Mübariz S.Əzimli
İsveçdə sanitara gülmürlər
Pr
ezident seçkiləri ilə əlaqədar Azərbaycanda cərəyan edən anormal proses bir də öz "sanitarı" ilə yadda qalacaq. Ona görə yox ki, sanitarın prezidentliyə namizədliyi fövqəladə hadisədir, ona görə ki, cəmiyyət sanitarın prezidentliyinə hazır deyil.Yaşadığım İsveç dövlətində parlamentdə ən böyük qrupa sahib olan, keçən ilə qədər son 25 ildə hakimiyyətdə olmuş sosial-demokrat partiyasının yeni sədri Mona Salin (bax: http://sv.wikipedia.org/wiki/Mona_Sahlin) ixtisasca tibb bacısıdır. Və bu fakt nə partiyada, nə də İsveçdə heç kimi narahat etmir. Buna görə insana gülmək isə, isveçlilərin anlayışında, özü gülməli və eyibdir.
Mona Salin
İndi bizim "seçkilərdə" bir sanitar xanım öz namizədliyini irəli sürüb. Hamı ona gülür. O xanıma gülənlərin nəzərinə çatdırmaq istərdim ki, gülməli o sanitar xanımın əməli deyil, gülməli, bəlkə də ağlamalı azərbaycan xalqının düşdüyü mənəvi durumdur. Əsl gülməli vəziyyət odur ki, bizim dövlətdə oğrular, quldurlar, bişərəflər prezidentliyə namizəd ola bilərlər, amma vicdanlı bir sadə insan ola bilməz.
Milli mentalitet deyilən bir anlayış var. Doğma dilimizdə milli dəyərlər də demək olar. Nədir bizim milli dəyərlərimiz? Özündən güclünün qarşısında əyilmək, özündən zəifi əzməyə çalışmaq. Təkəbbür, özündənrazılıq, özündən və ailəsindən başqa heç kimi bəyənməmək, yerli-yersiz hamıya lağ eləmək, sanitar vəzifəsində işləməkdən utanmaq, hər gün əyilməkdən, alçalmaqdan, hər addımda yalan danışmaqdan, riyakarlıqdan utanmamaq. Əliəyriliyi, oğurluğu, yalanı qabiliyyət saymaq. Toylarda araq içib yıxılana qədər oynamaq, cibindəki sonuncu pullarını oynayanların başına səpib özünü göstərmək, ertəsi gün çörək pulunu borc dəftərinə yazdırmaq... Bizim belə milli dəyərlərimiz çoxdur. Hamısını yazıb dünyanı özümüzə güldürməyək. Amma heç yazmamaq, pafosla millətimizin yüksək mənəviyyatından danışmaqla da irəli gedən deyilik.
İsveçin PEN təşkilatının (bax: http://www.pensweden.org/Svenska_press.htm) idarə heyətinin üzvləri ilə bir söhbətimdə bir şəxs haqqında "yezid" sözünü işlətdiyimə görə az qala məni irqçi adlandırdılar. Ürəyimdə dedim "bunlar bizim mətbuatı, DAK-ların bəyənatlarını oxusalar, "GünAz TV"-yə baxsalar nə deyərlər?!" Stokholm Somalidən, Eritreyadan, Afrikanın başqa yerlərindən gələn insanlarla doludur. Bəzən onlar mədəniyyətdən çox kənar hərəkətlərə yol verirlər. Amma mən indiyə qədər görməmişəm ki, bir isveçli onlara bir kəlmə irad bildirsin.
Mən İsveçdə, bütün Avropada hökm sürən bir sıra mənəvi dəyərləri qeyd edib, sözümə davam etmək istəyirəm:
- İsveçdə sahibinin hər hansı bir ev heyvanını və ya quşunu - istər mal-qara olsun, istər toyuq-cücə, kəsməyə, hətta incitməyə haqqı yoxdur. Həyətində saxladığın toyuğu kəsmək istədikdə xüsusi sallaqxanaya müraciət etməlisən;
- Stokholmun parklarında vəhşi qızıl qaz və başqa quşlar insanların əlindən yemək yeyir;
- Bu ölkədə sahibsiz it-pişik yoxdur. Əksər evlərdə it saxlanılır. Amma bu itlər hürmür!!!
- İsveçin paytaxtı olan 2 milyonluq Stokholm şəhərində küçədə dovşan, tülkü, maral görünməsi təbii haldır;
- İsveçdə valideyinlərin öz uşaqlarını vurmağa ixtiyarı yoxdur;
- İsveç məktəblərində şagirdlərin psixikasına pis təsir edər deyə 8-ci sinfə qədər qiymət yazılmır. Eyni zamanda, bu məktəblərdə "ev tapşırığı" anlayışı yoxdur. Uşaq evə istirahətə gedir;
- Tramvaylarda bilet yoxlayan konduktor "biletlərinizi xahiş edirəm" dedikdən sonra hər bir sərnişinin biletinə baxır və hər birinə "çox sağ olun" deyir;
- Hərəkətin nisbətən az olduğu yerlərdəki piyada keçidlərində svetofor qoyulmur. Bu keçidlərdə avtomobillər piyadalara yol verməlidirlər;
- İsveçdə kral və baş nazirdən başqa heç bir dövlət məmurunun cangüdəni yoxdur. Ulof Palme qətlə yetirilənə qədər baş nazirin də cangüdəni olmayıb;
- Bir gün metro stansiyasının vestibülündə oturmuşdum. Birdən nəzərimi metrodan çıxan 5-6 boy-buxunlu adam cəlb etdi. Başımı qaldırıb baxdıqda irəlidə gələnin İsveç kralı Karl Qustav (bax: http://sv.wikipedia.org/wiki/Carl_XVI_Gustaf) olduğunu gördüm. Yanımdan keçib çıxdılar küçəyə və 5 dəqiqədən sonra yenidən qayıtdılar metroya. Qayıtdıqda kral bir Somali qaçqınının qoluna girib şirin-şirin söhbət edirdi;
- İsveç kralı avtomobil həvəskarıdır. Hərdən maşınına oturub gəzintiyə çıxır. Bir gün sürəti artırdığına görə polis onu saxlayıb cərimə edib. Bu polisi cəzalandırdılar. Amma kralı cərimə etdiyinə görə yox. Sadəcə o, kralın maşınını saxladıqda, qaydaya görə, həm də onu alkoqol testindən keçirməliymiş...
Kral XVI Karl Qustav
və xanımı Silviya
Belə-belə işlər... İndi bu dediklərimi doğma vətənimizlə müqayisə edək, yoxsa eyibdir, üstünü vurmayaq? Üstünü vurmasaq da, heç olmazsa gəlin arzu edək ki, bir gün bizdə də İsveçdəki kimi olsun. Qoy yüz ildən sonra olsun, amma olsun!
Stokholm, İsveç
17.08.2008