Avropa Birliyinə sədrik edən Fransanın
bu qurumun adından Azərbaycandakı seçkilərlə
bağlı yaydığı rəsmi bəyanat
hakimiyyətin qəzəbinə səbəb olub.
Xəbər verildiyi kimi, Avropa Birliyinin prezidentliyi adından
Frnsanın Bakıdakı səfirliyindən yayılan
bəyanatda deyilirdi ki, seçkilər səslərin sayılması
və hesablanması, seçkiqabağı debatların
təşkili və media plüralizmi kimi mühüm kriteriyalar
üzrə beynəlxalq standartlara cavab verməyib.
Bu bəyanata Xarici İşlər Nazirliyi cavab
verərək Avropa Birliyinin mövqeyini tənqid edib. Bir gün
əvvəl isə Mərkəzi Seçki Komissiyası
AB-nin adından yayılan bəyanata etiraz edərək
onu seçicilərin iradəsinə hörmətsizlik
kimi dəyərləndirib. MSK hesab edir ki, AB-nin
prezidentliyi adından yayılan bəyanat bu qurumun yüksək
səlahiyyətli şəxslərinin seçkilərlə
bağlı verdikləri əvvəlki mövqeyə uyğun
gəlmir. Bəyanatdan belə başa düşülür ki,
Azərbaycan hakimiyyətini ən çox
qəzəbləndirən seçkilər beynəlxalq
standartlara cavab verməyib ifadəsidir. Çünki MSK qeyd
edir ki, bu ifadəyə ATƏT, Avropa Parlamenti və AŞ
PA müşahidə missiyasının ilkin rəyində
rast gəlinmir.
İlk dəfədir ki, seçkilərə beynəlxalq
tənqid Azərbaycan hakimiyyəti tərəfindən
bu cür reaksiyalarla qarşılanır. Belə ki,
əvvəlki seçkilər zamanı beynəlxalq qurumların
bir-birinin ardınca seçkiləri sərt tənqid
edən bəyanatlarına rəsmi Bakıdan başdansovdu
reaksiyalar verilirdi və deyilirdi ki, bu mövqelərin hamısı
qərəzlidir. Lakin indi rəsmi qurumlar daha
cidd-cəhdlə çalışırlar ki, AB-nin mövqeyinin
düzgün olmadığını çatdırsınlar. Çünki
bu seçkilərdə beynəlxalq legitimlik qazanmaq
hakimiyyətə çox lazım idi. Hakimiyyət öz
məqsədinə xeyli yaxın idi, çünki ATƏT Müşahidə
Missiyasının rəyini yumşaltmaq və orada seçkilər
beynəlxalq standartlara cavab verməyib ifadəsi
əvəzinə seçkilər bəzi demokratik öhdəliklərə
uyğun gəlməyib şəklində daha yumşaq
ifadəyə yer verilməsinə nail olmaq mümkün olmuşdu.
ABŞ-dan isə bu seçkilərlə bağlı Dövlət
Departamentinin sözçüsü Şon Makkormakın bir-iki cümləlik
ümumi məzmunlu bəyanatından başqa səs çıxmayıb.
Bu zaman ABŞ rəsmisi səsvermənin
nəticələrinə qiymət vermək
istəməyib və bəzi texniki təkmilləşmələrin
olduğunu deməklə kifayətənib.
Beynəlxalq ictimaiyyətin seçkiləri zəif
tənqid etməsi, bəzi qurumları nümayəndələrinin
isə irəliləyişlərdən söz açaraq müsbət
fikirlər işlətməsi hakimiyyəti məmnun
etməyə başlamışdı ki, AB-nin mövqeyi seçkilərə
beynəlxalq legitimlik qazandırmaq cəhdlərinin üstündən
xətt çəkmiş oldu. Bu baxımdan hakimiyyətin
AB-nə qarşı qəzəbli mövqeyini başa düşmək
olar. Avropa Birliyinə sədrlik edən Fransa Avropa
Komissiyasının təhlükəsizlik və xarici
siyasət üzrə Ali nümayəndəsi Havyer Solananın,
genişlənmə və xarici əlaqələr üzrə
komissar Benita Ferrero Valdnerin bundan əvvəl
verdikləri müsbət bəyanatlarını qüvvədən
salır. Çünki Avropa Birliyinin əsasnaməsinə görə
bu qurumun rəsmi mövqeyini müəyyən etmək və
onun adından bəyanat vermək səlahiyyəti
indiki halda Fransaya məxsusdur. Bu isə o deməkdir ki,
AB Azərbaycandakı seçkiləri tanımır və
demokratik hesab etmir.
Qeyd edək ki, Azərbaycan Avropa Birliyinin Yaxın Qonşuluq
Siyasətinə daxil edilib, Brüsselə Birgə
Fəaliyyət Planına imza atıb. Bu plan ölkədə
5 il ərzində bir sıra islahatların aparılmasını,
o cümlədən azad, ədalətli seçkilərin keçirilməsini
nəzərdə tuturdu. Lakin Azərbaycan hakimiyyəti
öz siyasətini Avropanın enerji maraqları üzərində
quraraq hesab edirdi ki, Brüssel də Vaşinqton kimi neft-qaz
olan yerdə demokratiya sahəsində olan nöqsanlara göz
yumacaq. İndiyədək bu siyasət özünü böyük ölçüdə
doğruldub, AB Azərbaycan hökumətini bu vaxta
qədər seçkilər və ya digər
problemlərlə bağlı ən azından açıq
şəkildə tənqid etməyib. Bu qurumun
Cənubi Qafqaz üzrə nümayəndəsi Piter Semnebi Bakıya
səfərləri zamanı olduqca ehtiyatlı, ümumi sözlərdən
ibarət və tənqidi olmayan
qiymətləndirmələrlə çıxış
edib. Ancaq məsələ faktiki olaraq alternativsiz keçirilən
seçkilərin nəticələrini tanımağa
gələndə Avropa Birliyi və ona sədrlik
edən Fransa Bakının gözlədiyi tərifi söyləmədi,
əksinə, onu xeyli məyus etdi. Şübhəsiz ki,
Avropanın bu mövqeyində geosiyasi amillərin də
rolu ola bilər. Xüsusən elə bir vaxtda ki,
Azərbaycan üzünü Rusiyaya çevirməyə meyl edir,
Avropanın qaz məsələsində maraqlarını
təmin etməkdən yayınır, bu
məsələdə Rusiya ilə danışıqlar
aparır. Lakin əsas məsələ odur ki, Avropa
demokratik prinsipləri enerji maraqlarına dəyişməyəcəyi
haqda mövqeyinə qismən də olsa sadiq qalıb.
Siyasət şöbəsi