Partiyaları qoyub QHT-lərə qaçanlar barədə

(Yaşasın siyasi partiyalar!)

sahveled19

Şahvələd Çobanoğlu

Növbə QHT sektoruna gəldi. Oğru hakimiyyətimiz buraya da öz dəsti-xəttini yeridir. QHT-lər bundan sonra pulu Azay Quliyevdən alıb sünnət, arıçılıq, eşşəklərin monitorinqi kimi layihələrdə çalışmalıdırlar. Demokratiyamız kimi QHT-lərimiz də suveren olacaq.
Həm də çox kədərlidir, xeyli adam əsas hədəfdən yayınıb bu təşkilatlara doluşmuşdu! Bir çoxları  məhz bu yolla qədərincə yaxşı həyat da qura bilmişdi. Bilirsinizmi, “əsas hədəf” nədir? Talançı, yalançı hakimiyyətə birbaşa etiraz etmək, yaxud birbaşa etiraz edən qurumlara üzv olmaq. Nə qədər adam bundan yayınmaq üçün illərlə üzvü olduğu partiyanı tərk etdi. Nə qədər adam ortada yeyib, qıraqda gəzməyə başladı. Nə qədər tanınmış adam sözünü-mövqeyini dəyişdi. Axı artıq QHT-çidir - siyasətçi və ya jurnalist deyil ki! Bu ölkənin altını-üstünü çevirirlər (bu fikri çox biədəb formada da ifadə etmək olar), amma onlar bunu olduğu kimi deyə bilməzlər, axı onlar QHT-çidir.
Belə çıxır ki, həqiqəti olduğu kimi demək başqalarının vəzifəsidir. Onlar isə sadəcə vətəndaş cəmiyyətidir. Ruhun titrəsin, Karl Popper, açıq cəmiyyət ideyasını ortaya atanda başına göydən Karl Marksın kitabları yağaydı. Vətəndaş cəmiyyətinin  yaranmasının əvəzinə, vətəndaşlar öz borcundan yayınmaq üçün xırda cəmiyyətlər yaradır. Vətənin daşı-daş üstündə qalmır, vətəndaş cəmiyyəti isə tamaşa edir…
Xəbər var ki, QHT-lər koalisiya yaradıb etiraz aksiyaları keçirəcəklər. Hər gün. Hətta deputatxananın qarşısında piket olacaq. Konstitusiyanın dəyişib ölkədə şahlıq quranda bu adamlar niyə piket keçirmirdilər görəsən? Mən etiraz etmirəm bu piketlərə. Bu aksiyalarda hamının iştirakı vacibdir. Amma soruşuram. Məgər demokratik şərait yalnız onlara lazımdır? Demokratiya təkcə onlar üçündür? Buna qədər baş verənlər bəs nə idi?
Mən də narahatam. Ilham Əliyevin ölkəni məhvə aparan bir şahlıq qurmağa üz tutduğu aydınca görünür. Mən bu ölkənin taleyinə görə QHT haqda qanunun dəyişməsi xəbərini almadan da narahat idim. Amma həqiqəti deməkdən yayınaraq özünü QHT-lərin yağlı kölgəsinə verib sakit işlərdə baş girləyənlərə görə mən şəxsən narahat deyiləm. Seçkidən öncə Azərbaycanın ən prinsipial QHT-lərindən birini bağladılar, bunların heç səsi çıxmadı. Az sonra həmin QHT də (Anar Məmmədlinin təşkilatını nəzərdə tuturam)  nala-mıxa vuran hesabatlar verdi. Indi onlar birləşirlər!
Məgər bu qanunun dəyişməsi xəbərinəcən sizi heç nə narahat etmirdi? Niyə tərpənmirdiniz? Azərbaycanda o qədər pis dəyişikliklər baş verib ki, QHT haqqında qanunun dəyişdirilməsi bunların yanında saqqal darağıdır. Adamı ağrıdan sualla üz-üzə qalırsan: bu üçüncü sektor bilmirdi ki, görmürdü ki, vəziyyət hara gedir? Anlamırdılar ki, növbə onlara da çatacaq?!
2007-ci ilin adi qəzetçi günlərinin birində gecə əcaib xəbər aldıq. Bir həkim 50 hamilə qadına qəsdən hepatit virusu yoluxdurmuşdu ki, onların müalicəsindən pul qazansın. Bu da ölümcül ola biləcək xəstəlikdir. Xəbəri baş yazıya çevirdik. Mənə elə gəlirdi ki, sabah ölkə qaynayacaq. Səhər planlaşdırmada müxbirə deyirəm ki, Səhiyyə Nazirliyinin qabağını güdsün, yəqin QHT-lər piketlər təşkil edəcək. Bütün redaksiya mənə gülür ki, məgər mən bu “qrantayed”ləri tanımıram?!
QHT-nin tipik siması Sabit Bağırovdur: Elçibəyin ən çox inandığı adamlardan olan bu adam indi oğru hakimiyyətə neft şəffaflığı hasil edir. QHT-nin tipik nümayəndələri jurnalist təşkilatlarıdır, milyonları yeyib bizə ağıl öyrədirlər… Bu ölkənin hüquq müdafiəçiləri hüququ pozandan pul alırsa, daha nədən danışmaq olar?! Bundan sonra üçüncü sektordan nə danışasan?
Hansını danışdırırsan, siyasi liderləri bəyənmirlər. Artıq səfirliklərin ziyafətlərində onlarla yanaşı durub şampan içməyi də özlərinə sığışdırmırlar. Yaxşı, bəyənməyin onları, bəs siz nə deyirsiniz bu işlərə? Sizin sözünüz nədir?
Mən də bir vətəndaş olaraq QHT haqqında qanunun irticalaşdırılmasından narahatam. Amma üçüncü sektoru hörmətdən salan, həqiqəti çılpaq deməkdən yayınmaq üçün 13-cü sektora çevirənlərə də sözümü deyirəm. Biləsiniz ki, Azay Quliyev heç kimdir, Milli Məclisdə əyləşən digərləri də, qanunu dəyişən başqasıdır. Odur ki, səmimi olmağınız üçün etiraz şüarlarınızın sırasına “Ilham Əliyevə istefa!” şüarı da salın. Siz də müxalifətçi deputatlarımız kimi “Oqtay Əsədova istefa” deməyəcəksiniz ki?!


Article printed from “Azadlıq” qəzetinin rəsmi internet səhifəsi: http://azadliq.az

URL to article: http://azadliq.az/?p=11920

ANA SƏHIFƏYƏ DÖN