AZƏRBAYCANDA AZAD VƏ ƏDALƏTLİ SEÇKİLƏR ÜÇÜN ATMOSFER YOXDUR

AZƏRBAYCANDA AZAD VƏ ƏDALƏTLİ SEÇKİLƏR ÜÇÜN ATMOSFER YOXDUR

NORVEÇ HELSİNKİ KOMİTƏSİ BELƏ HESAB EDİR

QayNar: "Azərbaycanda prezident seçkiləri elə bir atmosferdə keçmir ki, azad və ədalətli seçkilər mümkün olsun", - bu barədə Norveç Helsinki Komitəsinin Turan agentliyinə daxil olmuş bəyanatında deyilir. Seçkilərin keçirilməsi üçün əsas şərtlərdən biri ictimai debatlar, azad mətbuat və ölkənin bütün siyasi qüvvələri üçün bərabər şəraitdir. "Azərbaycanda bunların heç biri yoxdur", deyə bəyanatda qeyd edilib. Təəssüf ki, əsas müxalifət seçkilərdə iştirak etmir və onların seçkiləri boykot haqqında qərarı aydındır. Müxalif qüvvələr uzun illərdir ki, təqib şəraitində fəaliyyət göstərir və siyasi proseslərdə iştirak üçün yalnız şərti hüquq əldə edib. Eyni zamanda, son 10 il ərzində keçirilən seçkilərin heç biri azad və ədalətli olmayıb. Seçki nəticələrinin saxtalaşdırılması və hökumətyönlü qüvvələrə və müxalifətə qarşı qeyri-adekvat münasibət geniş yayılıb. Hökumət həmçinin ictimai görüşlərin keçirilməsi üçün minimal şərait yarada bilməyib ki, bu da istənilən seçkilərin əsas hüququnun -sərbəst toplaşmaq azadlığının pozulmasıdır. Azad KİV və tənqidi jurnalistikanın bir çox məsələlərdə səsini boğublar, bu, ictimai debatlar üçün imkanları istisna edir. KİV-ə və onların nümayəndələrinə qarşı çoxsaylı hücumlar qeydə alınıb. 2005-ci ildə Elmar Hüseynovun qətlinin üstü hələ də açılmayıb. Jurnalistlər Sakit Zahidov, Qənimət Zahidov, Müşfiq Hüseynov və Novruzəli Məmmədov uzunmüddətli həbs cəzasına məhkum ediliblər və vicdan məhbusu hesab edilirlər. "Aydın olur ki, hazırki prezident İlham Əliyev seçkilərin qalibi elan ediləcək. Fürsətən istifadə edərək, Norveç Helsinki Komitəsi İlham Əliyevə cəmiyyəti açıq etmək və azad mətbuatın mövcudluğuna imkan vermək üçün bütün zəruri tədbirləri görmək xahişi ilə müraciət edir. Bu, gələcəkdə azad və ədalətli seçkilər atmosferi yaratmaq üçün tamamilə zəruridir", deyə bəyanatda bildirilir. Eyni zamanda, Norveç Helsinki Komitəsi israrla beynəlxalq ictimaiyyəti bütün siyasi məhbusların azad edilməsi, azad mətbuatın fəaliyyətinin təmin edilməsi, bütün siyasi qüvvələr üçün bərabər şərait yaradılması məqsədilə Azərbaycan hökumətinə təzyiqi gücləndirməyə çağırır. // Turan