3 milyon dollar və 3 "at"
Do
ğma dilimizdə "at" sözünün üç əsas mənası var:1. "At" - insanın əhilləşdirdiyi ilk heyvanlardan biri, Məhəmməd Peyğəmbərin (s.s.) meracı zamanı ona minik olan, türkün qardaşı, Koroğlunun dava yoldaşıdır.
2. "At" - azərbaycan türkcəsində feldir, hərəkətin adını - nəyi isə, hara isə atmağı bildirir.
3. "At" - yeni azərbaycanın leksikonunda ən çox işlənən sözdür - kiminsə, kiməsə "at"mağını ifadə edir.
Bu günlərdə vətənimizdə elə bir olay baş verib ki, bu "at"ların 3-nü də bir araya gətirib. Hər bir "at"a ayrı-ayrılıqda baxaq:
1. Pekin olimpiadası öncəsi Gənclik və İdman Naziri Azad Rəhimov Belçikadan 1 milyon 970 min avroya, başqa sözlə təqribən 3 milyon dollara bir at alıb ki, çaparımız Camal Rəhimov olimpiadada uğurla çıxış etsin. O da birinci çıxışı uğurla başa vurub. İkinci təsnifat şıxışında isə əcnəbi at üstünə qoyulmuş qiyməti daşıya bilməyərək aşıb!?... Beləliklə də qiymətli çaparımızı çox qiymətli atı ilə birlikdə yarışlardan uzaqlaşdırıblar.
2. Bu yerdə "at"ın ikinci mənası gəlir. Yəni indi bir maneəni aşa bilməyən 3 milyonluq atı aparıb Bakının cıdır meydanındakı it günündəki tövləyə atmaq olar. Ordan da verərlər ətliyə.
3. İndi gəlib çatdıq əsas məsələyə - bu əməliyyatda kim-kimə nə qədər "at"ıb. Şübhəniz olmasın, nazir Azad Rəhimov atın qiymətində bu pulu ödəyən Dövlət Neft Şirkətinə bir balaca "atıb". DNŞ də öz növbəsində hökümətə, hökümət də bu pulların əsl yiyəsi olan azərbaycan xalqına bir balaca "at"ıb. Belçikanın at dəllalları isə bu madyanı ən gözəl at kimi bizim acgöz və maymaq məmurlarımıza sırımaqla hamımıza necə lazımdır "at"ıblar. İndi bu "üzüqara" atı alan da olmaz, bəlkə satıb ziyanın yarısından qayıdardıq.
Yaxşı ki, bizim kasıb-kusubun qəzet almağa pulu yoxdur. Olsaydı və onlar qəzet alıb bu xəbərləri oxusaydılar paxıllıqdan ürəkləri partlayardı. Biri ata paxıllıq edəcəkdi ki, insanın qara qəpik qiyməti olmayan bir ölkədə qiyməti 3 milyon olan at var, o biri paxıllıq edəcəkdi ki, DNŞ-nin gör nə qədər pulu var ki, 3 milyonla dilxoşluq edir, üçüncüsü də qiymətli çaparımıza paxıllıq edəcəkdi ki, bəxtəvər 3 milyonluq at minir. Axı Azərbaycanda paxıl adam çoxdur - körpəsini doğmağa pul tapmayan qadın, əziz balasına çörək tapmayan ana, ölüsünü basdırmağa yer ala bilməyən ölü yiyəsi, məktəbi başına uçan məktəb direktoru, qəzetini çap etməyə pulu olmayan qəzet redaktoru...Amma bu axırıncıda insafsızlıq etdim. Axırıncını gərək yazmayaydım. Axı qəzetlərin çoxu bu yaxınlarda prezidentdən birdəfəlik yardım aldılar - düz 5000 manat! İndi deyəcəksiniz bir yarıtmaz ata 3 milyon dollar, bir qəzetə 5 min manat? Burda deyiblər "bəy verən atın dişinə baxmazlar". Bu, paydır, məmurların sizə qarşı çıxartdırdıqları məhkəmə qərarları deyil ki, milyonla ölçülsün. Bir də ki, prezidentdə o qədər pul hardandı, o da sizi kimi maaşa baxan adamdır. DNŞ başqa məsələ! Bu, müstəqil şirkətdir. Adının "Dövlət" sözü ilə başlamasına fikir verməyin. Bu sözü şirkətin varlı-dövlətli olması kimi də başa düşmək olar. Bir də ki, yeni azərbaycanda dövlət var ki, onun şirkəti də olsun?
Doğrudan da gözəl, zəngin dilimiz var. Bu dildə düşünmək də, yazmaq da adama ləzzət verir. Heyf ki, dil-dil ötmək, danışmaq, yazmaq üzrə olimpia yarışları keçirilmir. Vallah, bütün medalları biz alardıq!
Mübariz S. Əzimli
mubariz.azimli
@gmail.comwww.musavatisvec.com
Stokholm, İsveç
20.08.2008