«Axı bir metri 15 min dollara siz necə yol
tikə bilərsiniz? Ona görə deyirəm heç bir
əhəmiyyəti yoxdur. Siz nefti Nigeriyada olduğu kimi
birbaşa quyudan oğurlayırsınız və ya Norveçdəki
kimi əvvəlcə Neft Fonduna göndərirsiniz, sonra da
layihələrə ayırıb ciblərə qoyursunuz. Heç
bir fərqi yoxdur. Oğurluq elə oğurluqdur».
Bu cür emosional fikirlin müəllifi müstəqil politoloq İlqar
Məmmədovdur. İlqar Məmmədov ölkədəki
Neft Fondunun əslində gələcək nəsillər
üçün vəsait yığmaq əvəzinə neft pullarını
dağıtmaqla məşğul olduğunu iddia edir. Bu
iddianı da Jurnalistlərin Beynəlxalq Mərkəzinin
Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə
bağlı forumda söyləyib.
Forumda seçki öncəsi ölkənin
gələcəyinə təsir edən
məsələlər müzakirə olunub. «Azərbaycanda
demokratiya. Məqsəd və çağırışlar»
adlanan forum 3 istiqamətdə - siyasi plüralizm, vətəndaş
cəmiyyəti və iqtisadiyyat sahələrində mövcud
məsələlərə toxunuldu. İnternet
vasitəsilə də canlı olaraq yayımlanan foruma
telefonla sual vermək imkanı da yaradılmışdı.
Forumda sualları cavablandıran iştirakçılardan biri
millət vəkili Aydın Mirzəzadənin İlqar
Məmmədova neft pullarının xərclənməsi
ilə bağlı cavabı isə belə oldu:
«Aeroport yolunun bir kilometri 15 milyon manata deyil, 5 milyon manata başa
gəlib. Büdcədə də xərclər şəffafdır.
Mən təəssüf edirəm ki, xüsusilə də İlqar
müəllim çox tez-tez təsdiqlənməmiş faktla
sadəcə olaraq hakimiyyəti əsassız tənqid
etməyi özlünə vəzifə bilir».
Aydın Mirzəzadə ilə İlqar
Məmmədov arasında yolların tikilməsinə
xərclənən pulların nə qədər olması
və büdcə pullarının hara və necə
xərclənməsi ilə bağlı mübahisə
təzəcə qızışmışdı ki, iqtisadçı
Qubad İbadoğlu bu məsələyə aydınlıq
gətirdi:
«Əzizbəyovdan aeroporta qədər yolun uzunluğu 14
kilometrdir və dövlət büdcəsindən son iki il
ərzində ayrılmış vəsaitlərin
birlikdə həcmi isə 255 milyon manat təşkil edir.
255 milyonu 14-ə bölməklə tapa bilərsiniz 1
kilometrə neçə milyon manat düşür».
Forumda həm də Rəna
Səfərəliyeva, Norveçin Azərbaycandakı səfiri
Con Ramberq və İREX təşkilatında media proqramının
rəhbər müavini Şahin Abbasov çıxış
etsələr də, İlqar Məmmədovun Aydın
Mirzəzadə ilə mübahisələri daha çox diqqət
çəkdi. Onların arasında gedən dialoqdan bir məqam:
«Aydın müəllim, yaxşı olmazmı ki, üzümüzü
birbaşa Qərbə tərəf yönəldək. Avropa
qurumlarına, NATO-ya, Avropa Birliyinə.
-Təşəkkür edirəm. Mən sizinlə
tamamilə razıyam və bizim üzümüz qərbə
tərəfdir.
-Çox üzr istəyirəm Aydın müəllim iki-üç
həftə bundan qabaq sizinlə efirdə idik. Mən
deyirdim biz NATO-ya üzv olmalıyıq. Siz dediniz olmayaq. Nə
oldu bəs?
-Birincisi mən dedim ki, indi olmayaq. Unutdunuz bunu?
(gülür) İkincisi, Avropada kifayət qədər ölkə
var ki, NATO-ya üzv deyil. Elə isə nə oldu?»
Forumda həm iştirakçılar, həm də
onu internetdə canlı izləyənlər müxtəlif
suallar verdilər. Bu suallardan biri də beləydi: «Azərbaycan
hökuməti ən çox nədən qorxur?» İlqar
Məmmədovun cavabı bu oldu ki, azad biznes, azad
vətəndaş, azad söz!.. Aydın Mirzəzadə
isə cavab verdi ki: «Ən çox qorxduğumuz odur ki, bir gün
bizi heç kəs tənqid etməyə».
Rəna Səfərəliyeva: «Neft nə vaxtsa
qurtarar».
Qubad İbadoğlu: «Hakimiyyəti
itirməkdən».
Şahin Abbasov: «Daha çox azadlığı
itirməkdən qorxur».
«Şəffaflıq Azərbaycan» təşkilatının
sədri Rəna Səfərəliyeva forum zamanı
regionlarla Bakıdakı inkişafın kəskin
fərqlənməsini belə izah etdi ki, bölgələrdəki
kişilər öz regionlarının deyil, Rusiya regionlarının
inkişafı üçün çalışırlar. Xanım
Səfərəliyevanın sözlərinə görə
Azərbaycan regionlarında iş olmadığına görə
orda necə deyərlər «kişini barmaqla saymaq olar».
Hakimiyyətin ünvanına tez-tez tənqid eşidən Aydın
Mirzəzadə isə iqtidarı müdafiə edəcəyini
bəyan etdi. Onun sözlərinə görə, bölgələrdə
yetərincə iş yeri açılıb...
Daha çox mübahisələr və əsəbi çıxışlarla
yadda qalan forumun moderatoru Zeynal Məmmədli sonuncu sualı
səsləndirdi:
«Vətəndaş cəmiyyətinin o 3 məşhur dayağını
götürsək insan hüquq və azadlıqları, siyasi plüralizm
və azad bazar. Hansı daha möhkəm dayanır?»
İlqar Məmmədov: «Dayaq deyirsiniz.
Mən ayaq deyərdim. Bu ayağın üçü də hazırda
gipsdədir».