Rusiyanın «Kommersant» qəzeti yazır ki, Bakıda
seçki ab-havası hiss olunmur. Prezidentin və atasının
binaların fasadları və yeraltı keçidləri
bəzəyən portretlərindən başqa, elə bir
təşviqat gözə dəymir. Hökumət binalarının,
mehmanxanaların dəhlizində Əliyevlər ailəsinin
şəkilləri asılıb.
Qəzet yazır ki, şəhərdə sosialist
sayağı tikinti işləri gedir, qaldırıcı
kranlar, göydələn binaların dirəkləri ucalıb, küçələr
təmir olunur:
«Bütün bunlar o dəqiqə gözə girir,
hakimiyyəti tənqid edən xarici müşahidəçilərin,
xüsusilə də ATƏT-in hesabatlarını dumanlandırır.
Hərcənd bu tənqid bir o qədər kəskin olmasa da,
yerli hakimiyyət bunu ağrılı qarşılayır».
Qəzet yerli politoloq Vüqar Ağayevə istinadla
yazır ki, seçkidən qeyri-adi heç nə gözlənilmir və
İlham Əliyevin növbəti dəfə prezident seçiləcəyinə
heç kimin şübhəsi yoxdur. Artıq Azərbaycanda maraqlı
seçkilər dövrü arxada qalıb.
Amma qəzet yazır ki, hakim dairələr
alternativsiz seçki terminiylə razılaşmır.
Mərkəzi Seçki Komissiyası iddia edir ki,
prezidentliyə iddiaçılar arasında müxalifətçilər
və müstəqil namizədlər var.
***
Rusiya Mərkəzi Seçki Komissiyasının
sədri Vladimir Çurov isə seçkiyə hazırlığı
və onun gedişini yüksək qiymətləndirib.
V.Çurov bunu Bakıda azərbaycanlı həmkarı
Məzahir Pənahovla görüşdükdən sonra
jurnalistlərlə söhbət zamanı deyib. Bunu isə «Vesti»
televiziyasının saytı yazır.
Çurov seçkinin azad və ədalətli, seçicilərin
fəallığının yüksək olduğunu deyib.
Vitali Çurovun beynəlxalq müşahidəçi statusu
olsa da, o, heç bir missiyaya daxil deyil və Bakıya seçkini
izləməyə MSK-nın dəvətilə gedib.
***
News. ru internet saytı isə yazır ki,
Azərbaycanın Seçki Məcəlləsində lazım
gəlsə ikinci mərhələnin keçirilməsi
nəzərdə tutulsa da, praktikada bu heç zaman baş
verməyib. İndiyədək 4 prezidentin hamısı
elə birinci mərhələdə seçilib, ən böyük göstərici
isə 1993-cü ildə - Heydər Əliyev prezident seçiləndə
olub - 98,8 faiz.
News. ru yazır ki, ölkədə vəziyyətin
sabit olmasına baxmayaraq hüquq-mühafizə orqanları gücləndirilmiş
iş rejiminə keçib.
Hakimiyyət seçkinin azad və ədalətli olacağını
desə də, Xalq Cəbhəsi Partiyası da daxil olmaqla müxalifət
seçkini boykot edib.
***
«Regnum» Agentliyi isə yazır ki, Müxalifətin
Əməkdaşlıq Mərkəzindən olan müşahidəçilər
qrupu bir sıra qanun pozuntusu aşkar edib. Mərkəzdən
verilən məlumata görə, səsverməyədək bir
sıra məntəqələrdə bülletenlər müşahidəçilərin
iştirakı olmadan sayılıb və bununla bağlı
akt tərtib olunub. Bundan başqa, seçicilərdən seçki
vəsiqəsi tələb olunmur. Bəzi
dairələrdə isə müşahidəçilərin işləməsinə
şərait yaradılmayıb.
Rusiya Federasiya Şurasının sədr müavini
və Müstəqil Dövlətlər Birliyi müşahidəçilər
missiyasının rəhbəri Svetlana Orlova isə 6 seçki
məntəqəsində olduğunu və elə bir qanun
pozuntusu aşkar etmədiyini deyir.
***
«Vzqlyad» qəzeti isə yazır ki, İlham
Əliyevin seçkinin birinci mərhələsində
qələbəyə şansı çox olsa da, seçkiyə yaxşı
hazırlaşmaq ona lazım idi. Çünki Qərbin gözündə
Əliyev rejiminə legitim don geyindirmək seçkiyə
beynəlxalq aləmin verdiyi nəticələrdən çox asılıdır.
Qəzet daha sonra yazır ki, seçkidən sonra
Azərbaycan-Rusiya münasibətləri prinsipial olaraq başqa
səviyyəyə qədəm qoyacaq.
Çünki Moskva Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini
tanıdıqdan sonra sözsüz onun Qarabağ
məsələsinə münasibətinə aydınlıq
gətirmək lazımdır.
Buna görə də Azərbaycan Rusiyanı öz
tərəfinə çəkməli və ya Moskvanın daha aydın
mövqeyinə nail olmalıdır.
Enerji məsələsinə gəldikdə
isə, Moskvanın Azərbaycanın bütün qazını almaq
istəməsi Bakı üçün maraqlıdır. Amma bu, başqa
bir tərəfdən birbaşa Rusiyaya üz tutmaq olar və
Azərbaycanın Qərblə gələcək
əməkdaşlığını böyük sual altında
qoyar.