Mübariz S. Əzimli

Osmanlıcadan türkcəyə tərcüməni bilməm...   (M.Ə.Sabir)

Hələ 100 il öncə böyük satirik Anadolu türkcəsindən Azərbaycan türkcəsinə tərcümə cəhdlərini satirik dillə qamçılamış, "Osmanlıcadan türkcəyə tərcüməni bilməm" yazmışdı. O vaxtdan 100 il keçməsinə, qardaş Türkiyə ilə münasibətlərin, əlaqələrin bu qədər genişlənməsinə, həm elmi araşdırmalar, həm də təcrübə nəticəsində bu iki dövlətin xalqlarının bir millət olduğu, ən yüksək səviyyədə "iki dövlət - bir millət" anlayışının yerləşdiyinə baxmayaraq, Nuşirəvan Məhərrəmli cənabları osmanlıcadan türkcəyə tərcüməni vacib sayır. Onun üçün nə elm, nə məntiq, nə millətin rəyi, nə M.Ə.Sabir, nə də "iki dövlət - bir millət" düsturunu tez-tez təkrar edən ulu öndərləri şərt deyil. Onun dağlarda yaşayan milləti, adada yaşayan öndəri var. Nuşirəvan Məhərrəmli cənablarının kim olduğunu, kimə və nəyə xidmət etdiyini Azərbaycanda bilməyən yoxdur. Sadəcə, dilə gətirməyə cəsarət etmirlər. Bəs o, adı milli, özü qeyri millətin əlində olan MTRŞ-da, hökumətdə, parlamentdə, prezident aparatında çalışanların içində, tumluq da olsa, bir türk yoxdurmu? Elə ucdantutma hamısı göstərişi İmralıdanmı alır? Əlbəttə olmamış deyil, amma Yeni Azərbaycanda türkün, türk dilinin müdafiəsinə qalxmaq böyük cəsarət istəyir. Axı türk olmayan ağaların xoşuna gəlməz!

Nuşirəvan Məhərrəmli cənabları anadolu türkcəsini kiçik fərqlərinə görə xarici dil kateqoriyasına salıbsa, bu münvalla Şəki, Ordubad, Maştağa ləhcələrini niyə xarici dil elan etməyir?! Axı onlar da ədəbi dilimizdən xeyli fərqlidir və bu fərq heç də anadolu ləhcəsində olduğundan az deyil. Deyilənə görə, (şəxsən mən bu TV-lərə vətəndə olanda da baxmazdım, indi də baxmıram) Azərbaycan TV-ləri indi türk filmlərini tərcümədə göstərir - osmanlıcadan türkcəyə tərcümədə!? Nəzərə alsaq ki, türk filmləri və serialları onsuz da əttökən idi, bunların Nuşirəvanın kadrlarının tərcüməsində nə günə salındığını təsəvvür etmək çətin deyil. Bu gedişlə Azərbaycanda şişman adam qalmaz, olan-qalan ətləri də tökülər. Onsuz da yerli TV-lərə baxan yox idi. Bu tərcümə hoqqabazlığından sonra yaranmış mənzərəni şəkildəki binanın fasadını "bəzəyən" peyk antenləri dəqiq nümayiş etdirir. Öz vətənində yadelli vəziyyətinə salınmış xalq özünə doğma bildiyi verilişləri ancaq bu antenlər vasitəsi ilə izləyə bilir. Baiskara min lənət!!!

Hələ Sovetlərin qılıncının dalı da, qabağı da kəsən vaxtlar Amerikanın səsi radiosu Türkistan (Opta Asiya) xalqları üçün vahid bir dildə - çaqatay dilində verilişlər verirdi. Bu verilişləri dinləyib, tam anlayır, "bir gün gələcək, bütün dünya türkləri beləcə, bir dildə danışacaq" deyə xəyallar qururdum. Hələ o vaxt Amerikanın siyasiləri türkistan xalqlarının bir millət olduğunu bilir, öz təbliğat vasitələrində bunu nəzərə alırdılar. Sonralar onlar Türkiyədə işləmiş, türk dilində danışan diplomatları Bakıya göndərəndə də bu iki xalqın bir millət olduğunu yaxşı başa düşürdülər.

Əsrlərlə Türkiyəyə, Anadolu türklərinə qovuşmaq arzusu ilə yaşamış azərbaycan xalqı son 20 ildə bu arzusuna nisbi də olsa çatmışdı. Bu iki dövlətin türkləri arasında birlik qısa zamanda qurulmuşdu, qalırdı iki dövlətin hər hansı şəkildə birləşməsi. Turqut Özalla Əbülfəz Elçibəyin birgə fəaliyyəti, çox yox, 2-3 il də davam etsəydi böyük türk birliyi reallaşacaqdı... Deyir, sən saydığını say, gör fələk, yəni, dünya gücləri nə sayır. Bu gün Türkiyəni AKP adlanan molla rejiminə, Azərbaycanı YAPARTEİDə, Türkistanı rus canişinlərinə təhvil vermiş güclər onlardan borclarını qaytarmağı tələb edirlər. Onlar da, hərə özünə görə, borcunu qaytarır - Nuşirəvan kimi. Bildiyiniz kimi, borclu-borclunun sağlığını istəyər. Nuşirəvana da bu vəzifəni borc verənlər onun sağ-salamat olmasını, borcunu qaytarmasını arzu və təmin edirlər.

Stokholm,

15.02.2009

 

Müəllifin başqa yazıları:

- Təkliflərim qəbul olundu

- MTN-nin İranın Nardaran qəsəbəsindəki şöbəsi

- Vətən sevgisi imandandır

- Qərb yaltaqlığı

- Mən də prezidentə təşəkkür etmək istəyirəm

- Madam Pompadur

- Aktual yuxu və ya ilahi xəbərdarlıq

- Dəvənin boynunun əyriliyi

- Seçmək və seçilmək mədəniyyəti

- 12-ci sinfin azərbaycan dili dərsi

- Ortada qalan Azərbaycan

- 3 milyon dollar və 3 "at"

- İsveçdə sanitara gülmürlər

- O olmasın, bu olsun!

- MƏĞRUR QƏRAR

- Davam edir...

- Azərbaycan siyasətində yeni - Avropa amili

- Rəzalət

- İBRƏT

- 20 Yanvar və şəhidlərin qanından pul qazananlar

- İlahi, Azərbaycanı kimlər  idarə edir!?

- İqtidarın “dava-dava” oyunu bizə nə vəd edir?

- Milli birliyimizə problem yaradanlar

ANA SƏHIFƏYƏ DÖN