Əslində seçkinin nəticələrinə bu
gün keçirilən səsvermədən çox ölkədəki seçkiqabağı vəziyyət
təsir edib. «Freedom House» Beynəlxalq Hüquq-Müdafiə
təşkilatının Araşdırmalar üzrə direktoru
Kristofer Uolker «Azadlıq» radiosuna müsahibəsində belə
deyib.
Onun fikrincə, Azərbaycanda yaradılan seçkiqabağı siyasi
mühit hakim qüvvəyə qarşı rəqabət aparmaq
imkanı vermirdi. Müxalifətin seçkini boykot etməsi
qərarını şərh edən Uolker bildirib:
«Təəssüf ki, müxalifət seçkini boykot etmək qərarına
gəldi. Bu, ölkədə siyasi prosesdə ciddi bir natamamlıq
yaradır. Məncə, müxalifətin qərarı onunla bağlıdır
ki, onlar hesab etdilər ki, nəzarətdə saxlanan və
idarə olunan seçki prosesi onları hadisələrin gedişinə
təsir etmək imkanlarından məhrum edir. Bütün hallarda bu
vəziyyət ölkədə siyasi mühitin çox ciddi natamamlığını
yaradır».
«Freedom House»un son bir neçə hesabatında Azərbaycan müxtəlif
sahələr üzrə qeyri-azad ölkə hesab edilib. Təşkilat
son hesabatında Azərbaycan həm medianın
vəziyyətinə, həm siyasi hüquqların vətəndaş
azadlıqlarının qorunması sahəsində
nəticələrinə görə qeyri-azad ölkələr sırasına
daxil edilib.
Kristofer Uolker bu seçkidən sonra da ölkədə insan haqları
siyasi islahatların sahəsində ciddi irəliləyişlər
gözləmir.
«Seçki ərərfəsindəki mühitə diqqət
yetirsək, əksər müşahidəçilər qeyd
edirlər ki, ümumi siyasi mühitdə ciddi problemlər var.
Mən, seçkidən sonra ölkədə demokratik şəraitin
yaxşılaşacağına dair heç bir fikir eşitməmişəm.
İndi «Freedom House»un da Azərbaycandakı siyasi mühitə
qiyməti çox aşağıdır. Amma seçkidən sonra
nəyinsə yaxşılığa doğru dəyişəcəyinə
də xüsusi bir əlamət görünmür» - deyə Kristofer
Uolker bildirib.