Türkiyə PKK terrorçularının 17
əsgərin həlak olması ilə
nəticələnən son hücumunun şokunu yaşamaqdaykən
MHP başqanı Dövlət Baxçalı terror təşkilatının
parlamentdə güclü dəstəyə malik olması
haqda açıqlama verib. Partiyanın parlament qrupu qarşısında
çıxışı zamanı Baxçalı deyib ki, PKK-ya
bağlı xarici İnternet saytlarından birində bu
cür məlumat yerləşdirilib: Parlamentdə kritik
durumda bizimlə birgə hərəkət edə
biləcək 96 millət vəkili var.
Baxçalının dediyinə görə, həmin saytda
PKK-ya simpatiyası olan millət vəkillərinin siyahısı
da verilib. Hökumətin PKK-ya qarşı mübarizə
siyasətini tənqid edən Baxçalı deyib ki, terror
təşkilatına qarşı sərt mübarizə
aparılmalı, onlar gizləndikləri yerdə tapılıb
məhv edilməlidir. O, hökuməti terrorla mübarizəni
sərtləşdirmək üçün zəruri hüquqi
islahatlar aparmağa da çağırıb. MHP lideri ad çəkmədən
parlamentdə 22 millət vəkili ilə təmsil
olunan kürdlərin Demokratik Toplum Partiyasını da
tənqid edib və onların terrora açıq
dəstək verdiyini bildirib.
Qeyd edək ki, Türkiyə parlamentində nəinki PKK-ya
simpatiyası olan, hətta bu terror təşkilatının
üzvü sayılanların olması yeni deyil. DTP-dən
parlamentə seçilənlər arasında PKK lideri
Abdullah Öcalanın vəkilləri, vaxtilə bu terror
təşkilatına üzv olduğuna və yardım
etdiyinə görə həbs edilənlər də var.
Məsələn, DTP-dən millət vəkili olan
Aysel Tuğluk parlamentə seçilərkən hələ
həbsxanadaydı və PKK üzvü olduğuna görə
məhkum edilmişdi. Lakin iqtidarda olan Ədalət
və İnkişaf Partiyasında da xeyli kürd millət
vəkilləri var. Onların sayı 90-dan çoxdur. AKP-li
kürd millət vəkillərinin bir çoxunun da PKK-ya
simpatiyasının olması haqda söz-söhbətlər
yeni deyil. Göründüyü kimi, PKK hətta Türkiyə
parlamentindəki dəstəkçilərinin siyahısını
yayacaq qədər cəsarətlənib. Güman ki, söhbət
DTP ilə birlikdə, həm də AKP-li kürd millət
vəkillərinin bir hissəsindən gedir. Son parlament
seçkilərində AKP ölkənin kürdlərin çoxluq
təşkil etdiyi cənub-şərq bölgəsində
ən çox səs almışdı. İraqın kürd
lideri Məsud Bərzani isə kürdləri AKP-yə
səs verməyə çağırmışdı.
İndi AKP hökuməti PKK-nın son qanlı hücumundan
sonra terrorla mübarizə siyasətinin yetərsiz olmasına
görə müxalifətin və vətəndaş
cəmiyyəti qurumlarının tənqidləri
ilə üz-üzədir. Bu tənqidlər zamanı
səslənən arqumentlərdən biri də budur
ki, hökumət İraqın şimalında PKK-nı
dəstəkləyən Bərzani qüvvələrinə
qarşı sərt davranmır. Türkiyə parlamenti bir
il əvvəl silahlı qüvvələrə İraqın
şimalında əməliyyat aparmağa
səlahiyyət verən qətnamə çıxarsa da,
həmin sənəddə Bərzaniyə bağlı
qüvvələr hədəf kimi göstərilmirdi. Dünən
parlament bu qətnamənin müddətini uzadıb. Lakin
prezident Abdullah Gül bildirib ki, qətnamə İraqın
şimalındakı nöqtə hədəflərə
qarşı yönələcək və PKK-ya qarşı
irimiqyaslı əməliyyatların aparılmasını
nəzərdə tutmur. Gül İraqın şimalındakı
kürd administrasiyasını da dolayısı ilə
təmizə çıxarmağa çalışaraq qeyd edib
ki, PKK yuvaları Şimali İraqın nəzarət
edə bilmədiyi bölgələrdə yerləşib.
Türkiyə prezidenti deyib ki, İraqın şimalındakı
kürd əhalisinin bütün ehtiyacları Türkiyədən
qarşılanır, hər gün 4 minə yaxın yük
maşını bölgəyə zəruri tələbat
malları daşıyır.
F.MƏMMƏDOV