Azərbaycandakı siyasi
vəziyyət getdikcə daha maraqlı çalarlar almağa başlayır.
Son bir həftədə: Əvvəlcə prezident adminstrasiyasının
ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov və
Milli Teleradio Şurasının sədri Nuşirvan
Məhərrəmli internetə məhdudiyyətlər
tətbiq etmək məsələsini müzakirəyə çıxardılar.
Dərhal deputat Aynur Camalqızı eyni məsələni
parlamentin müzakirəsinə təklif etdi. Cəmiyyət bu
təşəbbüslərin şokundan çıxmamış
isə «Yeni Müsavat» qəzeti məlumat yaydı ki,
Azərbaycan parlamenti «QHT-lər haqqında qanuna mürtəce düzəlişlər»
etməyə hazırlaşır, «Turan» informasiya agentliyi
isə həmin məsələnin Milli Məclisin 19 iyun
sessiyasında müzakirə olunacağı xəbərini yaydı.
SPEKULYASİYA ÜÇÜN MEYDAN GENİŞLƏNİR
QHT qanuna edilən əlavələrlə bağlı
məlumatlar dəhşətlidir. «Yeni Müsavat» qəzeti yazır
ki, əlavələrə görə ölkədə siyasi
treninqlər həyata keçirən ABŞ Milli Demokratiya və
Beynəlxalq Respublika İnstitutları, habelə İFES
qanundan kənar vəziyyətə salınacaq. Yerli
QHT-lərin maliyyələşməsi və fəaliyyət göstərməsi
üçün xeyli məhdudiyyətlər tətbiq ediləcək.
Təbii ki, «analiz», daha doğrusu isə spekulyasiya üçün
meydan genişdir. Bəlkə Azərbaycan hökuməti
əslində yalnız internetə məhdudiyyət qoymaq
istəyir, QHT-lər barədə olan əlavələr
isə beynəlxalq təşkilatları susdurmaq və onları
iki pis variantdan biri ilə razılaşmağa məcbur
etmək üçün ortaya atılan «danışıq kartıdır»?
Bəlkə əksinə, internetlə qorxudub QHT-lərlə
bağlı məhdudiyyətləri keçirmək
istəyirlər? Ya da, bəlkə beynəlxalq ictimaiyyətin
reaksiyasını ölçəndən sonra elə hər iki
məsələni birdəfəlik həll etmək
istəyirlər? Ortada olan odur ki, Azərbaycanın rəsmi
şəxsləri və rəsmi qurumları yenə də
vətəndaşların mülki siyasi azadlıqlarına yeni
məhdudiyyətlər tətbiq etmək təşəbbüslərini
müzakirə edirlər.
İCAZƏLİ FƏALİYYƏT SFERASI
Amma narahatlıq yaradan fakt təkcə bundan ibarət deyil.
Ortada hökumət rəsmilərinin və hökumətpərəst
ictimai xadimlərinin siyasi və mülki azadlıqları səhv
interpretasiya etmələri tendensiyası var. «Media forum»a
verdiyi müsahibəsində Milli QHT Forumunun rəhbəri Azay
Quliyevin dediklərinə nəzər salaq - onun dediyinə görə,
qanunun 6-cı maddəsinin 2-ci bəndinə təklif olunan düzəlişə
əsasən, hər hansı QHT ümumazərbaycan təşkilatı
sayılması üçün ölkənin inzibati ərazi
vahidlərindən azı üçdəbirini əhatə
etməlidir: «Regional QHT-lərin azı üç inzibati vahiddə
fəaliyyəti olmalıdır. QHT ölkənin inzibati ərazi
vahidlərinin üçdəbirində filiala malik deyilsə, onun
rayonlarda fəaliyyətinə icazə verilməyəcək».
Axırıncı cümləyə diqqət edin. Bunlar mülki
təşkilatların ictimai fəaliyyətinə dövlət
tərəfindən sanksiyalaşdırılmalı –
icazə verliməli fəaliyyət sahəsi kimi baxırlar.
Və hesab edirlər ki, əgər QHT adlanmaq üçün
tələb etdikləri inzibati və maddi imkanlar plankasını
yuxarı qaldırsalar bir xeyli QHT-nin fəaliyyətini qadağan
etmək üçün hüquqi əsas əldə edəcəklər.
Səhv yanaşmadır, cənablar! Bu yanaşma Azərbaycanın
öz konstitusiyasına belə ziddir.
QHT-LƏRİN RAYONLARDA FƏALİYYƏTİ BAŞQA
HANSI FORMALAR KƏSB EDƏ BİLƏR?
Ayrı-ayrılıqda kollektiv insan hüquqları yoxdur. Mülki,
siyasi, mədəni təşkilatların fəaliyyət azadlığı,
hətta çox vaxt mübahisələrə səbəb olan milli
və dini azlıqların hüquqları ayrıca bir hüquq sferası
yox, bir fərdin, bir nəfərin insan hüquqlarının
məntiqi inkişafı, onun davamıdır. Azərbaycanda
hər bir kəsin qanunla hərəkət azadlığı
var, sözdə də olsa söz azadlığı var, heç olmasa
qapalı yerlərdə toplaşmaq azadlığı var.
Məsələn, rayonda sünnət toyu keçirən şəxs
rayon rəhbərliyindən icazə almalı olmadığı
kimi, heç bir başqa şəxsin də rayonların birinə
gedib beş-üç nəfəri bir yerə yığıb söhbət
etməsi, treninq keçirməsi, diskussiya təşkil etməsi
üçün rayon rəhbərliyi, ədliyyə nazirliyi, yaxud başqa
bir dövlət agentliyindən icazə almağa ehtiyacı yoxdur!
QHT-lərin rayonlardakı fəaliyyəti oraya gedib söhbətlər
aparmaqdan, diskussiyalar keçirməkdən, treninqlər həyata keçirməkdən
ibarətdir. Əcəba, QHT-lərin rayonlarda fəaliyyəti
başqa hansı formalar kəsb edə bilər? Və bu
fəaliyyət növləri ilə məşğul olmaq üçün
onların heç QHT adlanmasına da ehtiyacları yoxdur. QHT işçisi
Novella Cəfərovanın bir Azərbaycan vətəndaşı
kimi, məsələn Lənkərana gedib 15-20 qadınla söhbət
etmək ixtiyarı yoxmudur? Bu fəaliyyət növü hansı hüquqi
əsasla qadağan edilə bilər?
QHT-lərin statusu sivil ölkələrdə (Rusiya və Özbəkistan
təcrübəsi təbii ki, bu sıraya aid edilmir) onların dövlətdən
ala biləcəkləri güzəştləri müəyyənləşdirmək
üçün qanunla tənzimlənir başqa şeyə görə yox.
QHT fəaliyyəti gəlirsiz sahə, qeyri-kommersiya sahəsi
olduğundan həmin təşkilatlar üçün müəyyən
qaydalar müəyyən edilir ki, əldə etdikləri pulun
ictimai-mülki işlərə xərcləndiyi sübut olunsun
və hökumət həmin pula görə QHT işçilərindən
şəxsi gəlir vergisi tutmasın. Vəssalam. Dövlət
hər hansı başqa formada QHT fəaliyyətini
tənzimləmir və tənzimləyə də bilməz.
Yuxarıda qeyd etdiyim səbəblərə görə.
Azərbaycanda isə bu sahənin qanuni mexanizmləri,
terminləri və fundamental insan haqlarına bağlı müddəalar
belə baş-ayaq təfsir olunurlar.
Azərbaycandakı son bir neçə ilin gəlişmələri
getdikcə Çippolino multfilminin süjet xəttini xatırladır.
Son QHT və internet məhdudiyyətləri söhbəti isə
havaya, yağışa, tufana və küləyə vergi qoyan
Sinyor Pomidorun Balqabağın evini sökməyə cəhd etdiyi
səhnə ilə dəhşətli bir oxşarlıq təşkil
edir. Özünüz baxa bilərsiniz: http://www.youtube.com/watch?v=Xw-fU8Uopko