Mübariz S. Əzimli

O olmasın, bu olsun!

Düzünü desəm, Çingiz Dəmiroğlunu yaxşı tanımıram. Təbii olaraq, onun haqqında nəsə yazmağa haqqım da yoxdur. Amma bu şəxs Azərbaycanın siyasi həyatında elə əlamətdar bir hərəkət etmişdir ki, bu hərəkət haqqında yazmaya bilmirəm.

Söhbət Ç.Dəmiroğlunun müxalifətçilik mövqeyindən imtina edib seçkilərdə İlham Əliyevi aktiv surətdə dəstəkləmək qərarından gedir. Məni maraqlandıran Ç.Dəmiroğlunun mövqe dəyişməyi deyil, məni maraqlandıran və heyrətləndirən bu mövqedəyişmənin forması və mahiyyətidir.

Yaxın keçmişdə Türkiyənin bir siyasi partiyasından başqasına transfer olmaq dəb idi. Heç kim də bu siyasətçiləri ittiham etməyə cürət etmirdi. Çünki bu çoxsaylı partiyalar arasında elə bir məfkurə fərqi yox idi. Dünən bir partiyada vətənə xidmət edən adam bu gün başqa bir partiyada həmin işi davam etdirirdi. ABŞ-ın iki böyük partiyasının biri-birindən nə fərqi var, bunu Amerikanın tarixini və siyasətini dərindən bilməyən adam çətin anlayar. Bu partiyaların birindən o birinə transfer olan siyasətçini kimsə çox dərindən qınaya bilməz.

Bəs bizim doğma vətənimizdə vəziyyət necədir? Müxalifətlə iqtidar, onun siyasi platforması olan YAP arasında təzad nə dərəcədə dərindir? Elə bilirəm, bu suala cavab vermək üçün siyasətçi və ya politoloq olmağa ehtiyac yoxdur. Bir tərəfdə milli-demokratik qüvvələr, o biri tərəfdə qəsbkar, oğru, talançı, orta əsr məfkurəli tayfa rejimi. Müxalifət və iqtidar barədə dəyərləndirmələr mənim fikirlərim deyil, Ç.Dəmiroğlunun dünənə qədər təmsil etdiyi azərbaycan müxalifətinin, şəxsən Ç.Dəmiroğlunun fikirləridir. Elə isə, mənim beynimdə pis-pis suallar meydana çıxır, əcaba necə olur ki, dünən qapqara olan bir şey bu gün ağappaq olur? Bu, qaranın ağarması prosesi mənə çox əcaib görünür. Bu işi heç "Ariel" də başarmaz. Bunun adı mövqe dəyişmək deyil, bunun adı mənəviyyatsızlıqdır. Burada partiyanın, siyasi mövqeyin dəyişməsindən söhbət gedə bilməz, burada baş verən mənəvi dəyərlərin dəyişməsidir - həqiqətin yalanla, vicdanın vicdansızlıqla, şərəfin şərəfsizliklə əvəz olunması... Və bütün bu şərəfsizliklərdən sonra iddia edir ki, müxalifət partiyalarının liderləri ilə “Şəxsi münasibətlərə bir qram da xələl gəlməyib"!?

Bu adam həmin adamdır ki, dünənə qədər qapı-qapı gəzərək azərbaycan müxalifətini birləşdirmək, bu cinayətkar rejimi dəyişmək iddiasında idi. İndi də bu rejimi möhkəmləndirmək uğrunda mübarizəyə qalxıb. Belə çıxır ki, məqsəd meydanda olmaq, mövcud olmaqdır. Harada, necə, nə şəkildə olmağın fərqi yoxdur. Müxalifət olmasın, iqtidar olsun.

Ən maraqlısı da odur ki, indiyə qədər şərəfini ayaq altına atıb iqtidara yarınmaq istəyənlərin heç birinə əhəmiyyət verən olmayıb. Yadınızdadırsa S.Cəlaloğlu YAP-ın süpürgəçisi ilə də danışıq aparmağa hazır olduğunu bəyan etmişdi, amma süpürgəçi onu qəbul etmədi. Şübhəniz olmasın, bunu da qəbul edən olmayacaq!

 

Sonda Ç.Dəmiroğluna təşəkkürümü bildirmək istəyirəm. Keçmiş silahdaşlarını - müxalifət liderlərini nəzərdə tutaraq söz verib ki, İlham Əliyevin təbliğatı prosesində “Biz kiminsə əleyhinə bir kəlmə də söz işlətməyəcəyik. Sadəcə olaraq, seçdiyimiz namizədi dəstəkləyəcəyik”.

Buna da şükür!

 

02 avqust 2008-ci il

Stokholm, İsveç