Ermənistanda hakim koalisiyada
təmsil olunan Daşnaksütun partiyası Moskvada Dağlıq
Qarabağ münaqişəsinə dair danışıqların
başladığı bir vaxtda Azərbaycana qarşı
təcavüzkar və həyasız bəyanatla çıxış
edib. Armenia Today saytının xəbərinə görə,
bu partiyadan deputat, parlamentin vitse-spikeri Qrayr Karapetyan
Daşnaksütun partiyasının Dağlıq Qarabağ
münaqişəsinin həllində tutduğu mövqeyi açıqlayıb.
Karapetyan deyib ki, Ermənistan nəinki Dağlıq
Qarabağı, hətta onun ətrafındakı 7
rayonu da Azərbaycana qaytara bilməz. O, Azərbaycanın
müharibəyə başlayacağı halda bütün
ərazisini itirə biləcəyini də deyib.
Nəyə görə siz elə hesab edirsiniz ki,
hərbi əməliyyatların başlaya
biləcəyindən Azərbaycan narahat deyil. Əgər
sabah Azərbaycan müharibəyə başlasa,
Ermənistan hərbi əməliyyatları onun
ərazilərinin içərilərinə keçirərək
şimal qonşusu Rusiya ilə quru və dəniz
sərhədlərini təmin edəcək deyə
daşnakların nümayəndəsi bildirib. Karapetyan
deyib ki, münaqişənin həlli Dağlıq Qarabağın
statusunu və təhlükəsizliyini təmin
etmədən mümkün deyil, hətta erməni
tərəfindən kimsə kefinin yaxşı
olmayan vaxtında hansısa sənədi imzalasa
belə. Onun sözlərinə görə, Ermənistan
hakimiyyətinin Qarabağ məsələsində tutduğu
indiki mövqe daşnakların mövqeyinə zidd deyil.
Qeyd edək ki, Moskva danışıqları
ərəfəsində Dağlıq Qarabağdakı
erməni qüvvələri Azərbaycanın yeni
ərazilərini tutmaq variantları əsasında
hərbi təlimlər keçiriblər. İndi isə
Ermənistan hakimiyyətinin təmsilçisi
Dənizdən dənizə böyük Ermənistan
ideyasından çıxış edərək hərbi
əməliyyatların başlayacağı halda bütün
Azərbaycanı, o cümlədən Bakını tutmaqla
və Xəzər dənizinə çıxış
əldə edərək Rusiya ilə dəniz
sərhədlərini təmin etməklə
hədələyir.
Siyasət şöbəsi