Bir neçə gün əvvəl Ağır
Cinayətlərə Dair İşlər üzrə
Hərbi Məhkəmədə Cinayət
Məcəlləsinin 274-cü (dövlətə
xəyanət), 338.1-ci (Azərbaycan Respublikasına
qəfil hücumun vaxtında aşkara çıxarılması
və dəf olunması üzrə, yaxud onun təhlükəsizliyinin
təmin edilməsi üzrə döyüş növbəsi (döyüş
xidməti) çəkmə qaydalarını pozma), 228-ci
(qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş
sursatı, partlayıcı maddələr və qurğular
əldə etmə, başqasına vermə, satma,
saxlama, daşıma və gəzdirmə), 150-ci (seksual
xarakterli zorakılıq hərəkətləri),
331-ci (hərbi qulluqçunu təhqir etmə, döymə
və ya işgəncə vermə) maddələri
ilə təqsirləndirilən 6 hərbçinin işi üzrə
məhkəmə prosesi başa çatıb.
Məhkəmənin hökmü ilə
təqsirləndirilənlər - Ağdam rayonunda
yerləşən N saylı hərbi hissənin çavuşu
Amid Vəliyev 14, Tahir Bağırov (ad, soyad dəyişdirilib-C.C)11,
Samir Məmmədov isə 3 il müddətinə azadlıqdan
məhrum olunublar. Digər 3 hərbçi - Elnur
Kərimov, Ehtiram Tağıyev və İmran
Pirəliyev isə yalnız CM-nin 333-cü (Hərbi
hissəni və ya xidmət yerini özbaşına
tərk etmə) maddəsi ilə təqsirli
bilinərək 1 il şərti olaraq azadlıqdan
məhrum ediliblər. İttihama görə, çavuş Amid
Vəliyev əsgər Tahir Bağırovu düşmən
tərəfə keçirərək onu gizli əməkdaşlığa
cəlb edib.
Məhkəmə iclasında təqsirləndirilən
şəxs qismində ifadə verən əsgər
T.Bağırov qeyd edib ki, N saylı hərbi
hissənin zenit-pulemyot manqasında xidmət
edərkən manqa komandiri Amid Vəliyev 2007-ci ilin
noyabrında bir neçə dəfə onu müxtəlif
bəhanələrlə xidmət etdiyi döyüş
postunun ərazisində döyüb.
Bundan sonra manqa komandiri onu düşmən
tərəfə keçirərək dövlət sirrini xarici
dövlətin nümayəndəsinə verməyə
cəlb edib: İlk dəfə 2007-ci ilin noyabr ayının
təxminən 8-9-da gecəyarısı düşmənlə
üzbəüz yerləşən 1 saylı postda döyüş
növbəsi çəkən zaman ora düşmən hərbçisi
gələrək Amidlə görüşdü. Bundan sonra
isə Amid məndən silahı postda qoyaraq onunla düşmən
tərəfə keçməyi tələb etdi. Özü
isə silahını götürərək məni də özü
ilə düşmən hərbçiləri ilə görüşməyə
apardı. Hər dəfə o, düşmən hərbi
qulluqçularına dövlət sirri sayılan məlumatları,
o cümlədən döyüş postlarının sayı
və adları, hərbi texnika, silah-sursat, hərbi
qulluqçuların silahlandığı silahlar, bölüyün,
taborun və hərbi hissənin qulluqçularının,
komandirlərinin adı, soyadı, atasının adı,
səngərlərin qazılması və ayrı-ayrı
postların irəli çəkilməsi barədə
məlumatları ötürürdü. İlk dəfə Amid
məni ora aparanda düşmən hərbçisi
tərəfindən zorlandım. Bundan sonra isə
Azərbaycanın dövlət bayrağını yerə
atıb, Amidlə məni bayrağın üstünə çıxmağa
məcbur etdilər. Həm zorlama, həm də bayrağın
tapdalanması düşmən hərbçiləri
tərəfindən videokamera ilə çəkildi.
Bizə tanış gəlməyən əlifbada yazılmış
kağıza qol çəkdirdilər.
T.Bağırov ifadəsində onu da qeyd edib ki, 2007-ci
ilin noyabr ayında A.Vəliyev ona cinsi
əlaqədə olmağı təklif edib. Əks
təqdirdə onu düşmən hərbçisi
tərəfindən zorlanması barədə rüsvayçı
məlumat yayacağı və düşmən hərbçiləri
tərəfindən öldürtdürəcəyi ilə
hədələyib. Bundan sonra A.Vəliyev T.Bağırovu
1 saylı döyüş postunun ərazisində yerləşən
tualetdə zorlayıb.
Məhkəmədə şahid qismində ifadə
verən Rəhim Məcidov qeyd edib ki, tibb
məntəqəsində müalicə olunduğu müddətdə
məntəqənin ərazisində A.Vəliyevin T.Bağırovu
sonuncunun onu düşmən tərəfə keçirib düşmənə
hərbi sirr vermələri, Azərbaycanın dövlət
bayrağını tapdalatdırmaları və düşmən
hərbçisi tərəfindən zorlanması
barədə bir-biri ilə mübahisə etdiklərinin
şahidi olub. Eyni zamanda həmin mübahisə
zəminində A.Vəliyev T.Bağırovu
hədələyərək boğazından tutub boğub.
Bundan sonra tibb məntəqəsində R.Məcidov
A.Vəliyevdən həmin məlumatların doğru
olub-olmadığını soruşduqda, o, bunu
təsdiq edib. Bildirib ki, silah oğurlamaq
məqsədilə bir neçə dəfə düşmən
tərəfə keçməyə cəhd göstərib.
Bu məlumatları eşitdikdən sonra R.Məcidov başa
düşüb ki, A.Vəliyev Ermənistan Respublikasının
Silahlı Qüvvələrinin əməkdaşları
tərəfindən məxfi əməkdaşlığa
cəlb edilib və bu barədə hərbi hissə
rəhbərliyinə məlumat verib. Bununla da MTN-in
Hərbi Əks Kəşfiyyat İdarəsinin
əməkdaşları Amid Vəliyevi və sonradan
digər hərbçiləri yaxalayıblar.
Cavad CAHANGİRLİ