İranda
bir qrup Azərbaycan ziyalısı bəyanatla çıxış
edib
voanews
azerbaijani - 04/10/2008
Azad
Təbriz xəbər səhifəsinin məlumatına görə,
bir qrup ziyalı İranda son hadisələrlə bağlı
birgə etiraz bəyanatı ilə çıxış edib. Yüzlərlə
azərbaycanlı fəalın imzaladığı açıq
məktubda İranda azərbaycanlı tələbələr,
jurnalistlər, yazarlar və insan haqları fəallarına qarşı
təqiblər pislənilir. İran News və
Azərbaycan700 veb səhifələrində yayılan
məlumata görə, Azərbaycan700 ünvanlı birgə
bəyanatın müəllifləri, sentyabrın 10-da həbs
olunan 9 qələm sahibi, eləcə də
təqribən son üç aydır qeyri-müəyyən şəraitdə
saxlanılan 8 azərbaycanlı tələbənin azadlığa
buraxılmasını tələb edirlər.
Bundan başqa, bəyanatda İranın təhlükəsizlik
orqanlarının nəzarətində olan təcridxanalar
və həbsxanalarda həyata keçirilən dindirmələr
zamanı azərbaycanlı fəalların ağır psixoloji
və fiziki işgəncələrə məruz qalması qeyd
edilir. Burada Təbriz Ettelaatının təcridxanasında
saxlandığı zaman azərbaycanlı hüquqşünas
Həmid Valainin vəhşicəsinə döyüldüyü, bir ayağının
və bir neçə dişinin sındırıldığı
vurğulanır.
700 sözdən ibarət olduğuna görə Azərbaycan
700 Bəyanatı adlandırılan sənədin müəllifləri
həmçinin, Nadir Məhd Qarabağ, Səməd Paşai, Nahid
Babazadə, Əmin İmami və başqa bir neçə
azərbaycanlı tələbənin siyasi
fəaliyyətlərinə görə təhsil almaq kimi
fundamental hüquqlarından məhrum edilməsinə kəskin
etirazlarını bildirirlər.
Sənəddə 2006-cı il Xurdad-May Qiyamının ildönümü,
Ana Dili Günü, Məşrutə İnqilabı,
Babəkin Doğum Günü və buna bənzər
mərasimlərin keçirilməsinə maneəçilik törədilməsi
və ümumiyyətlə İran Azərbaycanında dəhşətli
polis rejiminin yaradılmasının yolverilməz olduğu da söylənilir.
İran Azərbaycanında qəzetlərin və öyrənci-tələbə
jurnallarının qapadılması, ictimai-mədəni
birliklər və cəmiyyətlərin fəaliyyətinin
yasaqlanması və müstəqil internet səhifələrinin
yayımının filter edilərək
əngəllənməsindən narahatlıq ifadə olunur.
Bəyanata imza atanların
fikrincə, 2006-cı ildə Azərbaycan şəhərlərində
keçirilən kütləvi etirazlar milli-mədəni
tələblərin yalnız bir neçə qrup və ya
cəmiyyətin deyil, bütövlükdə Azərbaycan millətinin
əsas istəyi olduğunu sübüt edib.
Ən sonda, Azərbaycan ziyalıları və fəalları,
ölkədəki mövcud problemin zorakılıqla həllinin mümkünsüzlüyünü
açıqlayaraq, Azərbaycan xalqına qarşı ayrı-seçkilik
siyasətinin və öz milli hüquqları uğrunda dinc mübarizə
aparan azərbaycanlılara qarşı həyata keçirilən
zorakılıqların dayandırılmasını
tələb edirlər.