Yeni Müsavat,  16.10.2008 [06:07]
 
SEÇKİNİ BOYKOTÇU MÜXALİFƏT UDDU
Hakimiyyətin 2008 fiaskosu
İqtidarın cəhdlərinə baxmayaraq, əhalinin əksəriyyəti demokratik qüvvələrin çağırışına qoşularaq səsverməyə getmədi



Hakimiyyətin hətta əsas müxalifət qüvvələrinin iştirakı olmadan alababat seçki keçirmək cəhdi də baş tutmadı. Dünən keçirilən prezident seçkilərində tarix yenə təkrarlandı. 5 il əvvəl olduğu kimi, bu dəfə də 15 oktyabr prezident seçkilərinin faktiki qalibi müxalifət oldu. Dərhal ağlınıza seçkidə hakimiyyətə alternativ qüvvələrin olduğu görüntüsünü yaratmaq üçün müxalifət adına seçkiyə qatılanlar gəlməsin. Bu seçkinin qalibi seçkiləri boykot edən əsas müxalifət qüvvələri oldu.
Ölkədə demokratik seçki mühitinin yaradılması üçün uzun müddət mübarizə aparan, amma buna nail ola bilməyən əsas müxalifət partiyaları seçkilərdə iştirak etməmək yolunu seçdilər. Bu mərhələdə müxalifətin işi bu boykotun nəticə verməsini təmin etməkdən ibarət idi. Müxalifətin boykot istiqamətində atdığı addımlar, öz tərəfdarlarına, bütövlükdə xalqa müraciəti belə göründü ki, öz bəhrəsini verdi və seçkinin boykotu dünən baş tutdu.
Düzdür, Azərbaycanda yetərsay məsələsi xeyli vaxtdır yığışdırılıb və seçkiyə nə qədər seçici gəlməsindən asılı olmayaraq seçki baş tutmuş sayılır. Amma söhbət kağız üzərindəki nəticədən yox, real nəticədən gedirsə, dünənki seçkiləri baş tutmamış saymaq olar. Hakimiyyət əsasən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və məmur-oliqarxlara bağlı böyük şirkətlərdə çalışan insanları məcburi qaydada seçki məntəqələrinə aparmağa və “karusel” üsulundan istifadə etməklə qələbəlik görüntüsü yaratmağa çalışsa da buna nail ola bilmədi. Hətta iqtidara xidmət edən telekanallar da seçki məntəqələrindən normal süjet verə bilmirdilər. Kadrlarda ən gur seçki məntəqələrində komissiya üzvləri və müşahidəçilərdən başqa cəmi bir neçə nəfər gözə dəyirdi. Əksər məntəqələrin qarşısı isə bomboş idi.
Bu seçkinin indiyədək Azərbaycanda keçirilən ən maraqsız, ən sönük seçki olması faktı dünyanın ən nüfuzlu kütləvi informasiya vasitələrinin reportajlarında da öz əksini tapıb. Dünən Azərbaycandakı müxtəlif seçki məntəqələrindən reportaj hazırlayan xarici mətbuat bu sönüklüyə görə müxalifəti də qınayıb. Onların fikrincə, müxalifətin seçkidə iştirak etməməsi ölkə əhalisinin seçkilərə marağını öldürüb.
Hakimiyyət əhalinin guya seçkidə yüksək əhval-ruhiyyə ilə iştirak etməsi görüntüsünü yaratmaq üçün əsasən müəllimlərdən, həkimlərdən, tələbələrdən, məcburi köçkünlərdən və digər təbəqələrdən istifadə edib. Amma bütün bunlar seçkini xilas etmək üçün yetərli olmayıb.
Bununla belə, hakimiyyət reallığa əhəmiyyət verməyərək seçici fəallığının həddən artıq yüksək olduğunu, dünya praktikasında bu seçkinin analoquna rast gəlinmədiyini deyir. Amma fakt-faktlığında qalır: Azərbaycan xalqının böyük hissəsi demokratik qüvvələrin iştirak etmədiyi seçkiyə qatılmadı, bu hakimiyyətin qurduğu məzhəkəyə seçki donu geyindirmək layihəsində vasitəçi olmadı. Xalq əsas müxalifət qüvvələrinin çağırışına, müraciətinə səs verdi, demokratik düşərgəni bu boykot mübarizəsindən qalib çıxardı.
Dünənki seçkilər Azərbaycan cəmiyyətinin bu hakimiyyətə qarşı münasibətini bir daha ortaya qoydu. Xalq eynən müxalifət kimi bu iqtidara, bu siyasətə passiv etiraz etdi. Hakimiyyət hətta əsas iddiaçıların rol almadığı bir seçkini belə normal təşkil edə bilmədi. 5 ildir bütün hakimiyyət mətbuatında aparılan körpü, yol, yeni iş yerləri, iqtisadi artım, lider dövlət təbliğatı da işə yaramadı. Düzdür, ölkənin yeni başçısının adı və soyadı dəyişmədi. Amma məlum oldu ki, xalqın da bu hakimiyyətə qarşı münasibəti dəyişməyib, 5 il əvvəl necə idisə, indi də elədir.
Əldə etdiyimiz məlumatlara görə, artıq seçkiləri müşahidə edən beynəlxalq təşkilatların və Qərb ölkələrinin təmsilçiləri öz qurumlarını və dövlətlərini seçkidə çox az sayda seçicinin iştirak etməsi barədə məlumatlandırıblar. Bir sıra beynəlxalq müşahidəçilər öz ölkələrinə göndərdikləri ilkin məlumatlarda bu seçkiləri Azərbaycan hakimiyyətinin fiaskosu kimi qiymətləndiriblər. Bu rəylərin beynəlxalq qurumların sonrakı hesabatlarında da öz əksini tapacağı gözlənilir. Qeyd edək ki, seçki prosesindəki qanun pozuntuları, səsvermənin sönük keçməsi və digər məsələlərlə bağlı məqamlar qəzetimizin bu sayındakı digər yazılarda öz əksini tapıb.
Teymur HƏSƏNLİ