13.06.2009 [08:29]
 
MOLLALARIN MİLLİLƏŞDİRİLMƏSİ
“Nə tökərsən aşına, o da çıxar qaşığına”
(Azərbaycan atalar sözü)


Zamin HACI
zaminhaci@mail.ru

 

Hakimiyyət din azadlığı haqda qanuna dəyişiklik etmək istəyir. Prezident Administrasiyasında hazırlanan mürtəce layihə artıq yoxuşu qalxıb özünü deputatxanadan içəri salmışdır. Şübhəniz olmasın, tezliklə qanun orada səsə qoyulub “95 - lehinə, 5 - əleyhinə, bitərəf - yoxdur, qalan deputatlar hardasa kefdədir” şəklində qəbul olunacaqdır. Orada son illər qanunları məhz bu şəkildə qayırırlar.
Əslində mən yuxarıda “din azadlığı qanunu” yazdım, bunun özü hazırda mənasız söz yığınıdır. Çoxdandır bizdə din, etiqad, inanc azadlığı qanuni şəkildə məhv edilibdir. Məsələn, 5-6 il qabaq həmin qanuna dəyişiklik edildi, orda yazıldı ki, ölkədəki bütün dini icmalar Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) tabedir. Hətta tələsdiklərindən, ya idiotizmdən “müsəlman” sözünü də yazmadılar və indi belə çıxır ki, katoliklər icma yaratmaq istəsələr mütləq şanlı şeyximizin idarəsindən arayış almalıdır. Qaldı müsəlmanlara, bunu da heç bir sağlam məntiqlə izah etmək mümkün deyil ki, nə üçün onların hamısı QMİ-yə tabe olmalıdır. Onda konstitusiyadan dövlətin dinə qarışmadığı haqda müddəanı zəhmət çəkin silin.
Çox şadam ki, hazırda bəla məhz QMİ-ni gözləyir. Düzəlişə görə xaricdə təhsil alıb qayıdan dindarlara dini icmalara rəhbərlik, ibadətləri, mərasimləri idarə etmək qadağan olunacaq. Necə deyərlər, öz cəzandı çək, Balaş. Vaxtilə QMİ hakimiyyətin əlində müstəqil dini icmalara qarşı cəza alətiydi. Məsələn, “İçərişəhər” cümə məscidinin icmasını repressiya edəndə QMİ o məscidə öz oyuncaq axundunu yerləşdirmişdi. İndi şeyxin özünü idarədən bayıra atsalar nə xoş! Özü də tam qanuni əsasla olacaq: axı şeyx cənabları Orta Asiyada, yanılmıramsa, Buxarada dini təhsil alıbdır. Nə haqla burda rəhbərdir?
Ola bilər ki, məhz bu qara buludlu perspektiv idarənin başı üstünü aldığı üçün şeyxin müavini Hacı Salman Musayev qanunda dəyişikliyə etiraz bildiribdir. Deyib ki, gəlin onda Oksfordu,  Kembrici qurtarıb Azərbaycanda işləyənləri də işdən çıxaraq. Ölmədik, bu günü gördük. Şeyxin idarəsi də hökumət əleyhinə çıxarmış! Bah, su boğaza bu qədərmi qalxdı?
Hərçənd, Salman bəyin sözlərində məntiq var. Hər şey bir yana, hansısa mərasimə xaricdə oxumuş molla gətirməyin dövlətə nə dəxli? Bəlkə biri dədəsinin yasına Norveçdən molla dəvət eləyəcək - özü bilər, dədəsi bilər. Eyni sarsaq məntiqlə hökumət bir gün xaricdə təhsil almış müğənnilərin toy aparmasını da qadağan edər. Üstəlik, bunu axı kim, nə cür yoxlayacaq? Molladan diplom istəyəcəklər? Bəlkə molla daha hiyləgər çıxdı, heç ali xarici təhsilli olmağını boynuna almadı? Ya gedib İslam Universitetinin Dağıstan filialının Quba şöbəsinin Dəvəçi bölməsindən... saxta diplom aldı?
Ən məzəlisi isə odur ki, islam dininin özü Azərbaycana xaricdən gəlibdir. Bunun vətəni Ərəbistandırsa, gərək ən azı orda oxuyub gələn mollalara, din xadimlərinə qadağa qoymayasan. Ya da yaptokratlar birdəfəlik elan etsinlər ki, bizim öz milli dinimiz var, adı da məsələn, yaptokratiyadır. Bunun təhsilini BDU-da, başqa ali məktəblərdə verirlər. Get, oxu, sonra icmaya rəhbərlik elə. Onsuz təzə dini inancın elementləri göz deşir: şəxsiyyətə pərəstiş, heykəllər, kölələr, kastalar və sektalar...
Məncə, proses elə buna gedir. Biət eləməyənin boynu vurulacaq.

ANA SƏHIFƏYƏ DÖN