Mübariz S. Əzimli

Seçmək və seçilmək mədəniyyəti

Görəsən "xidmət" sözünün mənasını anlayan və qəbul edən neçə seçilmiş azərbaycanlı var?

Bir anlıq fikrinizi toparlayın və yadınıza salın - şəxsən siz, ətrafınızdakı konkret vəzifəli şəxslər seçkili vəzifələrə necə, hansı şəraitdə seçilmişsiniz. Səmimi olsanız, razılaşacaqsınız ki, əslində bu, seçki olmayıb. Qabaqcadan hər şey ölçülüb-biçilib, razılaşdırılıb, şanslı alternativlər aradan çıxarılıb, seçki proseduru pozulub, yetərsay olmayıb və s. Belə "seçkinin" nəticəsində vəzifə tutan şəxsi də, təbii olaraq, onu "seçmiş" insanların rəyi az maraqlandırır. Ona görə də özək sədrindən tutmuş prezidentə qədər hər bir vəzifəli şəxs bu vəzifənin ona ata-babadan qaldığını zənn edir, seçicilərin qarşısında cavabdeh olduğunu, onların xidmətçisi olduğunu heç ağlına da gətirmək istəmir.

Azərbaycan TV-lərinin səhərdən-axşama qədər nümayiş etdirdikləri əcnəbi filmlərdə tez-tez səslənən "mən seçiciyəm", "bəs sizə nə üçün səs vermişik?", "sizi biz seçmişik", "mən vergi ödəyirəm", "sizin məvacibinizi biz veririk" ifadələri heç diqqətinizi çəkibmi? Əcəba, bunlar nə demək istəyirlər? Bu ifadələrin müəllifləri seçkili orqanların işçilərinə haqlı olaraq irad tuturlar ki, "mən səs verib sizləri seçmişəm ki, ödədiyim vergilərdən məvacib alaraq mənim mənafeimə xidmət edəsiniz". Görəsən "xidmət" sözünün mənasını anlayan və qəbul edən neçə seçilmiş azərbaycanlı var? Mən çox az belə adam tanıyıram. Səbəb yuxarıda səsləndirdiyimiz ifadələrdə öz əksini tapıb - bu vəzifəliləri kimsə seçməyib, onların məvacibini həmin seçicilər ödəmir, onları tutduqları vəzifədən seçicilər çıxara bilməz.

Misal üçün gəlin İsveçdəki vəziyyətə baxaq ("aşıq gördüyünü çağırar", deyiblər). Bilənlər bilir, bilməyənlər üçün deyirəm - İsveç konstitusiyalı monarxiyadır. Bu dövlətdə ali hakimiyyət "statsminister"ə, yəni baş nazirə məxsusdur. Onu isə parlament seçir. Dövlət başçısı olan İsveç kralının heç bir siyasi hakimiyyəti yoxdur. O, ölkəni simvolizə edir. Kral ailəsinə aid olan bütün məsələləri, o c. ailənin büdcəsini, hətta səltənətin kimə ötürüləcəyini parlament müəyyənləşdirir (bu məsələyə çoxdan aydınlıq gətirilib - növbəti monarx kralın böyük qızı Viktoriya olacaq (bax: http://sv.wikipedia.org/wiki/Kronprinsessan_Victoria). Parlament isə hər 4 ildən bir keçirilən seçkilərdə formalaşır. Bu gün 9 milyon əhalisi olan İsveçdə 3 milyan ictimai cəmiyyət fəaliyyət göstərir! Bax, ölkəni idarə edən də bu cəmiyyətlərdir. Buna xalq hakimiyyəti də demək olar. Əbəs deyil ki, isveçlilər inzibati bölgüləri, yəni bələdiyyələri "kommun" adlandırırlar. Hər böyük binada, hər məhəllədə "lokal" adlanan ictimai otaqlar var ki, binada, məhəllədə yaşayan isveç vətəndaşları və İsveçdə yaşayış hüququ almış xarici vətəndaşlar (!!!) burada toplaşaraq onları maraqlandıran məsələləri müzakirə edir, qeyd və təkliflərini kommuna göndərirlər. Hər böyük binada, hər məhəllədə kommunun sakinlər tərəfindən seçilmiş bir nümayəndəsi olduğuna görə təkliflərin kommuna çatdırılmasında problem yaşanmır. Kommunun vəzifəsi isə xalqın, seçicilərin istək və təkliflərini sistemləşdirib həyata keçirməkdir. Bunun üçün onların hər bir imkanı var. Yığılan vergilərin 50%-i kommunların ixtiyarına verilir. Beləliklə, hər kommun öz ərazisinin bütün problemlərini bilir və həll edir. Və öz növbəsində, ümumiləşdirilmiş xalq təkliflərini parlamentdəki nümayəndəsi vasitəsi ilə hökümətə çatdırır. Mərkəzi hökümət ancaq dövlətin qlobal problemləri ilə məşğul olur. Kommun nümayəndəliyindən tutmuş, statsministerə qədər heç bir fəzifə heç kimə heç bir əlavə səlahiyyət və gəlir gətirmədiyinə görə bu vəzifələri tutmaq uğrunda da heç bir ciddi mübarizə getmir. Bu seçkili orqanlarda çalışan insanlar öz xalqına xidmət etmək istəyən insanlardır. Onlar seçicilər qarşısındakı borclarını və məsuliyyətlərini yaxşı başa düşürlər, bunu unutmaq imkanları isə yoxdur. Onları o vəzifələrə seçmək mexanizmi kimi, vəzifələrindən uzaqlaşdırmaq mexanizmi də seçicilərin əlindədir.

Dili qafillər bunları oxuyub deyəcəklər ki, bizdə ali hakimiyyət prezidentə məxsusdur və onu heç kim seçməyib. Lap elə deyək ki, düz deyirlər. Niyə narahat olursunuz, 43 gündən sonra gedib seçərsiniz. Onu seçməyib də, kimi seçəcəksiniz, Hafizi, yoxsa Qulamhüseyni? Prezidentin heç olmazsa pulu-parası, boyu-buxunu var, o biri namizədlərin nəyi var? Prezidenti qoyaq bir yana. Onu seçib-seçməmək bu gün bizim əlimizdə deyil. Siz mənə deyin görüm həyatınızda ən kiçik bir vəzifə tutan adamın seçkisini layiqincə təşkil edib, seçmisinizmi? Əgər seçməmisinizsə, məktəbdə sinif nümayəndəsindən başlayaraq hər yerdə hər seçkili vəzifəni sizə zorla qəbul etdiriblərsə və siz bununla razılaşıb susmusunuzsa, hansı haqla prezidenti seçmək istəyirsiniz? Gücünüz elə ona çatır? Bax, elə ona görə də milli-demokratik hərəkatın iki mətin və parlaq nümayəndəsi indi prezidentin müdafiəsinə qalxıb, onu seçdirmək üçün xüsusi qərargah yaradır.

Mənə deyə bilərsinizmi bu gün iqtidarı, İ.Əliyevi əvəz etmək istəyən siyasi qüvvələrdən hansının sədri, rəhbər orqanları normal seçki prosesindən keçərək seçilib? Yəqin bunları saymağa bir əlin barmaqları kifayət edər, hələ artıq da qalar. Bəyənmədiyimiz iqtidarın mənəvi haqqı var bizə sual eləsin - demokratik, şəffaf seçki elə yaxşı şeydirsə, niyə öz təşkilatlarınızda bunu tətbiq etmirsiniz? Əgər etmiriksə, edə bilmiriksə hansı haqla bunu başqalarından tələb edirik? 88-ci ildən bu yana hansısa "seçilmiş" liderin öz vəzifəsindən əl çəkdiyini gördünüzmü? Bir Etibar Məmmədov seçicilər qarşısında hesabat verməli olduğu partiya sədri vəzifəsindən istefa verib, heç kimə hesabat verməyən, amma hakimi-mütləq olan "lider" vəzifəsinə keçdi. Onun yerinə seçilən yeni sədr müstəqil bir addım atan kimi "lider" "hələ mən ölməmişəm" deyərək ortaya çıxdı və partiyanı parçaladı. Eləsə, məni başa salın görüm, onun iqtidardan mahiyyətcə nə fərqi var? Siz ümid edirsiniz ki, E.Məmmədov hakimiyyəti ələ alsa indiki iqtidarın hərəkətlərini etməyəcək? Təcrübə göstərir ki, edəcək! Hələ 90-cı ildə E.Məmmədov dedi ki, yadelli demokratdansa, qoy öz xalqımın diktatoru olsun! Onun bu arzusu çin çıxdı. Oldu! İndi də bu sözü Güneyli soydaşlarımız deyir. Demokratik dövlət qurmağa qadir olmadıqlarını anladıqlarına görə, milli diktator arzusu ilə yaşayırlar. Azərbaycan Respublikasının taleyi hələ bunlara dərs olmayıb.

Bu prezident seçkiləri də belə keçəcək. Amma bu gedişlə heç növbəti seçkilərdə də azad, demokratik, şəffaf seçkilərin keçiriləcəyinə inanmaq olmur. Ona görə yox ki, bunu iqtidar istəmir, ona görə ki, biz özümüz buna hazır deyilik. Bu iqtidar ən yaxın zamanda böyük güclərin burulğanına düşərək gedəcək. Amma bu gediş və o gəliş yenə də seçki nəticəsində olmayacaq. Sinif nümayəndəsini seçə bilməyən xalqa bu qədər sərvəti olan bir dövlətin ali orqanını seçməyə kim imkan verər? Yenə də sizə kimi sırısalar ona da qane olacaq, yenə də "bəlkə bu ... ondan yaxşı oldu" deyərək öz-özünüzü aldadacaqsınız. Sonra da məlum olacaq ki, bu ... ondan da pis imiş! Və uşaqlarınızın qəzəb və sual dolu gözlərinə baxmamaq üçün başınızı salacaqsınız aşağı... Allah heç kimi heç kimin yanında başıaşağı eləməsin!

Əziz oxucu, əziz azərbaycan gənci, ahılı, qocası,... müsavatçılar, cəbhəçilər, yapçılar,... xalqımız "vurmaq istəməyən daşın yekəsindən yapışar" deyib. Xalqın sözü Həqqin sözüdür. Demokratik prezident seçkiləri keçirməzdən öncə çalışın işlədiyiniz idarədə, məktəbdə, bağçada, siyasi partiyada bir seçkili orqanın ən kiçik vəzifəsinə gözlənilən seçkini bütün demokratik normalara riayət edərək keçirin. Alınsa, qalan bütün seçkilərimiz də alınacaq. Yoxsa, nə özünüzü incidin, nə də Məzahir Pənahovu...

02.09.2008