Heydər Babayevin bankı əlindən alındı

 

«Standard» Paşayevlərin sərəncamına keçib

Iqtisadi inkişaf nazirinin vurulması ərəfəsində ən böyük maliyyə qaynağı qapadıldı

“Standard” bank faktiki sahibi, iqtisadi inkişaf naziri Heydər Babayevdən alınaraq Paşayevlər ailəsinin sərəncamına keçib. Hazırda məsələnin hüquqi tərəflərinin həllinə (təsisçilərin və müşahidə şurasının tərkibinin dəyişdirilməsi və s.) hazırlıq görülür. Artıq bankı yeni sahibləri idarə edir. Bu barədə “Azadlıq”a bankdakı mənbə məlumat verib. Yada salaq ki, H.Babyevin biznes obyektlərinin qapadılmasına çoxdan start verilib. Nazirin ailə üzvlərinə məxsus “ABU-holdinq”ə məxsus bir neçə səhiyyə müəssisəsinin lisenziyası bu yaxınlarda ləğv edilib. Eyni zamanda holdinqin başqa obyektlərində də yoxlamalara start verilib. Vergi xidmətinin əməkdaşları bu obyektlərdə səyyar yoxlamalara başlayıb. Deyilənə görə, artıq böyük məbləğli vergidən yayınma ilə bağlı ciddi faktlar aşkarlanıb. Mənbənin məlumatına görə, “Standard”ın H.Babayevdən alınması onun vurulmasına hazırlıq prosesinin sonu kimi qiymətləndirilə bilər. Ölkənin ən böyük özəl bankına sahib olan Heydər Babayevin bu maliyyə qaynağının qapadılması onun hakimiyyət çevrələrində “arzuolunmaz şəxs” elan edilməsi anlamını verir. Onu da qeyd edək ki, artıq prezident Nazirlər Kabinetini istefaya göndərib və kabinetin yenidən formalaşması bir müddət çəkəcək. Hakimiyyət daxilindən sızan məlumatlara görə, yeni kabinetin tərkibi bir qədər yeniləşəcək və nazirlərin bəziləri postları ilə vidalaşmalı olacaqlar. Postlarını təhvil verəcək nazirlər arasında iqtisadi inkişaf naziri Heydər Babayevin də adı çəkilir. Çox güman ki, Heydər Babayev də bu dalğada nazir kreslosunu itirəcək. Prezident seçkisindən dərhal sonra “Standard”ın əlindən alınması da bunu deməyə əsas verir. Çünki yaxın keçmişin təcrübəsinə görə, vurulan kadrların bizneslərinin əhəmiyyətli hissəsi alınır (ən yaxşı halda). Çox güman ki, H.Babayev də istisna olmayacaq.

Informasiya şöbəsi