Şəlalə Əbil

Xandostu, amandı, qoyma, getdi!

Hər dəfə Bakının lap göbəyində yerləşən poliklinikanın bir qadın həkiminin , qızların erkən evliliyi haqqında dediyi sözlər yadıma düşəndə tüklərim biz-biz durur. Mən onun xəstəsi olduğum vaxtlarda aramızda gedən söhbət əsnasında belə məlum oldu ki, bu həkim qızların lap erkən ərə getməsinin tərəfdarıdır. O, keçmişi misal gətirib vurğulayırdı ki, o vaxtlar 13,14,15 yaşlarında doğurdular, bunun nəyi pis idi ki?! Atalarımız da deyib ki, tez yuxudan duranla və tez evlənən uduzmaz. Bəs həmin qızlar 35-40 yaşlarında olanda artıq özləri nənə olurlar. Və beləliklə, onlar öz yaşıdlarından çox-çox qabağa getmiş olurlar.

Deməli, bu "həkim" üçün erkən yaşda ərə gedən qızcığazın savadı, dünyağörüşü, mənəviyyatı qətiyyən maraqlı deyil. Sanki, qızlar elə ərə getmək, uşaq doğmaq üçün yaranıblar. Bu "həkim"ə görə insan ancaq fiziki quruluşdan ibarətdir. Əslində onun dediyi fikirlərdə heç fiziki sağlamlıqdan da əsər-əlamət yoxdur. Savadsız bir adam da bilir ki, həmin yaş həddindəki doğuşların qadın orqanizminə vurduğu zərbələr nə qədərdir!

Bakı səhərinin mərkəzi poliklinikasının həkimlərindən biri bu cür düşünürsə, onda uzaq kəndlərdə yaşayan sadə insanların nə deyəcəyini təsəvvür edəndə adamı dəhşət bürüyür. İndi də paytaxt şəhərimizdən keçək kəndlərə. Sabirin məhşur "Xandostu, amandı, qoyma, gəldi" misraları dəyişik formada yadima düşür: "Xandostu, amandı, qoyma, getdi". Uşaqlıqdan onlar, "8-ci, 9-cu sinflərə çatiblarsa, mütləq ərə getməlidirlər" fikri ilə yüklənir və tərbiyə olunurlar. Hətta 20-21 yaşına çatmış qizlar qarımış hesab oluna bilər. Bu cür psixoloğiya ilə böyüyən və erkən ərə gedən qız usaqlarının doğub böyütdüyü uşaqlar hansı mənəviyyatın yiyəsi olacaq!? Onların nəyi vardı ki, böyütdüyü usağa da nə verə?!

Əlbəttə, içərilərində istisnalar ola bilər. Məsələn, şahidi olduğum bir səhnəyə görə " yaxşı yerdən" adamı cıxmiş azyaşlı qız ərə getmək istəmədiyini bildirəndə , öz anasından belə bir cavab alır: "Səni evdə saxlayıb duza qoymayacağam ki?! Evdə oturub yük olmaqdansa, get də! O biri bacıların da böyüyür. Vəziyyətimizi də görürsən?"

Azərbaycanda uşaq böyüdüb, boya-başa çatdırmaq üçün heç bir dövlət yardımının olmamasını hamımız yaxşi bilirik. Öz imkanlarının qədərini bilən valideynlərin , əgər bir neçə uşağı "yola vermək" dən kənar gücləri varsa, niyə bu qədər uşağı dünyaya gətirməkdə israrlıdırlar?! Bu sual mənim üçün həmişə müəmmalı qalıb! Qalır da! Anasından yuxarıdakı cavabı eşidən qızcığaz sabah ərə gedəndə özünün "dəyərsizliyini" də özu ilə ər evinə aparacaq və bu, onun ömrü uzunu sürəcək. Onda bizi qabaqda nələrin gözlədiyini anlamaq o qədər də çətin deyil...

 

ANA SƏHIFƏYƏ DÖN