Mübariz S. Əzimli

12-ci sinfin azərbaycan dili dərsi

Azərbaycan məktəblərində 11 il şagirdlərə azərbaycan dili tədris olunur. Lakin...

Son 5 ildə Vətəndən uzaqda - İsveçdə yaşadığım üçün doğma vətənimiz haqqında məlumatları əsasən internet vasitəsi ilə alıram. Müxtəlif sitələr, elektron qəzetləri oxuduqca, dilimizin - azərbaycan türkcəsinin yeni azərbaycan cəmiyyəti kimi gündən-günə aşındığının şahidi oluram. Gözümün qarşısına 60-70-ci illərin Azərbaycan Radiosu, Az.TV-si gəlir. Abbas Mirzə Şərifzadə, Aydın Qaradağlı, Müxlis Cənizadə məktəbinin yetirmələri olan Natəvan Hacıyeva, Roza Tağıyeva, Rafiq Hüseynov, Əminə Yusifqızı, Səməndər Rzayev, Məhluqə Sadıqova, Hamlet Xanızadə, Şahmar Ələkbərov... Bu siyahını çox uzatmaq olar. Bu insanların hər biri bir azərbaycan dünyası idi. Onların qəlbləri azərbaycan sevdası ilə vururdu. Vətənini, millətini, dilini nə qədər sevməlisən ki, rus dilində təhsil almış Rafiq Hüseynov kimi, sonradan öz üzərində illərlə işləyərək doğma dilimizi bu qədər gözəl danışasan?!

Hələ 2003-cü ildə jurnalistlərimizin dilimizin başına gətirdiyi oyunlara dözə bilməyib "Yeni Müsavat" qəzetinin saylarından birində bütün yazarların yazılarını redaktə etdim. Nəticədə qəzet qap-qara qaraldı. Ən ciddi düzəlişlər isə baş redaktorun iki səhifəlik baş məqaləsinin payına düşdü. Bu qəzeti o vaxt baş redaktorun birinci müavini olan Qabil Abbasoğluya təqdim etdim ki, özləri üçün nəticə çıxarsınlar.

O vaxtdan bu problem mənə rahatlıq vermir. Problemin vacib tərəflərindən biri də odur ki, Güneyli soydaşlarımız ədəbi dilimizi bizim yazılarımızdan öyrənməyə çalışırlar. Görəsən onlar qəzetlərimizi oxuyub, Az.TV, İTV və başqa TV-lərə, işçilərini küçədən tutduğu ilə fəxr edən ANS-ə baxıb nə öyrənirlər? Bu, rus dilini sovet ordusunda öyrənməyə bənzəyir. Sovet ordusunda xidmət etmiş nəsil məni yaxşı başa düşər.

Görəsən mətbuatımıza "mümkünsüzdür", "baş tutacaq" səfər, "dünyasını dəyişdi", "güllə yarasından vəfat etdi" ifadələrini kim gətirib? Azərbaycan dilində "mümkünsüz" sözü yoxdur, "mümkün" və "mümkün olmayan" var! Dilimizdə "dünyasını dəyişmək" fəlsəfi ifadədir, bu ifadəni xəbər janrında işlətmək savadsızlıqdır. Güllə yarasından ölən adam "vəfat etməz", ya həlak olar, ya şəhid olar, ya öldürülər, ya da keçinər. Necə yəni - "Özbəkistan prezidentinin sentyabrın 11-də Azərbaycana baş tutacaq rəsmi səfəri zamanı..." ? Bu səfərin baş tutub-tutmayacağını Allahdan başqa kim hökm edə bilər? Burada "baş tutacaq" yerinə "nəzərdə tutulan" yazılmalıdır. Dilimizdə "fəci idi", "yasaladı" ifadələri yoxdur. "Fəci" ərəbcədir, "yasa" isə türkcə. Amma "fəci idi" və "yasaladı" bu ifadələrin müəllifinin yaratdığı yeni dildədir ki, bu dilin hələ adı yoxdur. "www.president.az" sitəsinin yaydığı xəbər: "Sumqayıtda Prezident İlham Əliyev əlillərə və şəhid ailələrinə yeni mənzillərin istifadəyə verilmə mərasimində iştirak etmişdir". Burada "savadlı" redaktor "mənzillərin istifadəyə verilməsi" ifadəsi ilə "əlillərə və şəhid ailələrinə yeni mənzillərin açarlarının təqdim olunması" və ya "əlillərin və şəhid ailələrinin yeni mənzillərlə təmin olunması" anlayışlarını bir-birinə qarışdıraraq yeni bir dil icad etmişdir. Onun bəxti gətirib ki, İ.Əliyev dilimizi yaxşı bilmir. Yoxsa redaktor öz vəzifəsində çox qalmazdı.

Azərbaycanda yaramaz məmurları qoruyan diffomasiya haqqında qanun var, müqəddəs dilimizi qoruyan qanun isə yoxdur. AMEA-nın nəhəng Dilçilik İnstitutu, Yazıçılar Birliyi, Mətbuat Şurası, Yeni Nəsil Jurnalistlər Birliyi, qılıncının dalı da, qabağı da kəsən Milli Televiziya və Radio Şurası və s. qurumlarımız var, amma dilin yiyəsi yoxdur. Odur ki, kim necə istəyir, elə də yazır. Ümid qalır ayrı-ayrı yazarların vicdanına...

Mən nə dilçiyəm, nə də ədəbiyyatçı. Özüm də dağma Vətənimizdən, elimizdən, dilimizdən 6 min km məsafədə yaşayıram. Azərbaycan türkcəsini hamıdan yaxşı bildiyim iddiasından da uzağam. Bu gün doğma türkcəmizi az-çox bildiyimə görə də ailəmə, müəllimlərimə, yuxarıda adlarını çəkdiyim dahi sənətkarlarımıza borcluyam.

Mənim bu yazım bu işin əsl sahiblərinə - dilçi mütəxəssislərə bir çağırışdır. Çörək pulu qazanmaqdan başınız ayılanda, zəhmət də olsa, hərdən dilimizlə də məşğul olun!

Stokholm, Isveç

31.08.2008