Mübariz S. Əzimli

Davam edir...

Beynəlxalq imperializm keçən əsrin əvvəlində ən qüdrətli türk dövlətini xəritədən silmək istəsə də, bu məqsədinə çata bilmədi. QəhrəmanTürk Əsgərinin su kimi axan qanı və başda Mustafa Kamal Paşa olmaqla qeyrətli türk liderlərinin ağıllı siyasəti nəticəsində imperializmin bu məkrli niyyətinin qarşısı alındı. Amma Qərbin güc mərkəzləri, türk düşmənləri öz niyyətlərindən əl çəkmədilər. Sadəcə, Qərb bu zaman özü Sovet İmperiyasının təhdidi altında olduğundan və özünü ondan qorumaq barədə düşündüyündən, Türkiyə müvəqqəti müttəfiqə çevrildi. Türkiyənin Avropa qurumlarına, NATO-ya qəbul olunması ancaq bir məqsəd daşıyırdı - Türkiyədən Sovetlərə qarşı yararlanmaq. Həqiqətən də qəhrəman Türk Ordusu uzun illər NATO-nun dayağına çevrildi. Bilməyənlərin nəzərinə çatdırım ki, Türk Ordusu NATO-nun tarixində həmişə ABŞ ordusundan sonra ikinci güclü ordu olmuş, Qafqazdan Balkanlara qədər böyük bir ərazinin təhlükəsizliyini təmin etmişdir.

Türkiyədə PKK bəlası Sovet Dövlət sisteminin laxlamağa başlaması ilə bir vaxta təsadüf edir. Amma bu təsadüfi deyildi. Artıq Sovetlər təhlükəli deyildi. Amma Sovetlərin dağılması ilə ortaya yeni türk dövlətlərinin çıxacağı və üzlərini Türkiyədəki türk qardaşlarına çevirəcəkləri təhlükəli idi. Mesxeti türkləri ilə özbəklər arasına salınan nifaq məhz bu qorxunun təzahürü idi. Beləliklə, Türkiyənin zəiflədilməsi, Bozqurdun boz toplana çevrilməsi prosesinə start verildi. Amma bu asan iş deyildi. Türk dövlət sistemini zəiflətmək, Türk Ordusunu nüfuzdan salmaq sıradan bir iş deyil. O vaxt imperializm iki vasitə seçdi - türk dövlət sistemini liberallaşdırmaq və PKK.

Dövlət sistemini liberallaşdırmaq üçün ömrü boyu beynəlxalq maliyyə mərkəzlərində çalışmış, qərbpərəst, liberal Turqut Özalın hakimiyyətə gəlməsinə mane olmadılar, bəlkə yardım da etdilər. Qərbin öz adamı hesab etdiyi Turqut Özal nə qədər qərbpərəst olsa da Türk idi və hakimiyyətdə olduğu qısa müddətdə "Azərbaycanlılar şiədir, bunun bizə dəxli yoxdur" iddiasından, "Ermənilər ya Kəlbəcərdən çıxacaq, ya biz onları çıxaracağıq!" hökmünə qədər yüksəldi. Hakimiyyətinin və həyatının son günlərini isə Türkistana (Orta Asiyaya) və Azərbaycana "Türk Cümhuriyyətləri Birliyini" yaratmaq məqsədi ilə səfərdə keçirdi. Və qayıtdıqdan iki gün sonra müəmmalı şəkildə vəfat etdi. Öldürüldü də deyə bilərik.

T.Özal islahatları Türkiyəni bir dövlət kimi zəiflətmədi, əksinə yüksək iqtisadi inkişaf nəticəsində Türk Ordusu daha artıq maliyyə imkanları əldə etdi və qəhrəman Türk Əsgəri PKK canilərinin başını əzdi... Yenə də alınmadı.

Amma, necə deyərlər, məqsəd varsa vasitə tapılar. Türk xalqının sağlam milliyyətçi ruhuna zidd olmayan (çünki, zidd olan alınmaz), eyni zamanda bu dövlətin təməllərini laxlada, bu xalqı və ən əsası dünya türklərini parçalaya biləcək hansı qüvvə ola bilər? Bütün Şərqi rəzil edən hansı qüvvədirsə, o! Xomeynilər, Fətullah Gülənlər, talibanlar və s. bu kimi Allahın adıyla Şeytana xidmət edənlər!

15-20 il öncəTürkiyənin islamçı iqtidar tərəfindən idarə olunacağını desəydilər hamımız gülərdik. Necə ki, Hüseynqulu xana desəydilər ki, İrəvan Ermənistanın paytaxtı olacaq, gülərdi. Necə ki, 20 il öncə bizə desəydilər ki, ermənilər Qarabağqarışıq Azərbaycanın 20% torpağını işğal edəcəklər, biz gülərdik. Biz gülməyimizdə olaq, amma indi dünya bizə gülür.

Olan oldu. İndi, gördüyünüz kimi, Türkiyə kimi bir dövlətdə mollalar at oynadır. Türk ordusunun ünlü paşalarını bir-bir, iki-bir atır "içəri". Onların içində ən birinci tutulan və ən önəmlisi Vəli Kiçik paşadır. Bir azərbaycan Türkü...

16-cı əsrdə Sultan Səlimin əliylə başladılmış qardaş qırğınını AKP deyilən molla iqtidarının əliylə başa çatdırmaq arzusu ortadadır. Bunu anlamaq üçün dərin biliyə ehtiyac yoxdur. Təsəvvür edin ki, bir yanda xəstə təfəkkürlü sünni Türkiyə, bir yanda da xəstə təfəkkürlü şiə İran. İki böyük Türk dövləti. Bu vəziyyətdə ikinci Çaldıran döyüşü niyə olmasın!? İranla İraqı 10 il ərzində bir-birinə qırdıran qüvvələr ölməyib ki! Yenə də Rusiya İrana silah və fitva verər, Qərb Türkiyəyə. Təki türk-türkü qırsın!

Bu günlərdə həbs olunan "Cumhuriyet" qəzetinin Ankara təmsilçisi Mustafa Balbay R.T.Ərdoğanın hansı beynəlxalq güclər tərəfindən, necə idarə olunduğunu detallı şəkildə gündəmə gətirən, AKP adlanan irticanın Qərbin maliyyə mərkəzləri ilə əlbir olduğunu sübut edən adamdır. Yəqin ona da Eynulla Fətullayev kimi 8,5 il iş verərlər. Axı cürət edib, həqiqəti yazıb!

Bəlkə doğma Azərbaycanımızda Heydərizmi hakimiyyətə gətirən və bu günə qədər ayaqda saxlayan bu güclər deyil? Hamınız yaxşı bilirsiniz, onlardır! Zaman-zaman Qərbin emissarlarının Azərbaycanda demokratikləşmənin vacib və arzuolunan olduğu barədə verdikləri yalançı bəyanatları artıq nə iqtidar, nə də müxalifət ciddiyə almır. Eynulla Fətullayev mart ayında keçirdiyi aclıq aksiyası zamanı Qərbin göz yaşlarının yalançı olduğunu bir daha sübut etdi. Yadınızdadırsa onun iki tələbindən biri - "Avropa Şurası və ATƏT vicdan və siyasi məhbus probleminin həlli mexanizmini Azərbaycan ictimaiyyətinə təqdim etməlidir" idi. Sonunda nə oldu? Vicdanlı bir insan olduğuna şübhə etmədiyim Mikloş Haraşti onu başa saldı ki, heç bir mexanizm yoxdur və olmayacaq, aclığı dayandır.

AXC-Müsavat iqtidarının bir illik hakimiyyəti dövründə Azərbaycanda apardığı islahatlar - rus ordusunun Azərbaycandan çıxarılması, gerb, bayraq, himn, latın qrafikası, ali məktəblərə qəbulda test üsulu və s. elə dönməz xarakterli qərarlar idi ki, heydərizm bunları qəbul etməyə məcbur oldu. İqtidar sözçülərinin gerbimizi, bayrağımızı, himnimizi və s. təftiş etmək çağırışlarına baxmayaraq, bunları dəyişməyə heç kimin cürəti çatmadı.

Ümid edək ki, Atatürkün və atatürkçü düşüncə sahiblərinin illərlə qurduğu Türk Cumhuriyətini də kimsə molla İranına çevirə bilməyəcək. Ümidimiz göydə Tanrıya, yerdə Türk Xalqına, Türk Ordusunadır.

Uşaqlıqdan belə dua edərdim - "Allah Türk Ordusunun bayrağını həmişə uca eləsin!"

Amin!

14 iyul 2008

Stokholm, İsveç