Professor Cəmil Həsənli
«Can Bakı»ya müsahibəsində deyib ki, sovet cəmiyyəti
çox maraqlı cəmiyyət olub. Onun görünən tarixi nə
qədər yeknəsəqdirsə, görünməyən tarixi bir
o qədər cəlbedicidir. «Sovet tarixi detektiv romanlara
bənzəyir. Əgər biz siyasi elitada xalqla hakimiyyət
arasında gedən proseslərin real mənzərəsini yarada
bilsək, bu, detektiv roman qədər maraqlı olar». Doğrudan
da, Cəmil müəllimin 1954-59-cu illəri əhatə edən
«Milli məsələ» kitabı lap detektiv roman kimi
birnəfəsə oxunur…
AZƏRBAYCAN DİLİ NECƏ DÖVLƏT DİLİ
OLDU?
Cümhuriyyətin 1918-ci il iyunun 27-də çıxardığı
qərarla türk dili dövlət dili élan olunmuşdu. Ancaq ömrügödək
dövlət yıxılandan sonra türk dilinə adıyla birgə
balta çalındı. Azərbaycan dilinin Azərbaycan Sovet
Respublikasında nə hörmətdə olduğunu ötən yazıda
canlandırmışdım. 20-ci illərdə Azərbaycan
dili az-çox gündəmdə qalmışdısa da, 30-40-cı
illərdə insanlar kimi repressiyaya uğramışdı.
Deyilənə görə, dilə münasibət, hətta S.M.Kirovun
vaxtında M.C.Bağırov dönəmindən daha yumşaq imiş…
50-ci illərdə ən qorxulu bir məqam da,
Azərbaycan məktəblərində oxuyan şagirdlərin
kəskin azalmasıydı…Valideynlər uşaqlarının
daha uğurlu karyera qazanması üçün rus bölmələrinə
üz tuturdular.
Anonim məktubların sayı isə azalmırdı. DTK
sədri F.Kopilovun 1956-cı ildə İmam Mustafayeva yazdığı
arayışdan açıqca görünürdü ki, Azərbaycan dilinin dövlət
dili olması tələbi ilə partiya və hökumət
rəhbərlərinə ünvanlanan açıq və anonim
məktubların, müraciətlərin, vərəqələrin
sayı durmadan artır. Üstəlik, Azərbaycanın iki qonşusu
hələ 1937-ci ildən konstitusiyalarında öz dillərini dövlət
dili etmişdilər. Bunlar Gürcüstan SSR və Ermənistan SSR
idi…
MİRZƏ İBRAHİMOV KABİNETİNDƏ İMAM
MUSTAFAYEVLƏ NƏDƏN DANIŞDI?
1956-cı ilin iyununda Mirzə müəllim Azərbaycan dili
məsələsini hüquqi müstəviyə keçirməyə ilk
cəhd etdi. İmam Mustafayevlə ikilikdə
məsələni müzakirə etdi. İ.Mustafayev onu
dəstəklədi, ancaq MK-da müzakirəni də vacib saydı.
Onda M.İbrahimov büroya yazılı müraciət hazırlamaq
istədi. İ.Mustafayev razılaşmadı, şifahi müzakirəni
üstün tutdu. 1956-cı il iyulun əvvəllərində
layihə MK-da müzakirə edildi və yekdilliklə
bəyənildi. M.İbrahimov iyulun 17-də Moskvada SSRİ Ali
Sovetinin sədri K.Y.Voroşilovla da məsələni razılaşdırdı.
QANUN QƏBUL EDİLDİ!
Özü də, Sov.İKP MK-dan razılıq alınmadan! 1956-cı
il avqustun 20-də Azərbaycan SSR Ali Sovetin sessiyası Əsas
Qanuna Dövlət dili haqqında maddə əlavə edilməsi
barədə qanun qəbul etdi. Sessiyada deputat Rəsul Rzanın
çıxışı alqışlarla qaşılandı.
Azərbaycan dili dövlət dili statusu aldı. Bu dildə
təhsil almağın konstitusion əsasları möhkəmləndi,
məktəblərdə ana dilində oxumağın hüquqi
bazası gücləndi. Eyni zamanda, MK «Azərbaycan SSR-in rus,
erməni və gürcü dilli məktəblərində
Azərbaycan dilinin tədrisi haqqında» qərar çıxardı
(sonra erməni və gürcü məktəblərində
hissəsi ixtisar olundu). Həmin ilin oktyabrın 26-da Mirzə
İbrahimovun sonralar Moskvada cümlə-cümlə
incələnəcək «Azərbaycan dili dövlət
idarələrində» məqaləsi «Kommunist»
qəzetində çap olundu. Bu məqalə haqda ayrıca danışarıq.
Hələ görək dilin dövlət dili olması necə qarşılandı?
AZƏRBAYCANDA ANA DİLİN DÖVLƏT DİLİ OLMASI
BOMBA KIMI PARTLADI!
20 gün sonra Bakının böyük zavodlarının bir qrup
qeyri-azərbaycanlı fəhləsi Moskvaya-Xruşşova, Voroşilova
və Qrişinə qərarın düzgün olmadığı
barədə müraciət göndərdi: «Azərbaycanlılar
həyasızcasına iclasları, kargüzarlıq işlərini
öz dillərində aparmağa başlayıblar. Bakıda bu ola
bilməz! Əks təqdirdə narazılıq dalğası güclənəcək».
Və aramsız məktublar və müraciətlər başladı,
nə başladı! Ən acınacaqlısı da, bu axına
ruslaşmış azərbaycanlıların qoşulmasıydı…
Bakı məktəblisi, milliyyətcə rus olan şagird, görün
Xruşşova nə yazırdı: «Azərbaycan dilinin keçilməsi
nəinki rus məktəblərində, heç Azərbaycan
məktəblərinin özündə belə lazım deyildir.
Azərbaycan dilində danışmaq kimə lazımdır? Ölçü
götürün».
Azərbaycan SSR Ali
Sovetinin iclası, 1956
Əziz oxucu! Bütün bunları ona görə yazıram
ki, DİLİMİZİN necə keşməkeşlərdən
keçdiyini biləsən!
MİRZƏ İBRAHİMOVUN «AZƏRBAYCAN DİLİ»
MƏQALƏSİ NİYƏ ALƏMİ QARIŞDIRDI?
Maraqlıdır ki, məqalə müəllifin öz imzasıyla
verilmişdi. Halbuki o vaxt Mirzə müəllim Ali Sovetin
Rəyasət Heyətinin sədriydi! Böyük vəzifə sahibi
olan böyük yazıçı yazırdı: «Hakim» millətin, «böyük»
millətin məzlum millətə, kiçik millətə göstərdiyi
hər hansı təzyiq ancaq nifrət və nifaq duyğuları
oyadır, əzilən milləti tarixi intiqam saatını gözlətməyə
məcbur edir». Daha sonra Mirzə müəllim Çar Rusiyasının
adıyla Sovet hökumətinin iç üzünü belə açıb tökürdü:
«Çarizm qeyri-rus xalqları ən kobud və vəhşi jandarm
üsulu ilə əzir, həyasızcasına «ruslaşdırma»
siyasəti aparırdı, milli mədəniyyətlərə,
milli dillərə qarşı təcavüzkar hərəkət
edirdi…»
Məncə, hər kəs bu məqalədən ona çatacaq payı
yetərincə almışdı. Sonda müəllif Azərbaycan
dilinə hörmətsiz yanaşanlara deyirdi: «…işlərin
azərbaycanca aparılması qanuni bir haldır. Çünki bir xalqın
öz idarələrində ana dilində idarə etmək
arzusundan təbii bir şey ola bilməz».
MİLLİ İDEYANIN «BAŞ MEMARI» BU HÜCUMLARA NECƏ
DÖZDÜ?
Mirzə müəllimin bu məqaləsi uzun illər unudulmadı,
hətta sətirbəsətir tərcümə edilib Moskvaya da göndərildi.
Azərbaycan KP MK-nın 8-ci plenumunda çək-çevir edilməsi
bəs deyildi, Moskvada da topa tutuldu. Və o bütün bunlara dözüb
dayandı! Çünki tarix yazdığının
fərqindəydi! O, Azərbaycan tarixinin uzun bir dönəmində
bizlərə «BÖYÜK DAYAQ» olmağı bacardı! O,
təkcə bu işinə görə, «Gələcək gün»lərdə
onu əbədi rəhmətlə ananların olacağını
dəqiq bilirdi. Və o nahaq yerə «Mənliyi olmayan xalq,
şəxsiyyəti olmayan adam kimidir!» söyləmirdi. Ona min
rəhmət!
Bax belə. «Qayıdış»ın 2-ci hissəsi bitir. 3-cü
hissədə nələri oxuyacaqsınız:
- Azərbaycan KP MK-nın plenumu necə sonuclandı?
- Rəhbərlik niyə Mirzə İbrahimovu qurbanlıq seçdi?
- 1959-cu il iyunun 24-də keçirilən Sov.İKP MK-nın
plenumunda Azərbaycan rəhbərliyi hansı cəzanı aldı?
- Və nəhayət, Azərbaycan dili ictimai proseslərin aparıcı
istiqamətinə necə çevrildi?
Yenidən görüşmək ümidiylə!
Qayıdış… Dilimiz necə dövlət
dili oldu? (3-cü yazı)
Azərbaycan SSR Ali Sovetinin sessiyası,
1956
24.06.2009
XX əsrdə Azərbaycanda milli ideya uğrunda
mübarizə milli dil uğrunda mübarizədən keçir. «Azərbaycanda
milli məsələ… (1954-59-cu illər)» kitabının müəllifi
professor Cəmil Həsənli «Azadlıq» radiosunun «Can Bakı»
proqramına müsahibəsində belə söyləmişdi.
Bəlkə də, dili yasaqlanmayan, dilinə
qarşı imperialist niyyətlər güdülməyən xalqlarda
bu belə deyil. Ancaq bizim taleyimizi yaşamış xalqlarda
milli dil uğrunda mübarizə milli ideyanın mərkəzi
məsələsidir…
ÖTƏN YÜZİLİN 50-Cİ İLLƏRİNƏ ÖTƏRİ
BAXIŞ…
Stalinin ölümündən sonra (1953) SSRİ adlanan «xalqlar
həbsxanasında» dəyişikliklər başladı. Bu dövrə
ilıqlaşma, yumşalma dövrü də deyilir (adını
İlya Erenburqun «Ottepel» romanından alıb). Buzlar, ağır-ağır
da olsa, əriməyə məhkum idi. Sov.İKP-nin XX qurultayı
(1956) Stalin cinayətlərini adıyla çağırdı,
şəxsiyyətə pərəstişi ifşa etdi. Ölkə
reabilitasiya dövrünü yaşamağa başladı. Repressiya,
deportasiya qurbanları bəraət aldılar. Adını çəkdiyim
qurultayda, hətta müttəfiq respublikaların hüquqları artırıldı.
1954-cü ildə Azərbaycana yeni rəhbərlik «gəldi» -
İmam Mustafayev, Sadıq Rəhimov və Mirzə İbrahimov.
Onların ən önəmli özəlliyi keçmişlərinin
təhlükəsizlik orqanları ilə bağlı olmamasıydı.
Ən əsası, üçlükdə Azərbaycanın taleyi ilə
bağlı güclü təəssübkeşlik var idi.
İmam Mustafayev
Bu illər ədəbiyyatda, tarixdə,
mədəniyyətdə dirçəliş, oyanış
illəri idi. Milli ideyanın formalaşmasında müəyyən
xidmətləri olan ədəbiyyat və sənət adamları
yetişmişdi. «Kitabi –Dədə Qorqud» eposunun üstündən
qadağa götürüldü. Məhəmməd Füzulinin vəfatının
400 illiyi (1958) böyük təntənə ilə keçirildi.
Nəriman Nərimanovun adını qorxmadan çəkmək olurdu
(1955-ci ildə 85 illik yubileyi qeyd olundu, Bakının rayonlarından
birinə, Tibb İnstitutuna və s. onun adı verildi). Üçcildlik
«Azərbaycan tarixi» kitabının nəşrinə başlandı
və s.
ÖZ DİLİNİ BİLMƏYƏN, YA BİLİB
DANIŞMAYAN KİMDİR?
Bu dövrdə milli ideyanın, Şirməmməd Hüseynov demiş,
milli qeyrətin, milli təəssübün qərargahı
Azərbaycan Dövlət Universiteti idi. Şirməmməd müəllim
söyləyir ki, dilimiz dövlət dili elan olunandan sonra Moskva
bərk təşvişə düşmüşdü. Bir də gördük,
universitetin Elmi Şurasına təklif veriblər ki, Partiya
tarixi, Rus ədəbiyyatı tarixi və Xarici ədəbiyyat
tarixi Azərbaycan bölməsində rus dilində tədris
olunsun. Biz tufan qopardıq. Qorxub geri çəkildilər…
Daha bir misal. 1957-ci ildə məşhur türk şairi Nazim
Hikmət Bakıya gəlir. Universitetdə
tələbələrlə görüşdə, ona kağıza
yazılı sual ötürürlər: Azərbaycan dilini
bilməyən və yaxud bilib bu dildə danışmayan ziyalını
necə qiymətləndirmək olar? Şair sualdan yayınır.
Görüşün sonunda çıxış edən Mirzə İbrahimov
bu sualı ucadan oxuyub özü cavablandırır: Azərbaycan
dilini bilməyən, ya bilib bu dildə danışmayan ziyalı
əclafdır… Cavab gurultulu alqışlara səbəb olur.
Bu gurultunun səsi Moskvaya - Nikita Xruşşova da gedib çıxır.
İki ildən sonra MK Plenumunda o İmam Mustafayevdən: «Bu
olmuşdurmu, yoldaş Mustafayev?» - deyə soruşanda, ondan: «Mirzə
İbrahimov tənbeh edilmiş, bütün
vəzifələrdən azad edilmişdir» - cavabını alır…
Sadıq Rəhimov
1958-ci il yanvarın 8-də M.İbrahimov «səhhəti
ilə bağlı» Ali Sovetin Rəyasət Heyətinin
sədri vəzifəsinə əlvida deyir. 6 ay sonra Nazirlər
Sovetinin sədri Sadıq Rəhimov eyni taleni yaşayır.
Birincini millətçilikdə suçlayırdılar, ikincini yerliçilikdə.
1957-ci ildə Azərbaycan qazının Ermənistana, Gürcüstana
nəqli məsələsi müzakirə ediləndə, MK-nın
bürosunda Sadıq Rəhimov buna etiraz edir. Deyir ki, rayonlarımızda
qaz çatışmadığı halda, biz niyə qazımızı
ermənilərə, gürcülərə verməliyik? O hətta
Mingəçevirdən qonşulara elektrik xətti çəkilməsinə,
Daşkəsən filizinin Rustaviyə daşınmasına da
etirazını bildirir (Yazıq Azərbaycanım!). Yerliçilik,
sən demə, bu imiş! Beləliklə, bir az öncə adını
çəkdiyim üçlükdən yeganə «sağ» qalan İmam
Mustafayev olur…
İMAM MUSTAFAYEV BÜTÜN GÜNAHLARI MİRZƏ İBRAHİMOVUN
ÜSTÜNƏ YIXIR!
Axır ki, 50 il bundan öncə keçirilən Azərbaycan KP MK-nın
8-ci plenumunun üstünə gəlib çıxdıq. Artıq siz bu
plenuma qədərki Azərbaycanın durumu ilə, qismən
də olsa, tanışsınız. Harada qalmışdıq?
Hə, plenumda söz alan məruzəçi, MK katibi Abdulla Bayramov sözü
hərlədib-fırladıb, Mirzə müəllimin «Azərbaycan
dili dövlət idarələrində» məqaləsinin üstünə
gətirib çıxarır. Plenumun mövzusu yaddan çıxır.
Mirzə müəllim daşın hansı
pəncərədən atıldığını duyur və
cavabı daş atanın - İmam Mustafayevin tənqidi üzərində
qurur...
Mirzə İbrahimov
Sonra dil məsələsinə keçir.
Azərbaycan dilinə olan sayğısız münasibətlə
bağlı ona edilən saysız müraciətləri sadalayır,
gerçək vəziyyəti misallarla anladır və «mən
də başqaları kimi gözlərimi yumub, qulaqlarımı tıxaya
bilərdim, ağzıma su alıb susa bilərdim» söyləyir,
ancaq «kommunist vicdanım buna yol vermədi». O bu işi tək
etmədiyini, indi İmam Mustafayevin niyə ikili mövqedə durduğunu
anlamadığını əlavə edir. Məruzəçinin
də cavabını verir.
Sonra çıxışçılar başlayırlar. Onu daha
nədə ittiham etmirdilər? Məsələn, Qasım
İsmayılov Rayon Partiya Komitəsinin katibinin sözlərinə
görə, dil haqqında söhbət ortaya atılandan sonra,
gənclərin bir hissəsi rus dilini öyrənməkdən
imtina edir. Bir başqası - Puşkin rayonunun katibi onun
məqalələrindən «millətçilik qoxusu» gəldiyini,
yazıçının əsl həyatı bilmədiyini iddia
edirdi...
«Qayıdış»ın 3-cü hissəsi burda bitir. Sabah - 4-cü,
sonuncu hissədə nələri oxuyacaqsınız?
-Mirzə müəllim plenumda özünü niyə Molla
Nəsrəddinlə müqayisə etdi?
-Qurbanlıq vardısa, İmam Mustafayev niyə canını
qurtara bilmədi?
-Üçlük nə adla param-parça edildi?
Və nəhayət
-Bu qədər önəmli tarixlər varkən, «Azərbaycan
dili günü» niyə avqustun 1-də qeyd olunur?