Mübariz S. Əzimli
Əxlaqın qiyməti
İnsanın bütün qələbələri öz nəfsi üzərində qələbədən başlayır
Məhəmməd Peyğəmbər (s.s.)
90-cı illərin əvvəllərində Azərbaycanda yarıgizli çıxan bir satirik qəzet vardı - "Çeşmə". Bu qəzetdə çap olunan müxtəlif lətifələrdən birində deyilirdi ki, bir nəfər Parisə gəlir, oturur taksiyə. Taksi sürücüsü şəhərin ayrı-ayrı küçə və meydanlarından keçdikcə bu yerləri qonağa təqdim edir: -Bax, bura filan meydandır, burada filan ölkədən olan qadınlar yığışır, bunlar çox ucuzdur, bu küçədə filan ölkədən gəlmiş qadınlar durur, bunlar bahadır, bu meydanda ..., nəhayət qonaq dözməyib soruşur, bəs sizdə əxlaqlı qadın yoxdur? Sürücü halını pozmadan: -Niyə yoxdur, var! Amma onlar çox bahadır, deyir...
Azərbaycanda "seçkilər" yaxınlaşdıqca, və bu seçkilərdə əslində seçim olmayacağına heç kimdə şübhə qalmayan bir vaxtda vətənimizdə Röyadan sonra ən populyar adam olan Andres Herkel qayıdıb hər şeyin yaxşı olacağını, demokratik seçki keçirilməsi üçün hansısa "texniki dəyişikliklərin" aparıldığını bildirir!? Bu Avropa siyasətçisinin əxlaqlı olduğuna bizim şübhəmiz yoxdur. Avropanın əxlaqlı qadınları kimi əxlaqlı siyasətçilərinin də çox baha olduğunu da bilirik. Ona görə indi məni fikir götürüb, əcaba yazıq İlham Əliyev Herkelin əxlaqına toxunmaq üçün görəsən nə qədər xərc çəkib? Məlum məsələdir ki, söhbət milyonlardan gedir. Xalqın, gələcək nəsillərin milyonlarından. Mətbuatımız Herkelin də belə getdiyini yazır. Nə qədər apardığını isə yazan yoxdur.
Bu günlərdə xalqımızın ən əxlaqlı qadını olan Flora xanım da İlham Əliyevə səs verəcəyini söylədi. Səbəb kimi də İ.Əliyevin xarici siyasətdəki uğurlarını (???) göstərdi. Bir həftə sonra da İlhamı hələ onun gəncliyindən sevdiyini (!!!)əlavə etdi. Flora xanımın da yüksək əxlaqa malik olduğunu, uzun illər boyu Heydər Əliyevin onun əxlaqına toxuna bilmədiyini hamımız bilirik. İndi məlum olur ki, sadəcə, Flora xanımın əxlaqına toxunmağa H.Əliyevin pulu çatmırmış. İlhamın isə pulu çoxdur. Belə olmasaydı, o, bir neçə ayın içində Sərdar Calaloğlu, Tahir Kərimli, Çingiz Dəmiroğlu, Fazil Qəzənfəroğlu, Qulamhüseyn Əlibəyli, Nizami Quliyev və başqa əxlaqlı insanların əxlaqına toxuna bilməzdi. Axı bunlar əxlaqlı insanlardır! Deməli çox bahadırlar!
İş o yerə gəlib ki, İlham Əliyev ən əxlaqlı müxalif-multimilyoner Rəsul Quliyevin də əxlaqına göz tikib. R.Quliyevin sıradan bir əxlaqlı olmadığı, onun əxlaqının qiymətinin milyonlarla deyil, milyardla ölçüldüyü hamıya məlumdur. Heyif o pullardan. İ.Əliyev hər seçkiyə bu qədər xərc çəksə, axırda müflis olacaq.
Bu gün yayılan xəbərə görə Müsavat Partiyası Məclisinin sabiq üzvü Seyid Camal Əzimbəyli də «Rəhbəri olduğum «Təbliğ» İslam Xeyriyyə Vəqfinin və Qarabağın seyid ocaqlarının mənə verdiyi səlahiyyətdən istifadə edərək, Azərbaycan xalqını seçkilərdə fəal iştirak etməyə, eyni zamanda müstəqil dövlətimizin bütövlüyü və inkişafı naminə, İlham Əliyevə səs verməyə çağırıram» deyib. Mən onu başa düşürəm. Əxlaqının qiymətini də təqribən bilirəm. Bu, ucuzlardandır. Başa düşmədiyim "Qarabağın seyid ocaqlarının mənə verdiyi səlahiyyət" ifadəsidir. Görəsən o, hansı seyid ocaqlarından danışır? Ermənilərin hər gün Əliyevlərin sağlığına konyak içdikləri, sonra da murdarladıqları ocaqlardan? Bu "ocaqlar" adama səlahiyyət də verirmiş!? Ocaqdakı gücə bax!
Mən, yuxarıda adı çəkilən və adını çəkmədiyim adamların əxlaqına şübhə etmirəm. Sadəcə, hər bir insanın alışdığı, təsəvvür etdiyi və alışmadığı, təsəvvür etmədiyi rəqəmlər var. Bax, belə rəqəmləri insanın qulağına pıçıldadıqda bu, insanda baş gicəllənməsinə və beyin tormozlanmasına səbəb olur. Şüur bu rəqəmlərdəki sıfırları saya bilmədiyinə görə qarışır və öz yerini hissiyyata buraxır. Və nəfs deyilən duyğu insana sahib olur. Nəfsin süurdan önə keçməsi isə insanın Allahdan qopub Şeytana tapınması ilə nəticələnir. Məhəmməd Peyğəmbər (s.s.) nahaq yerə deməmişdir - İnsanın bütün qələbələri öz nəfsi üzərində qələbədən başlayır.
İlham Əliyevin öz xərcləri azmış kimi, bu yandan da atasının köhnə dostları baş qaldırıb, hərə öz payını tələb edir. Bu günlərdə dünyanın ən məşhur fırıldaqçısı olan Viktor Kojeni "Bloomberg"in müxbiri ilə söhbətində ARDNŞ-i almaq üçün Heydər Əliyev və digər rəsmilərə nağd şəkildə bir neçə milyon dollar verdiyini deyib. O, razılaşmanı xilas etmək üçün keçmiş prezident Heydər Əliyev və digər rəsmilərə neft şirkətinin səhmlərindən üçdə ikisini (!!!) vəd etdiyini, üstəlik, nağd şəkildə bir neçə milyon dollar verdiyini deyib. Kojeninin dediklərindən belə çıxır ki, dünyanın ən məşhur fırıldaqçısını Heydər Əliyev aldadıb. İndi Kojeninin ağzını yummaq üçün yenə yazıq İlham xərcə düşməlidir. Atasının aldığı pulları qaytarmasa bu fırıldaqçının ağzı yumulan deyil. Bir də ki, insafla danışsaq, o pulları elə İlham özü xərcləyirdi, daha dəqiq desək qumarda uduzurdu. Ona görə ödəməsi də onun payına düşür.
Bu xəbərlərin fonunda İlham Əliyev çoxəlli buddaya bənzəyir - beş əllə azərbaycan xalqından yığır, beş əllə əxlaqlı adamlara paylayır. Dünyada və vətənimizdə də ki, əxlaqlı adam nə qədər istəyirsən.
Bu münvalla İlham Əliyev bank işçisinə dönəcək. Bildiyiniz kimi, bank işçisi səhərdən axşama qədər pul alıb, pul verir, axşam evə əli və cibi boş gedir. İlham da gedəndə əli və cibi boş gedəcək. Buna inanın!
Stokholm, İsveç
04.10.2008