Beynəlxalq Seçki Müşahidə Missiyasının
mətbuat konfransı, 15 oktyabr
Azadlıq
radiosu, 16.10.2008
Beynəlxalq Seçki Müşahidə
Missiyası prezident seçkisinin gözəçarpan irəliləyişlə
keçdiyini, amma ölkənin üzərinə götürdüyü bütün
beynəlxalq öhdəliklərə cavab vermədiyi
nəticəsinə gəlib.
Bu haqda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları
Bürosu (DTİHB), Avropa Şurası Parlament Assambleyası (AŞPA)
və Avropa Parlamentinin (AP) müşahidəçilərinin birgə
bəyanatında deyilir.
Missiya bildirir ki, seçki sakit keçib, lakin güclü rəqabətin,
media tərəfindən işıqlandırılan aktiv siyasi
şəraitin yoxluğu ilə xarakterizə olunub:
«Beləliklə, mənalı və pluralist demokratik seçkinin bütün
prinsiplərini özündə əks etdirməyib».
Missiya bəzi müxalifət partiyalarının uzun müddət
davam edən maneələri əsas tutaraq seçkini boykot
etməsindən təəssüflənir:
«Bu, elektorat üçün mənalı seçim etmək miqyasını
daha da məhdudlaşdırıb».
Missiya bildirir ki, seçkinin keçirilməsində nəzərəçarpan
irəliləyişlər olub.
ATƏT/DTİHB Müşahidə Missiyasının
rəhbəri səfir Boris Frlets: «Ancaq əsas beynəlxalq öhdəliklərin,
xüsusilə də pluralizm, ədalətli təşviqat mühiti
və mətbuatla bağlı sahələrdə əlavə
səylərə ehtiyac var».
AŞ PA nümayəndə heyətinin rəhbəri Andres Herkel
isə deyir ki, seçki günü ümumilikdə müsbət
dəyərləndirilsə və əhəmiyyətli
irəliləyişlərlə qeyd olunsa da, Azərbaycanda
mətbuat azadlığı narahatlıq mənbəyi olaraq
qalır.
Avropa Parlamentinin nümayəndə heyətinin
rəhbəri Marie Anne İsler Beguin isə deyib ki, seçki günü
aparılmış müşahidə göstərib ki, seçkilər
yaxşı hazırlanıb və sakit keçib:
«Ancaq əsas müxalifət partiyalarının seçkini boykot
etməsi və real seçki kampaniyasının yoxluğu ilə
əlaqədar olaraq həqiqi rəqabətin mövcud olmaması
dərin təəssüf doğurmalıdır».
Missiya bildirir ki, seçki günü xüsusilə səslərin sayılması
və hesablanmanın əsas mərhələsində çatışmazlıqlar
müşahidə olunub:
«Rəsmilər namizədlər üçün daha yaxşı
bərabər şəraitin yaradılmasına çalışıb
və seçki ümumilikdə səmərəli şəraitdə
keçib».
Müşahidəçilər qeyd edirlər ki, ümumilikdə seçki
kampaniyası zəif olub, hazırkı prezident kampaniyanı
aparmamaq qərarına gəlib. Digər namizədlər
isə aydın şəkildə az ictimai dəstək qazanıblar.
Mərkəzi Seçki Komissiyası seçicilərin ümumi sayından
75 faizinin seçkidə iştirak etdiyini bəyan edib.
Beynəlxalq Seçki Müşahidə Missiyası ATƏT/DTİHB-in
45 uzunmüddətli, 340 qısamüddətli müşahidəçisi, o cümlədən
AŞPA-nın 31 deputatı və heyət üzvü və AP-nın
10 nümayəndəsi daxil olmaqla 43 ölkədən gəlmiş
440 müşahidəçidən ibarətdir.