Mübariz S. Əzimli
MƏĞRUR QƏRAR
Müsavat Partiyası kimlərəsə sıradan bir partiya, müxalifətin siyasi qollarından biri kimi görünə bilər. Amma Azərbaycanın yeni tarixindən, siyasi həyatından az-çox xəbəri olanlar yaxşı bilirlər ki, Müsavat Partiyası, müsavatçılıq azərbaycan xalqının milli məfkurəsinin təcəssümüdür. Müsavatçı olmaq, Müsavat Partiyasının üzvü olmaq şərəfli olduğu qədər də məsuliyyətlidir. Bunu hamı dərk etməsə də, mütləq əksəriyyət dərk edir və xalqın qarşısında başını uca tutmağa çalışır.
Müsavat Partiyası Məclisinin prezident seçkilərinə qatılmaq barədəki məlum qərarından sonra intizamlı bir partiya üzvü kimi bu qərarın həyata keçirilməsi üzərində əlimdən gələni edirdim. Amma aylar keçir, seçkilər ətrafında vəziyyət gündən-günə ağırlaşırdı. Bu vəziyyətdə seçkilərdə necə iştirak edəcəyimiz, nəyə təsir edə biləcəyimiz fikirləri mənə rahatlıq vermirdi. Amma onu da bilirdim ki, Partiya, həmişə olduğu kimi, ən düzgün olan qərarı verəcək. Müsavatın qərarı azərbaycan xalqının qərarıdır. Bunu belə də dəyərləndirmək lazımdır. Azərbaycan xalqı imitasiyaya, rəzalətə "yox!" dedi. Bu gün Başqana, Məclis üzvlərinə bizi bu mənəvi əzabdan qurtardıqlarına görə təşəkkür etmək istəyirəm. İmitasiyadan qurtulduq! Partiya və onun Başqanı simasını qorudu!
Müsavat Məclisinin toplantısı ilə eyni vaxtda YAP-ın qurultayı keçirilirdi və orada İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülmüşdü. APA-nın həmin günkü xəbər axınına diqqət yetirsəniz, Azərbaycanın siyasi həyatını kimin müəyyən etdiyinin şahidi olarsınız. Bu agentlik Müsavat Məclisinin toplantısının gedişi barədə 6 xəbər yaydı (02 Avqust 2008 12:02, 02 Avqust 2008 12:41, 02 Avqust 2008 14:23, 02 Avqust 2008 14:58, 02 Avqust 2008 15:36, 02 Avqust 2008 16:12) , hakim partiyanın qurultayından isə 2 (02 Avqust 2008 10:07, 02 Avqust 2008 14:22). Hesab edirəm əlavə şərhə ehtiyac yoxdur.
Görəcəyimiz, görməli olduğumuz işlər çoxdur. Gəlin qollarımızı çirməyib Azərbaycan xalqının bu iqtidara cavab konsepsiyasını ortaya qoyaq. İqtidar da, dünya ictimaiyyəti də bilsinlər ki, Azərbaycan xalqının ortaq bir mövqeyi var və bu mövqe nədən ibarətdir.
02 avqust 2008
Stokholm, İsveç