«Plüralist demokratiyada 90 faizlik
qələbə olmur»
Rəsmi məlumata görə, oktyabrın
15-də keçirilmiş prezident seçkisində hazırkı ölkə
başçısı İlham Əliyev 88,73% səs toplayıb
Azadlıq
radiosu, 20.10.2008
Dinlə
«Freedom House» təşkilatı hesab edir ki, 15
oktyabrda keçirilən prezident seçkisində İlham Əliyevin
88 faizlik qələbəsi ölkədə əsas azadlıqlar
sahəsində geriləmənin göstəricisidir.
90 faizə yaxın səslə qələbə
nə deməkdir? Bu vəziyyət xalqa və
hakimiyyətə nə vəd edir?
Prezidentin İcra Aparatının ictimai-siyasi
şöbəsinin müdiri Əli Həsənov deyir ki,
cəmiyyətin bir insanı dəstəkləməsini
nə xalqa, nə də hakimiyyətə irad tutmaq düz deyil:
«Əgər Azərbaycan cəmiyyəti, xalqı
bir insanı dəstəkləyirsə, bu, ona günah kimi yazıla
bilməz. Azərbaycan hakimiyyəti üçün əsas mandatı
xalqın keçirdiyi və kütləvi şəkildə iştirak
etdiyi, nəticəsini də onun müəyyən etdiyi seçkilər
verir. Nəticəsini xalqın müəyyən etdiyi seçkilərə
heç kimin şübhə etməyə haqqı yoxdur».
Yeni Azərbaycan Partiyasının icra katibi Əli
Əhmədov isə hesab edir ki, növbəti beş ildə
İlham Əliyevlə yenə də irəliləyişlər
olacaq. Ölkə azad, firavan həyatını davam
etdirəcək. Cənab Əhmədov seçki gününün axşamı
hakim partiyanın qərargahı qarşısında düzənlənən
tədbirdəki çıxışında belə deyib.
AXCP sədri Əli Kərimli isə deyir ki, plüralist
demokratiyada heç vaxt 90 faizlik qələbə olmur. Yalnız
totalitar, avtoritar rejimlərdə qələbələr
belə göstəricilərlə müəyyənləşir:
«Bu, onu göstərir ki, Azərbaycanı idarə
edənlər yaşlarından asılı olmayaraq köhnə
təfəkkürün daşıyıcılarıdır».
Ə.Kərimli deyir ki, 90 faizlik qələbə
hakimiyyətin bundan sonra da islahatlara meylli olmayacağını
göstərir:
«Amma xalqın istəyinə və dünya
birliyində gedən dəyişikliklərə uyğun
Azərbaycanda da dəyişikliklər olacaq».
Hüquqşünas Erkin Qədirli isə hesab edir ki, çox
böhranlı, təlatümlü vəziyyətlərdə –
məsələn, ölkə müharibədən çıxdığı
zaman onu idarə edənlər və ya milli azadlıq, müqavimət
hərəkatının liderləri seçkilərdə yüksək
səs ala bilərlər. O, fransızların İkinci Dünya
müharibəsində ölkənin müqavimət hərəkatını
təşkil etmiş general Şarl de Qolu özlərinə
prezident seçmələrini belə misallardan adlandırır.
Amma əlavə edir ki, hətta belə liderlərin də
nəinki yüksək səs almaq, ümumiyyətlə seçilməmək
ehtimalı var. Məsələn, İngiltərənin müharibədə
qələbəsini təmin etmiş Baş nazir Uinston Çörçil
müharibədən sonrakı seçkilərdə məğlub
olub. E.Qədirli deyir ki, xüsusilə rahat
cəmiyyətlərdə kiminsə 100 faizə yaxın
səs alması mümkün deyil. və belə vəziyyət
əslində ölkəyə heç nə vəd etmir:
«Bu cür vəziyyət əslində
cəmiyyəti narahat etməlidir. Çünki bu, o deməkdir ki,
əslində insanlar real mənafelərini ifadə edə
bilmədikləri üçün biganələşirlər. Yəni
ümumiyyətlə seçkilərə qatılmırlar, dövlətin
idarə olunmasında iştirak etmək istəmirlər. Çünki
onların hətta gündəlik ehtiyacları
səviyyəsində mənafelərinin ifadə olunma ehtimalı
çox aşağıdır. Kommunal ehtiyaclardan tutmuş siyasi
ehtiyaclara qədər».
Rəsmi məlumata görə, oktyabrın 15-də
keçirilmiş prezident seçkisində hazırkı ölkə başçısı
İlham Əliyev 88,73% səs toplayıb. Digər
namizədlərdən heç biri 3 faizlik baryeri aşa
bilməyib.