
Aparıcı Qərb agentlikləri seçkilərin formal xarakter daşıdığını yazıb
Azərbaycandakı seçkilərə
indiyədək diqqət ayırmayan xarici mətbuat
səsvermə günü, nəhayət, bu mövzuda yazmağa başlayıb.
Xəbər verildiyi kimi, seçkiləri izləmək üçün dünyanın
aparıcı xəbər agentliklərinin əməkdaşları
və müxtəlif xarici KİV-lərdən Bakıya
jurnalistlər ezam olunublar. 2003-cü il prezident seçkilərinə
olan görünməmiş beynəlxalq diqqətlə müqayisədə
xarici mətbuatın indiki seçkilərə marağı
əvvəlcədən az idi və seçki kampaniyası dövründə
demək olar ki, bu mövzuya yer verilmədi.
Lakin seçki günü istənilən ölkədə xarici mətbuat
üçün maraq doğuran xəbər olduğundan, dünən bu
mövzuda bir çox məlumatlara və reportajlara rast gəlmək mümkün
idi. Həmin xəbərlərin əksəriyyəti
tənqidi məqamlar üzərində qurulub və əsas müxalifət
namizədlərinin seçkilərdə iştirak etmədiyi bütün
xəbərlərdə vurğulanır.
Röyter agentliyi: Müxalifət tragikomik seçkilərdə iştirak etmir
Dünyanın ən nüfuzlu xəbər
mənbələrindən olan Röyterin məlumatında Müsavat
Partiyasının başqanı İsa Qəmbərə
istinadən bildirilirdi ki, müxalifət tragikomik xarakter daşıyan
seçkilərdə iştirak etmir. Xəbərdə
deyildiyinə görə, İsa Qəmbər Qərbi İlham
Əliyev hakimiyyətinə dəstək verdiyinə görə
tənqid edib: Müsavat lideri Qərb təmsilçilərinin
Azərbaycanın daha demokratik ölkə olması haqda
fikirlərini əsassız adlandırıb və ölkədə
Əliyevlər sülaləsinin hakimiyyəti qurulduğunu deyib.
Əliyevin hakimiyyəti demokratik dəyişikliklər
həyata keçirməyə meyl etmir, Qərb isə bu dəyişikliklərə
maraq göstərmir. Qəmbər deyir ki, Qərbi demokratiya yox,
Xəzər regionunun neft-qaz ehtiyatları maraqlandırır.
Müsavat başqanı deyib ki, o, Röyter agentliyi
vasitəsilə dünya ictimaiyyətinə Azərbaycanda
demokratikləşmə prosesinin getdiyi haqda bütün söz-söhbətlərin
əsassız olması barədə mesaj göndərmək
istərdi. Agentlik qeyd edir ki, dünənki səsvermənin 46 yaşlı
prezident İlham Əliyevin ikinci müddətə prezident olmasını
təmin edəcəyinə heç bir şübhə yox idi:
Bu isə Əliyevlərin ailə hakimiyyətinin davam
edəcəyini göstərir. Müxalifət deyir ki, demokratiyanın
və KİV azadlıqlarının məhdudlaşdırılması
nəticəsində bu seçkilərə qatılmağın heç
bir mənası yox idi. Lakin bəzi analitiklərə görə,
müxalifətin də günahları var, onlar vahid namizəd
ətrafında birləşə bilməyiblər. Həmçinin
müxalifətin ideyaları tükənib, Əliyev hökumətində
köklü islahatlara ehtiyac olduğu kimi, müxalifətdə də
dəyişikliklərə ehtiyac yaranıb. Digər
tərəfdən, İlham Əliyevin hakimiyyətinin neft bumu
ilə üst-üstə düşməsi və geniş yayılmış
korrupsiyaya baxmayaraq ölkədə 26 faizlik iqtisadi artım
qeydə alınması da müxalifətə kömək
etməyib.
Agentlik daha sonra İsa Qəmbərin fikirlərinə yer
verərək qeyd edir ki, 2003-cü il seçkilərindən sonra
insanlar hakimiyyəti seçki yoluyla dəyişməyin mümkünlüyünə
inanmır. Müsavat başqanı bunun əsas səbəbinin
Qərbin mövqeyi ilə bağlı olduğunu deyib.
Frans Press: Namizədlərdən hamısı iqtidara yaxın idi
Frans press agentliyinin xəbərində
isə deyilir ki, oktyabrın 15-də strateji önəm daşıyan
neft ölkəsi Azərbaycanda İlham Əliyev ikinci müddətə
prezident seçmək üçün səsvermə təşkil olunmuşdu.
Bildirilir ki, bu seçkilər Əliyevin Birləşmiş Ştatlarla
Rusiya arasında suların isindiyi bir vaxtda onların hər
ikisi ilə münasibətlər saxlamaq cəhdləri fonunda keçirilir.
Hakimiyyətin əsas rəqibləri hakimiyyətin KİV
azadlıqlarını boğmasına, müxalifəti təqib
etməsinə və əvvəlki sekiləri saxtalaşdırmasına
etiraz olaraq bu seçkiləri boykot edib. Ancaq seçki bülletenlərində
İlham Əliyevin adı ilə yanaşı altı
namizədin adı da var. Onların hamısı
hakimiyyətə loyaldır, bir çoxları hətta seçki
kampaniyası aparmağa da ehtiyac görməyib. Analitiklərin
fikrincə, bu seçkilərdə əsas sual ondan ibarətdir ki,
İlham Əliyev neçə faiz səslə qalib
gələcək.
Agentliyin əməkdaşı səsvermə zamanı seçki
məntəqələrində bəzi seçicilərində
fikirlərini öyrənib. Bakıdakı seçki
məntəqələrindən birində Fəridə Axundova
adlı pensiyaçı deyib ki, o, Əliyevə səs
verməyə hazırlaşır, çünki o, atasının
yoluyla gedir. Digər seçicilər isə Əliyevi
dəstəkləyəcəkləri haqda onun qədər
inamla danışmayıblar. Mən hələ bilmirəm
kimə səs verəcəm, çünki indiki namizədlər arasında
yalnız İlham Əliyevi tanıyıram, ancaq mən
səsmimi oan vermək istəmirəm, ona görə də
yəqin ki, qalanlar arasından birinə səs
verəcəm, - deyə 18 yaşlı seçici Samir Kazımov
bildirib. Frans press qeyd edir ki, seçkilərdən sonra müxalifətin
bəzi etirazları ola bilər, lakin ölkədə dəyişiklik
şansı və ya iğtişaşlar ehtimalı yoxdur.
Xəbərdə deyilir ki, Azərbaycan iqtisadi artım
tempinə görə irəlidə gedir, Bakı küçələri
bahalı avtomobillərlə doludur. Hakimiyyətə gəlişindən
sonra Əliyev Vaşinqtonla Moskva arasında balanslaşdırma
siyasəti yürüdüb. Belə ki, onların hər ikisi
Xəzər hövzəsinin zəngin neft-qaz ehtiyatları uğrunda
bir-biri ilə rəqabət aparır. Demokratiya sahəsində
problemlərə baxmayaraq Vaşinqton Əliyevin hakimiyyətini
enerji məsələsində önəmli tərəfdaş kimi
tərifləyir. Lakin analitiklər deyirlər ki, Əliyev
Rusiyanın avqust ayında Gürcüstana hərbi müdaxiləsindən
sonra Moskvanın siyasətindən narahat olmağa başlayıb.
Hətta bu münaqişədən əvvəl Azərbaycan öz
qazını Qazprom" a satmaq üçün Rusiya ilə danışıqlarda
idi".
Əl-Cəzirə telekanalı: Seçkilərdə cəmi bir real namizəd var idi
Qətərin Əl-Cəzirə telekanalının
ingilis redaksiyasının əməkdaşı da seçkilərlə
bağlı Bakıdan xəbər hazırlayıb.
Xəbərdə deyilir ki, Azərbaycanda heç bir
rəqabətin mövcud olmadığı seçki keçirilir və
İlham Əliyevin seçkilərin qalibi olacağı
əvvəlcədən aydın idi: Çünki o,
hakimiyyətə gələndən sonra ölkəni sərt
avtoritar qaydalarla idarə edib, müxalifətin istənilən
formasını boğub. Lakin o, ABŞ-ın və Avropa
Birliyinin çox yaxın müttəfiqidir. Çünki İranla Rusiya arasında
yerləşən Azərbaycan Qərbə neft verir. Əl-Cəzirə
əməkdaşı səsvermə ərəfəsində
Bakı bazarlarındna birində olub, lakin müşahidə edib
ki, alıcılar və satıcıları seçkilər
maraqlandırmır: Ərzaq qiymətləri haqda debatlardan
fərqli olaraq seçkilərdə kimin qalib gələcəyi
haqda müzakirə aparan yox idi. Seçkilər haqda soruşanda satıcılardan
biri piştaxta arxasından qışqırdı: İlham
Əliyev yaxşıdır.
Xəbərdə deyilir ki, seçkilərə cəmi 7 namizəd
qatılsa da, onlardan cəmi biri real namizəd hesab olunurdu. Seçkilər
ərəfəsində isə Bakı küçələrində
mağazaların şüşələrində ancaq İlham
Əliyevin portretləri gözə dəyirdi: Biz
namizədlərdən biri Hafiz Hacıyevlə görüşdük.
Tənqidçilər deyirlər ki, o, seçkilərə müəyyən
legitimlik görüntüsü vermək üçün seçkilərə qatılıb.
Təəccüblü deyil ki, Hacıyevin otağında divardan
İlham Əliyevin portreti asılmışdı.
Jurnalist H.Hacıyevdən niyə qalan beş namizədin yox,
məhz Əliyevin şəklini otağından asmasının
səbəbini soruşub. Seçki kampaniyası dövründə Əliyevin
komandasının bəzi üzvləri haqda çox kəskin
fikirlər işlədən namizəd isə deyib: Yaxşı
eləmişəm, mən onu sevmirəm, ancaq hörmətim var,
çünki gənc, ziyalı oğlandır. Ancaq ətrafındakı
adamlar oğrular və quldurlardır.
Müsavat başqanı İsa Qəmbər isə Əl-Cəzirə
əməkdaşına bildirib ki, Qərbi Azərbaycanda
demokratiya və insan haqları maraqlandırmır. Onun sözlərinə
görə, əgər belə davam etsə, o zaman Qərbin
təhlükəsizlik və enerji maraqları da təhlükə altında
qalacaq. Xəbərdə deyilir ki, Bakıdakı parkların
əksəriyyəti hasara alınıb, bəzi demokratiya
fəalları isə hesab edir ki, hakimiyyət bunu müxalifətin
toplaşmasına imkan verməmək üçün profilaktik
tədbirlər kimi həyata keçirib. YAP-dan isə bildiriblər
ki, seçkilərin demokratik keçirilməsi üçün bütün şərait
yaradılıb. Qərin Azərbaycan neftinə marağı
imkan verir ki, Əliyev Azərbaycanda uzun müddət
hakimiyyətdə qalsın, - deyə xəbərdə vurğulanır.
Rusiya mediası da seçkilərə yer verib. Gazeta.ru saytının
məqaləsində vurğulanır ki, seçkilərdə qalan
6 namizəd İlham Əliyevə rəqib hesab olunmurdu. Çünki
onlardan heç biri seçkiləri boykot edən iri müxalifət
partiyaları tərəfindən dəstəklənmir: İndi
əsas məsələ odur ki, İlham Əliyev bu seçkilərdə
neçə faiz səslə qalib gələcək. Lakin çətin
ki, o, atasının 1993-cü il hərbi çevrilişindən sonra
keçirilən seçkilərdəki rekordunu təzələyə
bilsin. Həmin seçkilərdə Heydər Əliyev 98.8 faiz
səslə qalib gəlmişdi.
Türkiyə mediası da seçkilərə marağın çox az
olması barədə yazıb. Milliyet qəzetinin
xəbərində deyilir ki, Azərbaycandakı müxalifətsiz
seçki kampaniyası çox sönük keçib, mitinqlər və nümayişlər
keçrilməyib. // Yeni Müsavat