Mübariz S. Əzimli
Rəzalət
"Ayna" qəzetinin yazdığına görə (bax: http://www.musavatisvec.com/369.htm) 2006-cı ildə Fransanın Strasburq şəhərində yaradılan və 3 cəmiyyəti - Azərbaycan Kültür Cəmiyyəti, Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti və Azərbaycanlı Tələbələr Cəmiyyətini özündə birləşdirən "Azərbaycan Evi" bağlanmaq təhlükəsi ilə üzləşib. Buna səbəb Strasburqdakı Azərbaycan nümayəndəliyinin maliyyə yardımını kəsməsidir. Bu barədə "Ayna"ya aprelin 18-24-də Bakıda səfərdə olan "Azərbaycan Evi" İdarə Heyətinin üzvü Əhməd Mehribani məlumat verib.
Əhməd Mehribaninin sözlərinə görə "Azərbaycan Evi" Azərbaycanın Strasburqdakı keçmiş daimi nümayəndəsi Aqşin Mehdiyevin birbaşa yardımı ilə yaradılıbmış. Cəmi 3 aydan sonra Aqşin bəyin diplomatik missiyası başa çatmış, onun yerinə gələn Arif Məmmədov "Bu iş mənim üçün maraqlı deyil, fəaliyyətinizi davam etdirmək istəyirsinizsə, gedin Aqşin bəylə danışın. Büdcədə bu iş üçün pul yoxdur, olsa belə, sizə vermərəm" cavabını verib.
Bu məsələ ilə bağlı AŞ PA-dakı deputatlarımızla, o cümlədən Qənirə Paşayeva və Gülər Əhmədova ilə söhbət aparılsa da, onlardan yalnız mənəvi dəstək hasil olub. "Azərbaycan Evi" Azərbaycanın bir çox qurumlarına, həmçinin Qənirə Paşayevanın vasitəsilə Mehriban Əliyevaya məktub ünvanlamasına baxmayaraq, bir yardım ala bilməyib.
"Axı biz Azərbaycan dövlətinin istəyi ilə bu mərkəzi yaratdıq. İndi bizi ortada buraxmaq olarmı? Artıq fəaliyyətimizi davam etdirməyə özümüzün gücümüz çatmır və ötən ilin sentyabr ayından evin kirayə haqqını belə verə bilməmişik. Maya qədər pulu ödəyə bilməsək, bizi məhkəməyə verəcəklər. Bəzi tədbirlərin, banketlərin xərcini İdarə Heyətinin üzvləri ödəyirlər. Sadəcə, bizə hər ay binanın kirayə haqqı və digər xırda xərclərlə birlikdə 1500 avro pul lazımdır ki, onu da vermirlər. Biz Azərbaycan dövlətindən cəmi 1 il yardım etməsini istəyirik. Bir ilə qədər özümüzü doğrulda bilsək, Fransa Mədəniyyət Nazirliyindən və bələdiyyədən bizə yardım ayıracaqlar", - deyə Ə.Mehribani ürək yanğısı ilə vurğulayır.
Bakıda olduğu bir həftə ərzində heç bir dövlət rəsmisi ilə görüşünə imkan verilmədiyini deyən "Ev" təmsilçisinin sözlərinə görə, nə mədəniyyət və turizm naziri Əbülfəz Qarayevlə, nə də Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (XYAİDK) sədri Nazim İbrahimovla görüşə bilib. Sadəcə, XYAİDK sədrinin köməkçisi İlham Məmmədovun qəbuluna düşə bilsə də, buradan mənəvi təsəlli ilə ayrılmalı olub.
Düzü bu xəbəri oxuyanda xəcalət çəkdim. Ayda 1500 avronu verməyən iqtidar mənsublarının hərəkətinə görə yox, 1500 avroya görə rəzil olan ağsaqqala görə. Amma hər pis işin bir yaxşı tərəfi də var. Bəlkə bundan sonra "Azərbaycan Evi"nin yaradıcıları kiminlə iş gördüklərini bilərlər.
İndi dünyanın çox yerlərində o c. bizim İsveçdə Azərbaycan iqtidarına yarınaraq, ondan bir şey qoparmaq həvəsində olanlar çoxdur. Onlara məsləhətim budur ki, Bakıya, Azərbaycan iqtidarının hüzuruna hazırlaşanda "Azərbaycan Evi"nin təcrübəsini nəzərə alsınlar.