Mübariz S.Əzimli

Dəvənin boynunun əyriliyi

Dəvəyə deyirlər ki, "niyə sənin boynun əyridir?" Cavab verir ki, "mənim düz bir yerim varmı?"

Son günlər Azərbaycan ordusunda baş verən zorakılıq və intihar halları cəmiyyətin diqqət mərkəzindədir. Jurnalistlərdən tutmuş prezidentə qədər hamı özünü elə aparır ki, güya nə isə fövqəladə bir hadisə baş verib, dünyanın ən nizam-intizamlı ordusunda xoşagəlməz hadisələr olub. Əslində isə gözlənilməz və fövqəladə heç bir şey baş verməyib. Sadəcə, yeni azərbaycan cəmiyyətinə xas olan xüsusiyyətlər, əxlaq normaları cəmiyyətin bir parçası, dövlətin güzgüsü olan orduda pırtlayıb, üzə çıxıb.

Indi məlum videoçarxlarda qoçuluq edən çavuşları və əsgəri hamı qınayır. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu onların ən qəti şəkildə cəzalanacaqlarını söyləyir. Hər dəfə də təkrar-təkrar vurğulayır ki, bu hadisələr Azərbaycan ordusuna xarakterik deyil, təsadüfdür. Və belə hadisələrin qarşısının alınması üçün görülən ilk tədbir kimi əsgərlərə mobil telefondan istifadə etməyin qadağan olunduğunu (???) söyləyir. Məsələdən hali olmayan oxucuda elə fikir yarana bilər ki, yəqin zorakılıq hadisələri mobil telefon vasitəsi ilə həyata keçirilib. 20 il bundan əvvəl mobil telefon elə həcmdə və çəkidə idi ki, onunla həqiqətən də cinayət etmək olardı. Amma müasir telefonlarla əsla. Bəs şanlı ordumuzun canlı rəhbərləri orduda nizam-intizam yaratmağı mobil telefonların yığışdırılmasından niyə başlayırlar? Axı mobil telefonla cinayət törədilməyib, onun vasitəsi ilə törədilmiş cinayətlər üzə çıxarılıb. Deməli, bizim generalları cinayətin yox, onun üzə şıxarılmasının qarşısını almaq maraqlandırır. Onları başa düşmək olar. Bu orduda hər dəqiqə baş verən cinayətlərin qarşısını almaq mümkün deyil. Əlac qalır informasiya kanallarını kəsməyə. Amma bu yerdə bizim canlı generallara xatırlatmaq istəyirəm ki, dünyanın bütün normal ordularında hər bir əsgərə silahla yanaşı rabitə vasitələri, o c. mobil telefon da verilir. Azərbaycan ordusunda da heç bir əsgər və zabit öz mobil telefonundan əl çəkən deyil. Sadəcə, komandirlər üçün yeni bir yeyinti yeri yaranacaq. İndi əsgər mobil telefondan istifadəyə görə də xərac verməli olacaq.

Bu hadisələrin ən çox diqqət çəkən və tədqiqata ehtiyacı olan tərəfi zorakarların öz əməllərini lentə almaları və yaymalarıdır. E.Sabiroğlu bu adamları ağılsız adam adlandırır - "yalnız ağılsız adam həm cinayət törədir, həm onun çəkilişinə razı olur, həm də yayımlanmasına şərait yaradır" deyir. Əvvəla, orduda rəsmi vəzifə tutan bir şəxs kimi E.Sabiroğluna Azərbaycan əsgərini, hətta cinayət etmiş əsgəri təhqir etmək yaraşmaz. İkincisi, bu yerdə hörmətli E.Sabiroğlu ehtiyatsız hərəkət edir. Bildiyiniz kimi, son prezident seçkiləri seçki məntəqələrində qurulmuş çoxsaylı kameralar vasitəsi ilə fasiləsiz çəkilir və nümayiş olunurdu. Hospitaldakı əsgər 5 gənc əsgəri ələ salıb, təhqir edib, alçaldıb. İqtidar isə 8,5 milyon xalqı ələ salıb, təhqir edib, alçaldıb. O da çəkiliş aparıb, bu da. O da bu görüntülərin yayılmasından utanmayıb, çəkinməyib, qoxmayıb, bu da. İndi o əsgər həm cinayətkar olur, həm axmaq? Bəs iqtidara nə ad verək?

Hörmətli E.Sabiroğluna və başqa generallarımıza məsləhət görürəm hərdən kitab oxusunlar. Amma "Evləri köndələn yar" teletamaşasında bazarkomun oxuduğu "Hellas" kitabından yox. O kitabı onsuz da hər gün oxuyurlar. Hərdən psixologiya, pedaqogika, fəlsəfə oxusunlar. Oxusalar, E.Sabiroğlu kimi bu hadisələri təsadüf adlandırmazlar. Anlayarlar ki, heç bir kobudluq, zorakılıq, cinayət təsadüfi olmur. Bu zorakılıqları törədən insanları bu cəmiyyət yetişdirib. Onlar gənc insanlardır, gözlərini açıb sizin qurduğunuz "Yeni Azərbaycan" cəmiyyətini, bu cəmiyyətə xas olan yalan, yaltaqlıq, saxtakarlıq, riyakarlıq, zorakılıq görüblər. Gördüklərini, hər gün yaşadıqlarını da ediblər. Təsadüfi və qəribə heç nə baş verməyib. Təsadüf, yeni azərbaycanlıların bu dövləti qəsb etmələridir, qəribə isə, hələ də iqtidarda qalmaları.

Mən əminəm, sözlərimin aid olduğu heç bir şəxs kitab oxuyan deyil. Ona görə, bir az pedaqogika, bir az psixologiya...

İsveçdə, eləcə də Avropanın bir şox ölkəsində uşaqları döymək, incitmək cinayət hesab olunur və günahkarlar ən ağır şəkildə cəzalandırılır. Burada valideyin nəinki uşağını döyə, heç kobud şəkildə qınaya da bilməz. Belə valideynin həbs olunması, uşağının da əlindən alınması üçün bircə adamın şahidliyi kifayətdir.

İsveçə təzə gələndə həyət-bacada bir az içib keflənmiş gənclərin mübahisə səhnələri (ayıq başla elə şey etmirlər) bizə çox gülməli görünürdü. İki boy-buxunlu gəncin yarım saat üz-üzə, göz-gözə durub biri-birilərinə kimin haqq, kimin haqsız olduğunu sübut etməyə çalışdıqlarını təsəvvür edə bilirsinizmi? Gülməlidir, deyilmi? Azərbaycanda olsaydı, birinci kəlmədən sonra yumruq, sonra da bıçaq işə düşərdi və mübahisə "həll" olunardı. İsveç gənclərinin bizə gülməli görünən davranışını anlamaq üçün İsveçdə bir müddət yaşamaq lazımdır. Bir müddət yaşadıqda məlum olur ki, bu insanlar doğulan gündən ölən günə qədər zorakılıq görməyiblər. Hər yerdə, həmişə xoş məramla qarşılaşıblar, ən pis halda, "olmaz!" sözü onlara şirin dillə anladılıb. Zorakılıq görməmiş insanın zorakılıq etməsi mümkün deyil! Biz İsveçdə bir daha bu həqiqətin şahidi olduq. İsveçin uşaq bağçalarında uşaqlara nəinki insanlara, bütün təbiətə, bütün canlılara məhəbbət aşılanır. Ən populyar uşaq mahnıları hörümçək və ilbiz haqqındadır. Heyvanları öldürmək haqqında söhbət belə ola bilməz. Həyətində saxladığın toyuğu belə kəsməyə haqqın yoxdur. Kəsmək istəsən, onu xüsusi sallaqxanaya aparmalısan. Avropalıların bizim qurban bayramına mənfi münasibəti də buradan qaynaqlanır. Onlar hesab edirlər ki, bu gün toyuq başı, sabah qoyun başı kəsən adam o biri gün də insan başı kəsər...

Qayıdaq doğma vətənimizə. Döğma vətənimizin ögey vətəndaşları doğulan gündən nə görür? Əslində insanın xarakteri hələ doğulmamış, ana bətnində formalaşmağa başlayır. O, anasının gözü ilə dünyanı görür və yaranışına peşman olur. Hələ doğulmamış yalanın, riyakarlığın, zorakılığın, rüşvətxorluğun, saxtakarlığın hökm sürdüyü bir cəmiyyətdə dünyaya gələcəyi onu yaşamağa peşman edir. Və Azərbaycanda doğulan 1000 uşaqdan 88-i 5 yaşına çatmamış bu vəhşi həyata dözməyib ölür. Qalan 912-si də yeni azərbaycanlıların dövlətində yaşamağa məhkum olduqlarına görə yavaş-yavaş qırılır. Məsələn Gəncədə 9-cu sinifdə oxuyan, sinif nümayəndəsi olan Orxan Həsənli sinif yoldaşı Taleh Məmmədovu İ.Əliyevi qarşılamaqdan imtina etdiyinə görə vurub öldürür. Çaşıb orta məktəbi sağ-salamat bitirdisə, eybi yoxdur əsgərliyi var qabaqda, orda öldürərlər. İmişlidən 18 yaşlı bir gənc sap-sağlam orduya gedir, ay yarımdan sonra meyidi gəlir. Soruşanda ki, buna nə oldu, şanlı ordumuzun canlı-cəsədli generalları cavab verir ki, angina oldu, öldü!... "Atəşkəs" adlanan şeydən bu yana 5 mindən yuxarı hərbçi bu cür müəmmalı səbəblərdən ölüb. Siz bilən, Azərbaycan ordusu nə üçündür? Bəlkə Vətəni qorumaq, işğal olunmuş Azərbaycan torpaqlarını azad etmək üçündür? Xeyr! Onun üçün bizim Minsk qrupumuz var. Onlar bütün torpaqlarımızı azad edib bizə təhvil verəcəklər. Ordu isə, əli bayraq, plakat, daş tuta biləcək potensial mitinqçi gəncləri aparıb, bir hissəsini zəlil, bir hissəsini də şəhid etmək üçündür. Sonra qoy radikal müxalifət mitinq keçirsin, görüm kimlə keçirəcək.

İnanmaq olmur ki, bu xalq Topxana meşəsində 5-6 ağacın kəsilməsinə dözməyib ayağa qalxan, bu ordu heçdən yaranaraq, bir-neçə ayın içində Xankəndinin həndəvərinə dayanan ordudur. Heç bir təbii fəlakət, heç bir epidemiya, heç bir düşmən ordusu bu xalqı bu günə sala bilməzdi.

İndi deyirlər gənc əsgərləri döyən çavuşlar, hospitalda gənc əsgərləri bir-birinə döydürən əsgər niyə belə qəddarlıq edib. Tutublar bunları, cəzalandıracaqlar. Mən sizi inandırıram, onların heç biri özünü günahkar bilmir. Düz də edir. Qanunun hakim olduğu məhkəmədə mən onlara vəkillik edib, günahsız olduqlarını asanlıqla sübut edərdim. Hiddətlənirsiniz? Əziz oxucu, bu ordunun Ali Baş Komandanı 5 ildir bütöv bir xalqı, sizin hər birinizi zorlayır, təhqir edir, sizinlə məzələnir, niyə hiddətlənmirsiniz? Niyə S.Əbiyev kimi şəxsiyyətsiz bir şəxsin orduda balalarınızın başına gətirdiyi müsibətlərə hiddətlənmirsiniz? Bir gündə üç hərbçi həyatına qəsd edir, niyə susursunuz? Komandirin telefonuna kontur yükləməyə pulu olmayan əsgər güllələnir, E.Sabiroğlu deyir o, özü-özünü güllələyib. Niyə dözürsünüz? Gənc əsgərləri döyən çavuşların cinayəti bunların cinayətlərindən daha böyükdür? Onlar da baxır üzü yuxarı, nə görür? Görür ki, komandiri yeyir-dağıdır, əzir, zorlayır. Bir az da yuxarı baxır, nə görür? Görür ki, naziri ordunu ata malı kimi yeyir-dağıdır, sökür, zorlayır. Bir az da yuxarı baxır, nə görür? Bizim hamımızın gördüklərini - bir tayfa 40 ildir dövləti yeyir, dağıdır, zorlayır, və bunun müqabilində ancaq tərif eşidir. Bütün bunları görən, gündəlik həyatında yaşayan bir çavuş niyə gənc əsgərləri döyməsin? Və niyə bunu filmə çəkib lovğalanmasın? Bu cəmiyyətdə, bu orduda ona bundan ağıllı bir iş öyrədiblərmi? Ya o, sırada durub şillə-təpik yeyən gənc əsgərlər? Onlar müqavimət göstərməliydilər? Çaşıb, xalqa elə şey öyrətməyin. Bu xalq müqavimət göstərməyi öyrənsə, möhtərəmlər bir gün də hakimiyyətdə qala bilməzlər.

Əsgərlərin döyülməsi səhnəsi azərbaycanın bugünkü durumunun əksidir - harınlamış rejim xalqı təpikləyir, xalq da müqavimət göstərməyə cürət etməyərək susur.

Buraxın o çavuşları, o əsgəri! Qüdrətiniz çatırsa, üzü yuxarı böyük cinayətkarları tutun.

 

Stokholm, İsveç

30.10.2008