İBRƏT

Mübariz S. Əzimli

İsveç Krallığını bəzən ictimai təşkilatlar ölkəsi adlandırırlar. 9 milyon əhalisi olan bu ölkədə 3 milyondan artıq ictimai təşkilat mövcuddur. Bu dövləti xalq aşağıdan, həmin bu ictimai təşkilatlar vasitəsi ilə idarə edir. Çoxsaylı təşkilatlar sırasında İsveçdə yaşayan azərbaycanlıların da 50-yə qədər təşkilatı mövcuddur. Bu təşkilatları bir araya gətirmək, müxtəlif səviyyələrdə azərbaycanlıların adından bir ağızdan danışmaq məqsədi ilə 12 il əvvəl Azərbaycan Federasyonu İsveç (AFİ) adı altında bir birlik yaradılmışdır. AFİ-nin 12 il ərzindəki fəaliyyətini bu yazıda analiz etmək fikrim yoxdur. Hərçənd bu çox maraqlı olardı. Bu yazıda son bir il yarimda AFİ-də cərəyan edən hadisələrə ötəri nəzər salıb, bəzi vacib nəticələr çıxarmaq istəmişəm.

Gəlin sondan başlayaq. Dünən, yəni 09.02.2008 tarixində AFİ İH-nin növbəti toplantısında gündəliyin birinci məsələsi İH sədri M.Ağapurun bir il bundan əvvəl Azərbaycan Respublikasının dövlət təşkilatlarından biri olan Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyindən 5400 ABŞ dolları aldığı barədə olmuşdur. Bu pulun kimdən, nə üçün alındığı, hara xərcləndiyi barədə verilən suallara cənab M.Ağapur çox soyuqqanlıqla cavab vermişdir ki, "Bu pulu AFİ-yə yox, şəxsən mənə Komitə rəhbərliyindəki dostlarım vermişlər və mən bu pullarla bir sıra dərnəklər (ictimai təşkilatlar) yaratmışam." "Komitə rəhbərliyindəki şəxslərlə siz AFİ İH sədri olmamışdan da dost idiniz?" sualına cənab M.Ağapur "Xeyr!" deyə cavab verib.

Deməli AFİ-nin keçən ilki qurultayına hazırlıq dövründə cənab M.Ağapur Bakıya növbəti səfərlərinin birində adı çəkilən Dövlət Komitəsinin rəhbərliyi ilə görüşüb və bu zaman göstərilən məbləği onlardan qəbul edib. Həqiqətən qurultayöncəsi cənab M.Ağapur bir neçə yeni ictimai təşkilatın yaradıldığını elan etmişdi. Və qurultayda da AFİ İH sədrliyinə məhz bu qondarma təşkilatların səsləri ilə ikinci dəfə seçilmişdi. Amma bu məbləğin hara xərcləndiyini onun özündən başqa kimsə bilməz və bu, bizim üçün əhəmiyyətli də deyil. Ortada bir cinayət işi var. Dövlət orqanının rəhbəri azərbaycan xalqının boğazından kəsilmiş bir məbləği İsveçdə fəaliyyət göstərən, İsveç dövləti tərəfindən maliyyələşdirilən bir təşkalatın rəhbərinə nağd olaraq verir və o da bu pulu, yəni rüşvəti qəbul edir. Bu yerdə iki əsas sual meydana çıxır:

1. 8 milyonluq azərbaycan xalqına divan tutan, yerdə bəndədən, göydə Allahdan qorxmayan Azərbaycan iqtidarı niyə uzaq İsveçdə fəaliyyət göstərən bir ictimai təşkilatın rəhbərinə rüşvət verir?

2. Rüşvət verən niyə bu rüşvəti verdiyini bütün aləmə yayaraq, rüşvət alanı biabır edir?

- Aydındır ki, verilən rüşvətin qarşılığında iş tələb olunur. M.Ağapurun son bir il yarımda təşkilatı nə günə saldığını nəzərə alsaq, belə çıxır ki, ona AFİ-ni dağıtmaq tapşırığı verilibmiş. Səbəbi də çox sadədir. Azərbaycanın bugünki iqtidarı nə vətəndə, nə də dünyanın başqa ölkələrində hər hansı azərbaycan təşkilatının olmasını arzu etmir. Bunları öz nəzarəti altinda saxlamağa imkanı olmadığına görə dağılmasını məsləhət bilir.

- İqtidar mənsubları heç yerdə hörmətli azərbaycanlı ictimai və ya siyasi xadimin yetişməsini arzu etmirlər. Sonra bu şəxslər onlara başağrısı olmasın deyə bir-bir sıradan çıxarırlar. İctimai-siyasi xadimin ömürlük sıradan çıxarılmasının ən yaxşı yolu isə ona belə ucuz qiymət qoyub bütün dünyada biabır etməkdir. Yazımın bu yerində doğma vətənimizdə yaşayan qardaşlarımızın nəzərinə çatdırım ki, Azərbaycandan fərqli olaraq, burda - Avropada rüşvət almaq elə bir cinayətdir ki, ömür boyu bu ləkədən qurtarmaq mümkün deyil.

Məmmədrza Ağapur İsveçə 3 il öncə İrandan mühacirət edərək gəlmişdi. Gözəl boksçu olan bu gəncin İsveçdəki başgicəlləndirici yükləlişi bir o qədər də başgicəlləndirici enişlə nəticələndi. Artıq bundan sonra o, Azərbaycan iqtidarı üçün qorxulu deyil. Perspektivli gənclərimizdən birini də adamyeyən Azərbaycan iqtidarı belə məhv etdi...

Azərbaycanın bugünki cinayətkar iqtidarına yarınmağa çalışanlara ibrət olsun!