Mübariz S. Əzimli
Azərbaycan siyasətində yeni - Avropa amili
2003-cü il seçkiləri və seçkisonrası siyasi ortam alışdığımız bir şeylərin dəyişdiyini göstərirdi. Artıq oktyabrın 16-da məlum oldu ki, iqtidar bundan sonra demokratiya oyununu davam etdirmək fikrində deyil. Başsız qalmış tayfanın intellektual səviyyəsi bu oyunu davam etdirib müsbət nəticə əldə etməyə yol vermirdi. Gənc lider özünün yeni, primitiv idarəçilik metodunu çox tez büruzə verdi yalan, zorakılıq, terror. Və başladı bu riyakar rejimdən cana doyanların, artıq əsəbləri davam gətirməyənlərin xarici ölkələrə kütləvi axını. 2003-cü ildən bu günə qədər təkcə İsveçə mühacirət edənlərin sayı minlərlədir. Almaniya, Hollandiya və digər Avropa ölkələri də elə...
Təsadüfi deyil ki, Müsavat Partiyası 2006-cı ildə xarici ölkələrdə təşkilatlanmaq qərarına gəldi və Partiyada müvafiq Departament yaradıldı. Hal hazırda İsveçdə Müsavat Partiyasının 4 özəyi fəaliyyət göstərir və İsveç müsavatçıları təşkilatlanmaqda davam edir (bax: http://www.musavatisvec.com/300oz.htm).
Amma İsveç müsavatçıları hələ bu qərardan və müvafiq Departamentin yaradılmasından xeyli qabaq, 2004-cü ildən öz fəaliyyətləri ilə İsveçdəki azərbaycan icmasına yeni nəfəs gətirmişdilər. O vaxta qədər İsveçdə fəaliyyət göstərən çoxsaylı azərbaycanlı dərnəklərində (ictimai təşkilatlar) mütləq əksəriyyət Günay Azərbaycandan olan soydaşlarımız idi və onlar dərnəklərin mədəni xarakter daşıdığını, siyasətdən uzaq olduqlarını israr edirdilər. Axırıncı etiraz mitinqimizin bu il mart ayının 21-də İranın Stokholm səfirliyinin qarşısında keçirildiyini (bax: http://www.azadtribun.net/20080321.wmv) qeyd etsək, qısa dövrdə hardan hara gəlindiyinin şahidi olarıq. İndi siyasi etirazlarımızın İranın molla rejiminə, yoxsa Azərbaycan Respublikasının tayfa rejiminə qarşı olmasından asılı olmayaraq, bu tədbirlərdə soydaşlarımız güneyli-qüzeyli demədən, elliklə iştirak edir. Bu birliyin yaradılması, xalqın millət kimi formalaşması isə öz-özlüyündən baş verməyib. Bu gün də İsveçdə xalqın içinə nifaq salıb, onu parçalamaq istəyənlər var. Amma İsveçdə gündən-günə təşkilatlanan müsavatçılar və müsavat təsübkeşləri də var. Və bu birliyin yaranmasında onların müstəsna rolunu görməmək mümkün deyil.
Bizim İsveç təcrübəmiz göstərdi ki, azərbaycan xalqının mütləq əksəriyyəti müsavatçıdır. Sadəcə, bu insanlarla iş aparmaq, onları aktiv siyasi fəaliyyətə yönəltmək, təşkilatlandırmaq lazımdır. Biz bu işi başladıq. İndi növbə digər ölkələrdəki və təbii olaraq, Azərbaycandakı təşkilatlarındır. Xalqdan çəkinmək lazım deyil, xalqın içinə, xalqın ayağına getmək, xalqa yaxınlaşmaq lazımdır. Bundan əlavə, özəlliklə xarici ölkələrdə müsavatçılarla yanaşı və sayca onlardan daha çox müsavat təsübkeşləri vardır ki, düzgün təşkilatçılıq işi aparıldıqda bunlar böyük bir qüvvəyə çevrilir.
Gördüyümüz iş sadə iş deyil. Bu, Müsavatın layiq olduğu mərtəbəyə yüksəlişidir. Və təbiidir ki, hər bir yeniliyə, təkamülə kimlərinsə qısqanc, kimlərinsə düşmən yanaşması olmalı idi. Oldu da. Son bir ildə həm İran, həm də Əliyev rejiminin açıq hədələri ilə üzləşdik.
Avropa, özəlliklə də İsveç son zamanlar Azərbaycan iqtidarının diqqət mərkəzindədir. Emissarların biri gedir, biri gəlir. Bu vurnuxmanın səbəbi və məqsədi var - səbəbi Avropada Müsavatın yüksəlişi, məqsəd bu yüksəlişin qarşısını nəyin bahasına olursa olsun, almaqdır. Bu günlərdə Stokholmda Azərbaycan səfirliyinin açılması da təsadüfi deyil. Səfirliyin əsas vəzifəsi İsveçdəki azad azərbaycan toplumuna, müxalifətə, onun avanqardı olan Müsavata qarşı təxribatlara rəhbərlik etmək olacaq. Amma çətin vəzifədir. Bu vəzifəni çətinləşdirən əsas amillərdən biri də İsveçin doğma vətənimiz Azərbaycandan fərqli olaraq, həddindən artıq demokratik bir ölkə olmasıdır. Burada istədiyiniz yerdə mitinq keçirmək üçün iki barmaq yazı yazıb polisi xəbərdar etmək lazımdır ki, polislər gəlib mitinqçiləri mühafizə etsinlər.
Azərbaycan iqtidarına bir mesajımız da var - siz, Azərbaycanda sizin girovunuz olan xalqa qarşı basqı və zülmü artırdıqca, biz də burada sizin rejimə qarşı basqıları artıracağıq. Unutmayın ki, 8 milyon xalqın yarısı sizin üzünüzdən Vətəni tərk edib, bütün dünyaya, əsasən də Avropa ölkələrinə səpələnib. Bunlar artıq sizin girovunuz deyillər və yaxın gələcəkdə Azərbaycanın siyasi həyatında bu amilin rolunu görəcək və onunla hesablaşmalı olacaqsınız.
29 aprel 2008
Stokholm, İSVEÇ