01.07.2009 [08:19]
 
MÜQƏDDƏS HONDURAS KONSTİTUSİYASI
Honduras prezidentinə deyiblər: “Bura sənə Azərbaycan deyil!”


Məktub göndər

Şahvələd ÇOBANOĞLU
Elə həqiqətlər var ki, onlar tarixi kontekstdə daha yaxşı başa düşülür. Demokratiyanın gücünü də bu yolla dərk etmək asandır. Rusiyanın yaxınlığında Norveç, İsveç və Finlandiya sosial cənnət qurublar, sosialist keçmişə sahib Rusiya isə normal kapitalizmə də keçə bilmir. Çünki Rusiya yanlış yoldan əl çəkmir, uğurun demokratiyada və vətəndaş haqlarının toxunulmazlığında olduğunu qəbul etmir.
Əvəzinə mənasız derjava iddiaları Rusiyanı özünə aşiq edib. İndi Rusiya beynəlxalq aləmdə özünü “Qazprom” kimi aparır. Bunun da bir gün qazı çıxacaq. Sonda rus xalqı yenə də heç nə qazanmayacaq. Əksinə, hər şeyi təzədən başlamaq lazım gələcək.
İşə baxın, Rusiya Moldovanın xalq tərəfindən dağıdılmış parlament binasını təmir edəcək. Niyə? Öz parlamentini təmir edə bilməyən bir hakimiyyətə sevgi haradandır? Çünki bu hakimiyyət moskvapərəstdir. Xalqa arxalanmayan bir çox hakimiyyətlər bu yolu tutur, Moskvanın dəstəyi ilə hakimiyyətdə qalmaq istəyirlər. Bəziləri Kremldən qəpik-quruş almağa, ona əl açmağa da hazırdır.
Azərbaycan neft və qazla zəngin olmasaydı, Moskvaya sığınan bizim hakimiyyət də ona əl açıb haranısa təmir etdirəcəkdi. Amma onlar bu qədər pul və sərvətlə də Kremlə sığınmağa məcburdur. Çünki xalqa arxalanmır və ondan qorxur.
Əsl qiyamət Tacikistanda baş verib. Əbədi prezident İmaməli Rəhmon əhaliyə müraciət edib ki, Həcc ziyarətini təxirə salsınlar. Ziyarət xərclərini isə ölkədə xeyriyyəyə sərf etsinlər. Rusiyanın dostu İmaməli illərdir ölkəsinin yanlış yolla getdiyini düşünmürdü, indi Həcc pullarına gözünü dikib. Prinsipcə, mən bu təklifi yüksək qiymətləndirirəm. Amma ədalətsizliyə sitayiş edən bu İmaməliyə deyəndə ki, sən bu yoldan çəkil, öz xalqını bəlalardan qurtarmaq üçün dünyada gedilən və sınaqdan çıxmış bəlli yol var, onunla get, vecinə də almırdı. Tacikistanda hər il 5000 adam Həcc ziyarətinə gedir və onların hər biri bunun üçün təxminən 3000 dollar xərcləyir. Yəni uzun illərin əvəzedilməz lideri, daimi prezident 15 milyon dollarlıq ziyarət xərclərinə ümid bəsləyir. Bu ölkədə vəziyyət heç də yaxşı deyil. Bəs hanı onilliklərin dövlət başçısının uğuru? Xalqı hansı ağ günə çıxarıb ki, o, yenə də bu ölkəyə başçılıq etmək iddiasında qalır?
Neft-qaz olmasaydı, indi biz də Tacikistanın, Moldovanın günündə idik. 10 ildən sonra biz onlardan da pis günə düşəcəyik. Mahiyyətcə eyni vəziyyətdir. Əbədi prezident, əbədi problemlər...
Amma Hondurasda əbədi prezidentliyə imkan verilmədi. Solçu prezident Manuel Selaya bu ölkənin konstitusiyasını dəyişdirmək istəyirdi. Məqsəd isə yenidən hakimiyyətdə qalmaq idi. Axı konstitusiya yalnız bir dəfə prezident olmaq imkanı verir. Selaya bu məhdudiyyəti götürmək istəyirdi. Yəqin ki, əbədi prezident olmaq və solçu padşaha çevrilmək istəyirdi. Zatən dünya indi solçu padşahlarla da doludur.
Manuel Selaya məqsədinə çata bilmədi. Onların yapçıları konstitusiyanı dəyişmək təbliğatı apardığı müddətdə hərbçilərlə əlbir olan qüvvələr bu niyyətin qabağını almaq üçün gizli fəaliyyətə girişiblər. Onlar şahlıq iddiasına düşmüş prezidenti iyunun 28-də gecə yatağından durğuzaraq təyyarəyə soxublar və yollayıblar Kosta-Rikaya. Sanki onun yeri oradır. Çox istəyən azdan da qalıb. Hazırda Selaya özünə əl qatıb, qanuni prezident olduğunu və ölkəyə qayıdacağını bəyan edir. Amma ölkə parlamenti onun istefası barədə qarar verib və spikeri müvəqqəti prezident  təyin edib. Dövlət çevrilişinin bir şüarı var: “Konstitusiya toxunulmazdır”.
Bəlkə də Selayaya ikrahla deyiblər: bura sənə Azərbaycan deyil! Niyə də deməsinlər?!
Bu yerdə adam ayağa qalxıb qışqırmaq istəyir: Yaşasın Honduras konstitusiyası!

ANA SƏHIFƏYƏ DÖN