![]() |
|
Hikmət HACIZADƏ |
|
Avropaya İnteqrasiya Komitəsi, FAR CENTRE-nin vitse prezidenti |
Əxlaq və siyasət mövzusu kifayət qədər məşhurdur və yaxşı işlənib, çünki əxlaq və siyasətin bir araya sığması (uyğunlaşması) barədə mübahisələr sivilizasiya yaranandan davam edir. Ancaq mən bugünkü Azərbaycan, konkret olaraq bizim hər birimiz üçün bu mövzunun xüsusən aktual olduğunu qeyd etmək istəyirəm. Çünki biz köhnə əxlaq dəyərləri və yaşayış üsullarının artıq qəbul edilmədiyi, yenilərinin isə hələlik yaranmadığı çətin keçid dövrünü yaşayırıq.
Burada ilk olaraq ortaya belə bir sual çıxır. Biz özümüzü siyasi prosesin getməsinə təsir edə bilən iştirakçı kimi görürük, yoxsa yalnız bu oyunun passiv subyektiyik? Bax, elə buna görə də mən öz yazımı «Əxlaq, siyasət və biz» adlandırmışam. Bu sualın cavabından bizim həyat mövqeyimiz, son nəticədə isə ölkəmizin taleyi asılıdır.
Qoyulmuş sualın cavabını axtararkən biz Aristotelə, Makiavelliyə, Kanta, yaxud insan hüquqlarına aid beynəlxalq müqavilələrə istinad edə bilərik. Ancaq mən siyasət və əxlaqın uyğunlaşması barədə 1988-ci ildə yenidənqurma ilə birlikdə başlamış, zahirən xaosa bənzəyən açıq siyasətlə qarşılaşarkən bizdə əmələ gələn baxış və şübhələrimizi nəzərdən keçirmək istəyirəm.
Tərəddüdlərimiz bundan ibarətdir:
- Dünya yaranandan bu günədək ədalətsizdir və bu dünyada heç nəyi dəyişmək mümkün deyil;
- Tarix boyu insanlar da dəyişməyib və onları yalnız dar şəxsi maraqları idarə edir;
- Mən bu dünyanı dəyişə bilmərəm və mənə yalnız «Ey siz, yuxarıdakılar, biz burada aşağıdayıq» deyə fəryad etmək qalır;
- Mən mütəxəssisəm və özümün dar çərçivədəki işimlə məşğulam, siyasətlə isə peşəkarlar məşğul olmalıdır.
Hələ üstəlik, vaxtilə Bomarşenin Fiqarosunun ağlına gələn «Ətrafda (və yuxarıdakılar) hamı oğurluqla məşğuldur və təkcə məndən insaf tələb edirlər» fikri də daim bizi rahat buraxmır. Yaxud bizim baxdığımız halda: «demokratlar partokratları əvəz edirlər və ya əksinə, ancaq onların hamısı eyni vicdansızlıqla «Mersedes»lərdə gəzirlər, məndən fədakarlıq tələb edirlər. Amma məni bundan sonra gəlişigözəl sözlərlə aldatmaq mümkün deyil»...
Bizə rahatlıq verməyən bu şübhələr ictimai həyatda, siyasətdə və biznesdə tam əxlaqsızlığın labüdlüyü barədə bir fikrə gətirib çıxarır. Onda öz vaxtımızı və mal-mülkümüzü və bizim zamanımızda təhlükəsizliyimizi də niyə qurban verməliyik? Axı bu heç nəyi dəyişməyəcək. İşin ən məyusedici tərəfi odur ki, buna görə heç kim qədrini bilməyəcək və mükafatlandırmayacaq. Əgər Marks dediyi kimi, kapitalizm oğurluqdursa, mən niyə vicdanla işləməliyəm?
Dindar adamlar üçün bu sualın cavabı olduqca sadədir - Allah hər şeyi görür, İnkir və Minkir adlı mələklər hər şeyi qeyd edir və xeyirxah işlərimə görə mən ən azı o biri dünyada mükafatlandırılacağam. Ancaq bu cür dərin inanmayan bugünkü çoxluq üçün Nitsşenin «Əgər Allah ölübsə, yaxşılıq etmək nəyə lazımdır?» sualı açıq qalır.
Düzünü desəm, elə mənim də bu suala aydın cavabım yoxdur. Onda nəyə görə mən yuxarıda sadaladığımız şübhə və riskə baxmayaraq ictimai həyatda iştirak edirəm və siyasətə qatılmışam? Mən sadəcə, belə edirəm və başqa cür bacarmıram, məni buna nə məktəbdə, nə də ailədə öyrədiblər. «Mən başqa cür bacarmıram», ancaq razılaşaq ki, bu, zəif əsaslandırmadır.
Buna baxmayaraq gəlin bizim şübhə və tərəddüdlərə qarşı heç olmasa nəsə rasional bir şey qoyaq. Görək dünya doğrudan da dəyişirmi, insan 50000 illik sivilizasiya dövründə dəyişibmi?
50000 il bundan əvvəl - insanlar insan əti yeyirlər.
35000 il bundan əvvəl - insanlar artıq yalnız düşmən ətini yeyirlər.
10000 il bundan əvvəl - dinlər yaranır və insanlar adamları qurban verirlər.
6000 il bundan əvvəl - incildəki Ìbrahim artıq insan əvəzinə quzunu qurban verir (bizim Qurban bayramının mənası da budur).
2300 il əvvəl - ilk respublikalar yaranır.
800 il əvvəl - dövlətin və cəmiyyətin insan üzərində hakimiyyətini məhdudlaşdıran ilk qanunlar meydana çıxır.
350 il əvvəl - parlamentlər krallara qalib gəlməyə başlayır.
200 il əvvəl - Avropada insan hüquqlarını dövlətdən müdafiə edən qanunvericilik yayılır.
150 il əvvəl - köləliyin ləğvi uğrunda uğurlu ümumdünya hərəkatı başlayır.
80 il əvvəl - qadınlar səs hüququ qazanırlar.
50 il əvvəl - fövqəldövlətlər insan haqlarının ölkənin daxili işi olmadığı barədə razılığa gəlirlər.
30 il əvvəl - vətəndaş hüquqları uğrunda kütləvi hərəkat inkişaf etmiş demokratik ölkələri sarsıdır.
10 il əvvəl - kommunist bloku dağılır və tarixçilər «Tarixin sonu», yəni demokratiya və insan haqlarının bütün dünyada dönməz qələbə çaldığını elan edirlər.
2 il bundan əvvəl - kütləvi antiqlobalist hərəkat başlayır, uğurlu ölkələrdən olan insanlar kasıb ölkələrin əhalisinin iqtisadi hüquqları uğrunda mübarizəyə qalxır.
Beləliklə, əgər bu gün Yer kürəsinin bəzi nöqtələrində insanlar insan əti yeməkdə davam edirsə belə, dünyanın dəyişdiyi fikri ilə razılaşa bilərik.
Biz həm də etiraf etməliyik ki, bu dünya heç də öz-özünə dəyişməyib, bu bizim kimi insanların fəallaşması nəticəsində mümkün olub. Və əgər şəxsən bizim birimiz burada azad yığışmağımız üçün heç nə etməyibsə belə, bu o demək deyil ki, bu hüquq özbaşına yaranıb. Bu onu göstərir ki, kimsə başqalarının azadlığı uğrunda mübarizə aparıb, biz isə bu gün ondan istifadə edirik.
Bu xronologiyadan həm də o aydın olur ki, dünyadakı müsbət dəyişikliklər heç də təkcə insanların öz dar şəxsi maraqlarına uyğun hərəkət etməsi ilə izah oluna bilməz. Axı özünün yox, başqalarının, hazırda isə başqa ölkələrdə insan hüquqları uğrunda mübarizə aparan insanlar hansı dar şəxsi maraqlarını güdə bilərlər?..
Ancaq bizim başqa şübhələrimiz
də var. Məsələn, Fiqaronun «Ətrafda hamı oğurluqla
məşğuldur və təkcə məndən insaf
tələb edirlər» sözlərinə necə cavab vermək
olar?
Burada paradoks mövcuddur. Bizi tək-tək istisnalar olmaqla
ətrafda hamının oğru, siyasətçilərin isə
satqın olduqları fikrindən daşındırmaq çətindir.
Bəs onda, göstərdiyimiz kimi, dünya necə yaxşılaşır?
Yəqin ki, burada bizə mədəniyyətimiz üçün adi olmayan insanların ictimai fəaliyyətinə kəmiyyət baxımından yanaşmaqla qiymət vermək kömək edərdi. Yəni hər hansı şəxsi pis, yaxud yaxşı hesab etməyərək onun xoşniyyət əməllərini dəstəkləmək, ədalətsiz addımlarını isə boykot etmək. Başqa sözlə, məşhur «moralist» Riçard Niksonun dediyi kimi, «azad cəmiyyətdə heç kim həmişə qələbə çala bilməz, heç kim həmişə öz yolu ilə gedə bilməz və heç kim həmişə haqlı ola bilməz».
Bundan başqa, yaxşı və pis insanların olduğunu yox, onlardan hansınınsa başqasına nisbətən daha az korlandığını nəzərə almaq lazımdır. Onda meydana çıxaraq daha az korlanmış, pozulmuş siyasətçini müdafiə etmək gərəkdir. Və hər şeydə və daim bu cür hərəkətə üstünlük vermək lazımdır.
Beləliklə, əgər siz ictimai fəaliyyətlə məşğul olsanız, bu kəmiyyət qiymətləndirməsi metodunu da qəbul edin. Sizin daha az korrupsiyaya uğramış siyasətçini müdafiə etməniz ona gətirib çıxaracaq ki, SİYASİ BAZARIN GÖRÜNMƏZ ƏLİ vəziyyəti yaxşılaşdırmağa başlayacaq (belə bir «görünməz əl»i Adam Smit bazar iqtisadiyyatı üçün tətbiq etmişdi).
Siyasətçilərin hamısı satqın olsalar belə, əgər siyasi rəqabət varsa, onda SİYASİ BAZARIN GÖRÜNMƏZ ƏLİ ona gətirib çıxaracaq ki, rəqabət aparan siyasətçilər addım-addım sizin tələblərinizi yerinə yetirməyə məcbur olacaqlar.
Aktiv olun və onda rəqabət aparan siyasətçilər sizin səsləriniz uğrunda mübarizədə bir-birilərini ifşa etməyə çalışacaqlar. Onlar bununla addım-addım bir-birinin yalan danışmasına və oğurluq etməsinə mane olacaqlar. Ancaq bunun üçün aktiv olmalısınız.
Və sonda daha bir şübhəni nəzərdən keçirək. Mənim aktivliyim güc və maddi vəsait, bəzən isə hətta risk də tələb edir. Bunun əvəzində mən şəxsən nə alacağam? Qədrimi kim biləcək? Qiymətimi kim verəcək?
Heç kim. Burada mən böyük əminliklə
sizin fədakarlığınızı heç kimin
qiymətləndirməyəcəyini əvvəlcədən
deyirəm. Öz təcrübəmə əsaslanaraq deyə
bilərəm ki, nə bu dünyada insanların, nə də
yəqin ki, mövcud olmayan o dünyada mələklərin təşəkkürünü
görməyəcəksiniz... Təmkinlə, fəryad
etmədən, dişini-dişinə sıxaraq bizim demokrat
qəhrəmanımız öz taleyinə və ola bilsin,
tənha ölümünə doğru gedir...
Ancaq bununla belə mükafat var! O, sizin insanlar arasında
olarkən hiss etdiyiniz rahatlıqdadır; o, sizin insanların gözünə
düz və açıq baxmağınızdadır; o, sizin
əlinizi sıxan insanların əllərinin xüsusi
istiliyindədir. Və ən nəhayət, o, başqalarının
uşaqları öz albomlarında Şvartsneggerə oxşamaq
istədiyini yazdığı halda sizin oğlunuzun «öz atama oxşamaq
istəyirəm» yazmağındadır. Mənim oğlum 10 yaşında
məhz belə edib.