07.06.2009 [08:59]
 
“NORVEÇDƏN QAYIDAN ADAM ÖZÜNÜ MÜTLƏQ BƏDBƏXT HİSS EDİR”
Mehman Əliyev: “İlk dəfə ora gedəndə düşündüm ki, Allah cənnəti də, cəhənnəmi də bu dünyada yaradıb”

Məlum olduğu kimi, Gert Butserius Fondunun “Şərqi Avropanın azad mətbuatı” mükafatının builki qalibləri “Bizim yol” qəzetinin əməkdaşı Natiq Cavadlı və “Azadlıq” qəzeti olub. Azərbaycandan bir qrup jurnalistin qatıldığı təqdimetmə mərasimi artıq yekunlaşıb və heyət Bakıya qayıdıb.
2007-ci ildə “Turan” İnformasiya Agentliyinin qalib seçildiyi tədbirə qatılmış direktoru Mehman Əliyev bizimlə söhbətində bildirdi ki, yolu Norveç kimi ölkəyə düşüb, sonra Azərbaycana qayıdan adam özünü bədbəxt hiss edir. Müsahibimiz bu cür səfəri “cənnətdən cəhənnəmə qayıdış” kimi xarakterizə etdi: “Gedirsən və bu dünyanın cənnətini görəndən sonra cəhənnəmə qayıtmalı olursan. Görürsən ki, quruluş necə qurulur, insanlar necə azad yaşayır. Hətta hər bir azərbaycanlı rüşvətxor məmur da, dələduz da elə gözəl, demokratik ölkədən Azərbaycana qayıdanda buranı cəhənnəm kimi görür. Təbii ki, kimsə bu cəhənnəmdə özünə daha yaxşı, rahat yer tapır. Amma bu, reallığı arxa plana ata bilməz”.
M.Əliyev bildirdi ki, birinci dəfə yolu həmin ölkəyə düşən adam üçün sonradan adaptasiya problemi yaranır. Onun sözlərinə görə, bu, təxminən şok terapiyasına bənzəyir: “Mən ilk dəfə Norveçə 90-cı illərdə getmişdim. Və elə onda bu qənaətə gəlmişdim ki, Allah cənnəti də, cəhənnəmi də bu dünyada yaradıb. Sadəcə, kiminsə bəxtinə cənnətdə, kiminsə bəxtinə cəhənnəmdə yaşamaq düşüb”.
Həmkarlarımızın Norveçə getməsi ilə media cameəsində “gedən jurnalistlər orada sığınacaq alıb mühacirətdə qalacaq, geri qayıtmayacaqlar” şayiəsi yayılmağa başladı. M.Əliyev jurnalistlərə orada qalmağı tövsiyə edirmi? Müsahibimizin sözlərinə görə, belə bir cəhdin edilməsi Norveçdə normal sayılmaz. Çünki mübarizə aparan jurnalistin orada qalması mümkün deyil: “Gərək mühacirət almağın üçün ciddi əsaslar olsun. Belə bir mərasimdən istifadə edib orada qalmağa cəhd göstərmək mənəvi baxımdan da doğru deyil”.

S.TELMANQIZI

ANA SƏHIFƏYƏ DÖN