Mübariz S. Əzimli

Azərbaycan xalqı, sən kimsən?

Nəbisən, Koroğlusan, yoxsa ...

Rus-Çeçen müharibəsinin gedişində müxbirlər əli silahlı çeçen uşağına sual verdilər ki, "Bəs qorxmursan?", o da cavab verdi ki, "Mən azərbaycanlı deyiləm ki!" O vaxt da, indi də o uşağı məzəmmət edən bir azərbaycanlı görməmişəm. Bu, yaxşı haldır, belə çıxır ki, eybimizi özümüz də bilirik. Biz çeçen deyilik, heç gürcü də deyilik. Rus Çeçenistana yeritdiyi orduyla bizim üstümüzə gəlmiş olsaydı yəqin ki, heç bir müqavimət görmədən Bakını da alardı - 1920-ci ildəki kimi. Və indi aşıqlarımız Zəlimxan Yaqubun başçılığı ilə "Ağrın alım, rus ordusu, dərdin alım, rus ordusu" oxuyurdular. Mübariz Qurbanlı və Mübariz Əhmədoğlu da (adınız sizə haram olsun) həmişəki həyasızlıqla bu ordunun Azərbaycana gətirdiyi sabitlik və inkişafdan danışacaqdılar. Amma Azərbaycan Çeçenistan deyil, ona görə də heç kim bura ordu yeritməyə hazırlaşmır, ... hələlik. Hələlik onlar Azərbaycana adı YAPARTEİD olan bioloji silahla basqın ediblər. 

Referendumun sabahısı gün "Media Forum" sitəsi öz səhifəsində üç sənətçimizin referendumun nəticələrinə münasibətini yerləşdirib. Eləcə, ardıcıl üç yazıdır, şərhsiz-filansız. Mən bu üç yazını çox simvolik gördüm. Mənə elə gəlir, bu üç yazını seçib ora yerləşdirən adam da məni kimi düşünür. Bu, azərbaycan xalqını təcəssüm edən üç fikirdir. Azərbaycan xalqının kimliyinin, bu yazının adındakı sualın cavabı. "Media Forum" bu yazılara şərh verməyib. Düz də edib. Onların vəzifəsi informasiya verməkdir. Amma mən bu üç yazını şərh edəcəyəm.

- Görkəmli aktyorumuz Rasim Balayev deyir ki, “Mən görürəm ki, tərəfdar olmaq lazımdır. Ona görə də tərəfdarıyam”. Halal olsun! Bu iki qısa cümlədə gör nə qədər dərin fikir var. Referendumun təşkilatçılarına bundan pis söyüş təsəvvür etmirəm. Bu iki kəlmədə nə qədər nifrət olduğunu anlamamaq üçün qanmaz olmaq lazımdır, ya da özünü qanmazlığa qoymaq. Bax, dəyişikliklərin açarını məhz bu təbəqədə axtarmaq lazımdır. Onu da deyim ki, xalqın bu təbəqəsi bu gün çoxluğu təşkil edir. Bu təbəqənin zahiri sevgisinə daxili nifrəti üstün gələn gün bu feodal rejiminin son günü olacaq!

- İkinci fikir isə görkəmli aktyorumuz Yaşar Nurinindir. O, deyir ki, “Çox gözəl nəticədir. Xalqımız öz mövqeyini bildirdi. O 91,5 faizlik nəticə var ha, onun 0,2 faizi bizim ailənin payına düşür. Dünən səhər 9-a 15 dəqiqə qalmış gedib səs vermişik. Bu dəfə bir az gec oldu, prezident seçkisində səhər saat 8-də səs vermişdim." ... Bu üç nöqtəni qoymuşam ki, bu pauza zamanı hərə istədiyi kimi ürəyini boşaltsın. Şəxsən mən söyüşcül deyiləm. Həm də Yaşar mənim ən çox sevdiyim aktyordur. Bir tamaşaçı kimi onun vurğunuyam. Düzdür, son zamanlar bir sıra əttökən rollar oynayıb, amma bu günahı onda yox, rejissorlarda axtarmaq lazımdır... Pauza bitdi. İndi gəlin xalqın bu qrupunun qiymətini verək. Bu qrup çoxluq olmasa da, xalqın əhəmiyyətli bir hissəsini təşkil edir. Yoxsa bu rejim bu günə kimi ayaqda qalmazdı. Bu rejimi yaşadan, ayaqda tutan, daim ona təzə qan verən, bax, bu Yaşar Nurilərdir - YAPARTEİDƏ yoluxmuş zavallılar. Bunlar hakimi-mütləqin süfrəsindən bir sümük qapmaq xatirinə bizim hamımızı, elə özlərini də, ailələrini də, gələcək nəsillərini də qurban verməyə hazırdırlar. Yaltaqlıq bunların xislətidir. İqtidarın kimliyinin, necəliyinin bunlar üçün heç bir əhəmiyyəti yoxdur. Bunlar üçün əhəmiyyətli odur ki, bu gün süfrənin başında Tayfadır, deməli tikəni də onlardan dilənmək lazımdır.

- Üçüncü fikir gözəl sənətkarımız Akif İslamzadənindir. O bildirib ki, “Bu, yaxşı presedent deyil. Amma dünyanın indiki qarmaqarışıqlığında hakimiyyətin başqa çıxış yolu da yoxdur. Hakimiyyət konstitusiya dəyişikliyinə, pis-yaxşı, mövcud olan komandasını qorumaq üçün gedib: Amma bu da müvəqqətidir”. Bu da xalqımızın hələ virusa yoluxmamış, sağlam hissəsinin fikridir. Heyf ki, belələri azlıqdadır. Bəli, bəli azlıqdadır. Elə olmasaydı, ictimaiyyətin müqaviməti bu qədər cılız olmazdı.

İndi biz kim olduq? Mən demirəm, siz özünüz deyin. Nəbi, Koroğlu, yoxsa Mübariz Əhmədoğlu? Əslinə baxanda Nəbi də, Koroğlu da bir kişi olmayıb. Hər ikisi qaçaq olub. Yoldan keçəni çalıb-çapıb dağlarda gizlənmək nə vaxtdan kişilikdir? Amma bunlar heç olmazsa qaçaq olublar, yalançı, riyakar və yaltaq olmayıblar. Biz buyuq. Yeni tarixdə bizim ən şərəfli dövrümüz meydan hərəkatı dövrüdür. O dövrün apogeyində - 1989-cu ildə Meydanda Nemət Pənahovun barmağının işarəsi ilə oturub-duran biz idik.

Diqqətli oxucu bu yazıda millət sözünün olmadığını fərq etmiş olar. Burada ancaq xalqdan söhbət gedir. Çünki, biz hələ millət deyilik. Xalqın millət olması üçün, onun nəyinsə ətrafında birləşməsi lazımdır. Bizi birləşdirən bir şey varmı? Nədir o? Özünüzü yormayın, elə şey yoxdur! Ümumiyyətlə, biz hələ feodalizm qururuq. Feodalizmdə nə millət, biz hələ RƏİYYƏTİK.

Stokholm,

24.03.2009

 

Müəllifin başqa yazıları:

- Osmanlıcadan türkcəyə tərcüməni bilməm... 

- Təkliflərim qəbul olundu

- MTN-nin İranın Nardaran qəsəbəsindəki şöbəsi

- Vətən sevgisi imandandır

- Qərb yaltaqlığı

- Mən də prezidentə təşəkkür etmək istəyirəm

- Madam Pompadur

- Aktual yuxu və ya ilahi xəbərdarlıq

- Dəvənin boynunun əyriliyi

- Seçmək və seçilmək mədəniyyəti

- 12-ci sinfin azərbaycan dili dərsi

- Ortada qalan Azərbaycan

- 3 milyon dollar və 3 "at"

- İsveçdə sanitara gülmürlər

- O olmasın, bu olsun!

- MƏĞRUR QƏRAR

- Davam edir...

- Azərbaycan siyasətində yeni - Avropa amili

- Rəzalət

- İBRƏT

- 20 Yanvar və şəhidlərin qanından pul qazananlar

- İlahi, Azərbaycanı kimlər  idarə edir!?

- İqtidarın “dava-dava” oyunu bizə nə vəd edir?

- Milli birliyimizə problem yaradanlar

ANA SƏHIFƏYƏ DÖN