başladığım Politexnik İnstitutunda, nə təhsilimi davam etdirdiyim, dərs dediyim İnşaat İnstitutunda, nə Elmlər Akademiyasında orta məktəbdə gördüyüm akademik səviyyəni görmədim. Bu mərtəbələrə qalxdıqca sevimli məktəbimin qiymətini daha artıq anladım və belə bir məktəbi bitirdiyimə görə fəxr etdim. Uzun sözün qısası, gözünə döndüyüm sinif yoldaşlarım Hikməti də, rus şovinisti olan sinif rəhbərini də qara yuyub, ağ sərdilər. Mənə işarə etdilər ki, de belə şey olmayıb. Hikmətin üzünə tüpürdülər, "biz heç vaxt Mübarizdən belə fikirlər eşitməmişik" dedilər. Hüseyn Arifin oğlu Arif isə onların ikisinə də meydan oxudu, "qorxma Mübariz, ikisi də qələt eliyir" - dedi və beləliklə bu "məhkəmə" iflasa uğradı. Hikmət sonralar tətbiqi riyaziyyat üzrə aspiranturaya, Kiyevə getdi,... və 5 ildən sonra Azərbaycana molla cübbəsində qayıtdı. Qayıdan kimi də Allahşükürün müavini və Bibi Heybətin axundu oldu!...

Mən quyuya əvvəlcə yüngülcə, elə bil uçaraq düşməyə başladım, sonra daş kimi getdim quyunun dibinə"

Yatağıma daş kimi düşürmüş kimi yuxudan ayıldım. Məni soyuq tər basmışdı. Bədənim buz kimi idi. Tərpənməyə taqətim yoxdu. Gözümü açıb otağa göz gəzdirdim. Hər şey həmişəki kimi idi. Mən yuxu görürmüşəm. Bütün bunların yuxu olduğunu anladıqdan sonra ixtiyarsız gözlərimi yummaq istədim və birdən yatıb bu dəhşətin ardını görərəm düşünərək diksindim. Səhərə qədər gözümü qırpmadan uzandım və gördüklərim haqda düşündüm. Düşündüm ki, necə olur, bu dünyada şeytana xidmət edənlər o dünyada da meydan sulayır!? Mənim nə qədər günahım var ki, taleimi yaramaz Hikmətə tapşırmışdılar? Neçə gündür bu suallara cavab axtara-axtara havalı adamlar kimi gəzirəm, özümə yer tapa bilmirəm. Bir şeyə sevinirəm ki, nə yaxşı ki, bunlar yuxuymuş və nə yaxşı ki, günahlarımın bir qismini yumaq üçün hələ bir qədər vaxtım var.

Stokholm

23.11.2008

 

Ana səhifəyə dön