«Prezidentə təbrik teleqramı göndərmək
üçün 5 manatdan pul yığır. Çağırdı ki, 5
manat ver. Hamıdan yığa bilmir, çəkinir. Bizdə işçilərin
sayı elə də böyük deyil. 50-60 nəfərdi, yarısı
stasionarda işləyir, hamıdan istəyə
bilməyəcək».
Həmsöhbətim Gəncə sakinidir, yerli
səhiyyə müəssisələrinin birində işləyir.
Adının çəkilməsini istəməyən müsahibimin
ölkənin yeni prezidentinə təbrik teleqramı göndərməyə
etirazı yoxdur. Amma deyir, baş həkimdən soruşub ki,
teleqram neçəyə başa gəlir ki, hər işçidən
5 manat yığırlar?
«Dedim poema göndərəcəksən? Ya öz adından,
ya da xəstəxananın adından göndərəcək.
Mənim heç adım da olmayacaq orda. Nəyə lazımdır
bu cür kollektivdən pul yığıb təbrik göndərmək?»
Mərkəzi Poçtdan deyirlər ki, ölkədaxili
bir teleqram göndərməyin haqqı 1 manatdır. Sözün biri
isə 5 qəpik:
«Əgər teleqramın ünvanına çatdığını
bilmək istəyirsinizsə, yəni
xəbərnaməylə 1 manat 20 qəpikdir».
Teleqramda söz məhdudiyyəti yoxdur. Amma
məsələn, Polşa prezidenti Kaçinskinin İlham Əliyevə
göndərdiyi təbrik teleqramında 137 söz var.
Təxminən bu mətndə və bu həcmdə teleqram
7-8 manata başa gəlir. Əgər müəssisədə işləyənlərin
30 nəfəri 5 manatdan ödəyərsə, 150 manat yığılar
ki, bu pula da 3000 sözlük, təxminən 1 metrlik teleqram göndərmək
olar.
Gəncə Səhiyyə İdarəsinin
rəis müavini Akif Zərbəliyev isə «Azadlıq»
radiosuna yerli səhiyyə müəssisələrindən
kollektiv pul yığılmasıyla bağlı
deyilənləri təkzib edir. Bildirir ki, onlar da şəhər
Səhiyyə İdarəsinin adından yeni prezidentə
təbrik teleqramı göndəriblər, amma bunun üçün işçilərdən
pul yığmayıblar:
«Bu, nə bizə, nə də prezidentin adına
yaraşar. Onu kim danışır, deyin ölçü götürək,
araşdırıb cəzasını verək».
Ancaq ölkə başçısına təbrik teleqramı
üçün pul yığılmasıyla bağlı şikayətlər
təkcə səhiyyə sahəsini yox, büdcə təşkilatlarının
bir neçə sektorunu da əhatə edir.
Hüquqşünas İntiqam Əliyev bunu dövlət
idarəçiliyində «siyasi korrupsiya» adlandırır. Onun
fikrincə, kollektiv təbrik teleqramları dövlət idarəçiliyində
kök atmış pis ənənələrdən doğur:
«Bu cür teleqramların arxasında korrupsiya da
durur. Yığılan pulun yarısı teleqrama, yarısı
da şəxsi ciblərə gedir. Belə teleqramların göndərilməsi
dövlət idarəçiliyində məddahlığın olduğunu
göstərir. Bunu asanlıqla aradan qaldırmaq olar. Təbrikin
ünvanlandığı şəxs buna son qoya bilər».
Rəsmi qəzetlərdə hələ ki, xarici
ölkə başçılarının və diplomatların
təbrik məktubları dərc olunur. Ekspertlərsə yeni
seçilmiş prezidentin xarici həmkarları
tərəfindən təbrik olunmasını siyasi
mədəniyyət nümunəsi sayırlar. Amma ölkə
daxilində belə təbriklərin təşkilini heç
də uğurlu siyasi gediş adlandırmırlar.