Ortada qalan Azərbaycan
(
Burada "orta" coğrafi deyil, mənəvi anlayışdır)Mollanın məhşur lətifəsindəki kimi deyəsən son Qafqaz davası bizim yorğanın, yəni Qarabağın başında tamam olacaq.
Sovet İttifaqının dağılması ilə avrasiya məkanında yeni global situasiya
yarandı və NATO Ukrayna, Moldova, Cənubi Qafqaz və Türküstanı (Orta Asiya) əhatə edən qonşuluq konsepsiyasını irəli sürdü. Adı çəkilən regionların yeni müstəqil dövlətlərinin NATO tərəfindən müxtəlif əməkdaşlıq proqramlarına cəlb olunmaları avroatlantik məkanın Çinin sərhədlərinə gədər uzanacağının göstəricisi idi. Lakin bəzi NATO ölkələrinin bu genişlənməyə ehtiyatlı yanaşması, postsovet dövlətlərinin kommunist məfkurəsindən uzaqlaşa bilməməsi bu prosesi ləngitdi. 11 sentyabr hadisəsindən sonra ABŞ birtərəfli olaraq, Özbəkistanda, Qırğızıstanda hərbi bazalar yaratsa da, bu, NATO-nun genişlənmə proqramından kənara çıxan lokal və müvəqqəti addımlar idi.Bu zaman ərzində Rusiyanın gündən-günə aktivləşən, aqressivləşən siyasətinin şahidi olduq. Yavaş-yavaş özünə gələn Rusiya postsovet respublikalarında itirilmiş mövqelərini addım-addım bərpa etməyə başladı. Rusiyanın bugünkü aqressiv, işğalçı siyasətinin işartıları Putinin ilk hərəkətlərindən görünürdü. Amma o, Çeçenistana qoşun yeritməyə bəhanə olsun deyə, Rusiyanın müxtəlif şəhərlərində partlayışlar törədib, minlərlə günahsız vətəndaşının ölümünə səbəb olanda və bu vəhşiliyi Çeçenistan rəhbərliyinin adına yazanda hamı susdu, o, Çeçenistanı, paytaxt Qroznını yerlə bir edəndə hamı susdu, Çeçenistanın seçilmiş 3 prezidentini qətlə yetirəndə hamı susdu, adını "sülhməramlı" qoyub
, Abxaziyaya, Cənubi Osetiyaya ordu yeridəndə hamı susdu... Bugünkü kobud işğal bu sadaladıqlarımızın məntiqi davamıdır. Yeni heç nə baş verməyib. İndi niyə təcüblənirik?Zənnimcə Dostoyevski deyib ki, Allah Rusiyanı ibrət üçün yaradıb. Yəni bütün dünya "pisin" necə olduğunu görsün və çalışsın belə olmasın.
I Pyotrdan bu yana bu "pis", dünyaya meydan oxuya-oxuya yoluna davam edir və qarşısına nə çıxırsa məhv edir. Az-çox kitab, qəzet oxuyan hər kəs bunları bilir. Əsrlərdir çarlar dəyişir, rejimlər dəyişir, dövlətin adı dəyişir, amma rus imperializminin xarakteri və mahiyyəti dəyişməz olaraq qalır. Heç bir vicdanlı politoloq Çar Rusiyası, SSRİ və RF-nın velikorus işğalçı siyasətində mahiyyət fərqinin olduğunu söyləyə bilməz.8
avqust 2008-ci il Rusiyanın əsrlərdən gələn işğalçı siyasətinə "dur!" deyilən gündür. Bu "dur!"u qonşu gürcü xalqı dedi. Uzun illərdən bəri Qafqaz uğrunda gedən gizli savaş bu tarixdən açıq müstəviyə keçdi. Yeni Qafqaz savaşı başlamış oldu. Biz, Azərbaycan Respublikası olaraq, bu savaşa hazırıqmı? Savaşda iştirak edən tərəflər bir yana dursun, biz özümüz bu savaşdakı yerimizi və mövqeyimizi bilirikmi? Dəhşətli, böyük güclərin savaşında tərəf, iştirakçı olmaq deyil, ən dəhşətlisi bu savaşda tərəfdə yox, ortada qalmaqdır. Bu gün Azərbaycan ortadadır. Ortada qalanın aqibətini də bilirsiniz, adətən bütün zərbələr ona dəyir.Bizim "müdrik" iqtidar tərəf saxlamağa, tərəf olmağa cürət etmədiyinə görə bu şərəfsizliyi "balanslaşdırılmış" siyasət adı altında tərəfsizlik kimi qələmə verməyə çalışdığı bir zamanda, o "balans"lardan biri olan Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyır və prezidentinin diliylə Azərbaycanı nəzərdə tutaraq, "qoy başqaları özləri üçün nəticə çıxarsınlar" deyir. Rusiyanın açıq təhdidini bir az da açsaq bu, belə səslənər - "Azərbaycan sabah Qarabağı azad etmək fikrinə düşsə, onun da bütün şəhərlərini bombalayıb DQR-nın müstəqilliyini tanıyacağıq". Beləliklə, Rusiya artıq diplomatiyadan ultimatuma keçib, qonşuları ilə ultimativ tonda danışır.
Gürcüstan bu zorakılığa ABŞ başda olmaqla NATO ölkələrini, AB-ni yanına alaraq qarşılıq verməyə çalışır. Bəs biz Rus imperiyasının önünə nə ilə çıxacağıq - dövlət adlanan feodal tayfa rejimi, korrupsiyanın yeyib-tükətdiyi silahlı qüvvələr, yoxsa avtoşlar və manıslar ordusu ilə? Müsavat Partiyası da yaydığı bəyənatda tənbəllik etməyərək bu rejimdən
"...daha dəqiq siyasət yeritməyi, xarici siyasətdə Avro-Atlantik məkana, ilk növbədə NATO-ya inteqrasiya istiqamətində birmənalı və aydın addımlar atmağı tələb edir"... İnanaq ki, bu bəyənatdan sonra iqtidarımız öz siyasətini kökündən dəyişəcək, Ramiz Mehdiyev isə Abbasqulu Ağa Bakıxanov kimi rusun orden-medallarından imtina edəcək? Etməyəcək axı!"Qırmızı" bütü "yaşıl" bütə dəyişmiş Azərbaycan iqtidarı səltənətini qoruyub-saxlamaq naminə öz dövlətini də, xalqını da Rusiyaya qurban verməyə hazırdır. Təki onların tayfa maraqlarına toxunulmasın. Hadisələrin bu yöndə inkişaf etməməsi isə artıq xalqın öz taleyinə sahib çıxmasından asılıdır.
Azərbaycanda və Ermənistanda rejimlərin dəyişməsi, NATO standartlarına uyğun gələn siyasi qüvvələrin iqtidara gəlməsi zərurətdir. Avroatlantik məkanın müəyyən siyasi-hüquqi-mənəvi minimum normaları var ki, bu iki dövlətin indiki iqtidarları heç cür bu normalara uyğun gəlmirlər. Orta əsr məfkurəli, təpədən-dırnağa qədər korrupsioner tayfa rejimi NATO-nun tərəf-müqabili ola bilməz. Olmayacaq. Mən Qərb ölkələrinin , qərb insanının mələk olduğunu demək istəmirəm. Bu ölkələrdə də, yaşadığım İsveçdə də korrupsiya halları da var, kral da. Amma bu ölkələrdə korrupsiya dövlət siyasətinə çevrilməmişdir, kral isə öz vətəndaşları ilə eyni hüquqlara malikdir. Onlar bizi öz təşkilatlarına, birliklərinə qəbul etməyə də həvəsli deyillər. Sadəcə, bizə, daha doğrusu bizim resurslara ehtiyacları var. Onların bu ehtiyacından nə dərəcədə səmərəli istifadə edə biləcəyimiz isə artıq bizdən asılıdır.
Avroatlantik məkana yaxınlaşmaq Cənubi Qafqaz üçün avtomatik işıqlı gələcək demək deyil. Bu, sadəcə, nisbi azadlıq, nisbi sabitlik, nisbi demokratiya, nisbi firavanlıq deməkdir. Tam azadlığı, tam sabitliyi, tam demokratiyanı və tam firavanlığı isə heç kimə ümid olmadan illər uzunu addım-addım qurub-yaratmaq lazımdır. Avroatlantik məkan bu yolu üzümüzə açmış olacaq. Bu yolu getmək isə bizim vəzifəmizdir.
Şanxay Əməkdaşlıq Təşkilatının Düşənbədə keçirilən son toplantısı Türküstan respublikalarının hələ bir müddət rusun ətəyindən yapışacaqlarını bir daha nümayiş etdirdi. Amma NATO Ukrayna və Cənubi Qafqaza ən yaxın zamanda gələcək. Və bu gəlişin forması heç də alışdığımız NATO prinsipləri əsasında olmayacaq. Rusiyanın son hərəkətləri, ərazisində milli münaqişələr olan, başqa dövlətlərin hərbi bazaları yerləşən dövlətləri öz sıralarına qəbul etməmək kimi NATO prinsiplərinin artıq köhnəldiyini, məhz bu prinsiplərin Rusiyaya bu dövlətlərdə münaqişə ocaqları yaratmaq, bu dövlətlərdəki hərbi bazalarını mümkün qədər qoruyub saxlamaq üçün stimul verdiyini göstərdi. Belə çıxır ki, NATO Rusiyanın öz qonşularının başına gətirdiyi oyunlara görə məsuliyyət daşıyır. İnanmaq istəyirəm ki, bunu artıq NATO rəhbərliyi də anlayır. NATO öz siyasətinə yenidən baxmasa Moldova, Ukrayna və Cənubi Qafqaz dövlətləri Rusiyanın yaratdığı süni problemlərdən heç vaxt qurtula bilməyəcəklər.
30.08.2008