Exit-poll keçirənlərdən birinə yaxınlaşırıq və səsvermə başlayandan məntəqəyə neçə seçicinin gəldiyini soruşuruq.
Exit-pollçu bu il seçkidə iştirak edən seçicilərin sayının az olduğunu deyir: Səsvermə başlayandan məntəqəyə cəmi 140 nəfər gəlib. Oturub gözləməkdən adamı yuxu basır.
Yarım saatdan sonra nəhayət 30 saylı seçki məntəqəsində seçici görmək xoşbəxtliyi bizə nəsib oldu. İlk dəfə seçkilərə gəldiyini deyən İsfəndiyar Zahidoğlu maraqlı fikir söylədi: Prezident seçkiləri keçirildiyini bu gün (dünən -Z.S.) səhər bilmişəm. Xaricdəydim, iki həftədir qayıtmışam Bakıya. Prezident seçkilərinin keçirildiyindən indi xəbər tutmuşam. İlk dəfə səsvermə hüququna malik olduğum üçün səs vermək mənə maraqlı gəldi. Bu səbəbdən də səsverməyə gəldim. Amma nədənsə seçkiyə gələnlərin sayı azdı.
Kimə səs verdiyini soruşanda isə müsahibimiz qoyun bu sirr qalsın- deyə cavab verdi.
On dəqiqədən sonra daha bir seçici içəridən çıxdı. Polis sistemində çalışdığını deyən Vüsal Quliyev namizədlər arasında prezidentliyə yalnız bir nəfərin layiq olduğunu söylədi: Yalnız bir adama səs verə bilərəm, o da cənab prezidentimiz İlham Əliyevdir. İndi əmim də içəridə səs verir. Yəqin ki, o da mənim variantımı seçəcək. Düzdür, seçicilər çox azdır, amma bunun qorxusu yoxdur.
Daha
sonra Binəqədi rayon 8 saylı DSK-nın 29-cu seçki
məntəqəsinə baş çəkdik. Bu
məntəqədə də eyni vəziyyətlə
qarşılaşdıq. Bir qədər gözlədikdən
sonra içəridən bir seçici çıxdı. Özünü Anar
Kərimov kimi təqdim edən seçkici kimə səs
verdiyini açıqlamadı. Bir qədər gözlədikdən
sonra seçki məntəqələrinə azı yarım
saatdan bir cəmi bir neçə nəfərin gəldiyini
görüb redaksiyaya qayıtdıq.Bir neçə saatdan sonra yenidən həmin seçki məntəqələrinə baş çəkdik və yenə eyni vəziyyətlə üzləşdik. Fərq isə yalnız onda idi ki, səsverməyə gələnlərin sayı daha da azalmışdı, komissiya üzvlərinin boynu isə nədənsə bükülmüşdü.
Zülfiyyə SAKİTQIZI