Yeni Müsavat,     30.10.2008 [08:09]
 
ÇAVUŞ ƏSGƏRİ PULA GÖRƏ GÜLLƏLƏDİ

Orduda daha bir “dedovşina” faktı
Həsən Allahverdiyev kiçik komandirinin telefonuna kontur yükləyə bilmədiyi üçün cəzalandırılıb; onun vəziyyəti ağırdır


Azərbaycan ordusunun Gədəbəy rayonu, Şınıx zonası ərazisində yerləşən hərbi hissələrinin birində növbəti “dedovşina” faktı qeydə alınıb. Bu dəfə qanlı faciənin müşayiəti ilə baş verən hadisə əvvəlkilərdən daha dəhşətli olması ilə seçilir. Etibarlı mənbədən aldığımız xəbərə görə, adıçəkilən ərazidəki “N” saylı hərbi hissədə xidmət edən 1990-cı il təvəllüdlü əsgər, 2008-ci ilin iyul ayında Mingəçevir şəhər Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış Həsən Yusif oğlu Allahverdiyev öz kiçik komandiri tərəfindən güllələnib.
“Əsgər Həsən Allahverdiyevi hərbi hissənin adı hələ ki gizlədilən çavuşu güllələyib. Çavuş əsgər Allahverdiyevdən onun telefonuna kontur yükləməsini tələb edib. Allahverdiyev isə bildirib ki, buna imkanı yoxdur. Bundan sonra çavuş əsgəri döyməyə başlayıb. Allahverdiyev and-aman edib ki, atası yoxdur, evdə işləyən bircə anasıdır, çox kasıbdırlar deyə çavuşa istədiyi pulu və ya konturu verə bilməyəcək. Amma onun bu yalvarışına da məhəl qoyulmayıb. Çavuş avtomatdan atəş açaraq arxadan Həsənə bir neçə güllə vurub. Nəticədə əsgər Həsən Allahverdiyev mədəsinin ön və arxa divarından yara alıb, öd kisəsi isə partlayıb”- deyə mənbəmiz bildirir.
Qaynağımızın dediyinə görə, hadisə oktyabrın 25-də baş verib. Hərbi hissənin rəhbərliyi əsgər H.Allahverdiyevi Şəmkir şəhərindəki hərbi hospitala yerləşdirib və baş verənləri mümkün qədər gizlətməyə çalışıb. “İş hətta o yerə çatıb ki, Həsənin valideynlərinə ”o, atasının vəfat etməsi xəbərini eşidərək özünə qəsd etdi" kimi mesaj göndəriblər. Halbuki onun atası Yusif kişi 8 il bundan əvvəl dünyasını dəyişib"- deyə mənbə bildirir.
Aldığımız son məlumata görə, vəziyyəti çox ağır olan əsgər Həsən Allahverdiyev Şəmkir hospitalından xüsusi vertolyotla Bakıya gətirilib. Hazırda o, oksigen balonuna bağlıdır və həyatı təhlükədədir. Dünən xəbəri gec aldığımızdan Müdafiə Nazirliyinin fakta münasibətini öyrənə bilmədik.
Mövzuya qayıdacağıq.
Ervin MİRZƏ