Alman agentliyi: Monarxiyaya nə seçki?

«Sıravi seçiciyə real seçim imkanı verilmədiyinə görə, onlarda bu seçkiyə maraq azdır»

Azadlıq radiosu,   15.10.2008
Elxan Nəsibli

 

Qərbin informasiya agentliklərinin Azərbaycandakı prezident seçkisindən verdiyi məlumatlarda bir ümumi fikir var - həqiqi müxalifət seçkini boykot etdiyinə görə, seçki real olaraq alternativsizdir. İndiki prezident İlham Əliyev bu rəqabətsiz seçkini udacaq.
 
Seçkiyə 400 müşahidəçi göndərmiş ATƏT-dən «Assoşeyted Press»ə deyiblər ki, sıravi seçiciyə real seçim imkanı verilmədiyinə görə, onlarda bu seçkiyə maraq azdır. Agentlik xatırladır ki, ATƏT hələ seçkidən qabaq seçki prosesindəki əngəllərə görə, Azərbaycan hökumətini tənqid etmişdi. Məsələn, bu tənqidlərdən biri müxalifətin mitinqlərinə imkan verilməməsi ilə bağlı idi.
 
«Assoşeyted Press» yazır ki, Azərbaycanda bir çoxlarının fikrincə, hakimiyyət seçki yolu ilə formalaşmır, yəni demokratiya deyil, daha çox monarxiyadır.
 
Bakıda Vüqar adlı bir nəfər «Assoşeyted Press»ə deyib ki, «bu, seçki yox, şoudur. Hər 5 ildən bir ortaya yeni adamlar çıxarırlar, ancaq heç kim bilmir ki, onlar kimdir».
 
Seçkini boykot edən müxalifət Qərbi günahlandırır ki, Azərbaycanda demokratiyanın əzilməsinə görə, iqtidara təzyiq etmir, demokratiyanı sabitliyə və neftə qurban verir.
 
Almaniyanın «DPA» Agentliyi isə yazır ki, Əliyevlərin 40 illik hakimiyyət sülaləsi 5 il də uzanacaq. Agentliyin fikrincə, daha çox apatiya doğuran bu seçkilə bağlı beynəlxalq aləmdə yalnız bir sual var -  yenidən prezident seçiləcək İlham Əliyev Vaşinqtonla Moskva arasında tarazlığı necə qoruyacaq? Bu sual Gürcüstanla Rusiya arasında hərbi münaqişə fonunda daha kəskin şəkildə durur.