«Neftlə zəngin bu kiçik ölkə
prezident seçkisi keçirdi, ancaq Bakıda ətrafa baxanda siz
deməzdiniz ki, burada prezident seçilir». Dünyanın ən nüfuzlu
qəzetlərindən olan «Nyu York Times» belə yazır.
Qəzet bildirir ki, nə plakatlar vardı, nə şüarlar,
nə də ki, namizədlər.
Son üç ildə iqtisadiyyatı ildə 28 faiz sürətlə
artan, son beş ildə büdcəsi 12 dəfə çoxalan ölkədə
bununla belə seçicilər öz səslərini İlham Əliyevə
tərəddüdlə verirdilər. Niyə? Qəzet parkda oturan
bir müğənninin sözlərini yazır:
«Azərbaycanda pul doğrudan da çoxdur, ancaq bu pul camaata
gəlib çatmır».
Məqalənin başqa bir yerində isə deyilir ki,
Azərbaycan varlandıqca, demokratiyası bir o qədər azalır.
«Nyu York Times» indiki prezidentin seçki rəqiblərini isə «siyasi
heç kimlər» adlandırır. Qəzetin müxbiri seçki günü Bakıda
təsadüfi adamlardan soruşub ki, bu namizədlər haqda nə
bilirlər, çox az adam nəsə deyə bilib.
Qəzet seçkini boykot edən müxalifətdən İsa
Qəmbərin sözlərini sitat gətirir:
«Müxalifəti televiziyalara buraxmadılar, mitinq etməyə
qoymadılar, təbliğat kampaniyası 28 günə endirildi. Bu
şəraitdə seçkilərə qatılmaq axmaqlıq idi».
Amerikanın «İnternational Herald Tribune» qəzeti də İsa
Qəmbərdən sitat gətirir:
«Bu seçki fars və tragikomediya oldu».
Qəzet təhlilçilərə istinadla yazır ki, müxalifətə
nə əngəllər törədildisə, seçki günündən
qabaq törədildi. Seçki gününün rəvan keçməsi isə
Azərbaycan hakimiyyətinə imkan verir ki, Qərbdən özünə
sərf edən qiyməti alsın.
Təhlilçilərin fikrincə, buna geosiyasi səbəb də
var. Qərb ölkələri bu seçkini tənqid etməyə
meylli olmayacaqlar. Çünki İlham Əliyevin üzünü Rusiyaya tutmasını
Qərb qətiyyən istəmir.
«Türkish Daily News» isə təhlilçi Leyla Əliyevanın sözlərini
sitat gətirir:
«Qərbin Azərbaycanda prioritetləri başqadır,
Azərbaycan cəmiyyətinin demokratikləməsi deyil».
«Türkish Daily News» onu da yazır ki, bir çoxlarının
fikrincə, Azərbaycan monarxiyaya daha yaxındır, nəinki
demokratiyaya.