Mübariz S. Əzimli
MTN-nin İranın Nardaran qəsəbəsindəki şöbəsi
Hələ 15 il bundan qabaq yolum Nardarana düşmüşdü. Doğrusu, gözlərimə inanmadım, elə bildim İrandayam. Hər yerdə Xomeyninin şəkilləri, İranın dövlət bayrağları, ərəb əlifbası ilə yazılar... İstər-istəməz beynimdə bir sual əmələ gəldi - "Bəs dövlət hara baxır?"... O vaxtdan indiyə qədər Nardarandan gələn hər bir xəbərə diqqətlə və tənqidi nəzərlə yanaşıram. Kiminsə bu sirli qəsəbənin "sirrini" açacağını gözləyirəm. İllər keçir, Nardaran Azərbaycan Respublikasında İranın muxtar qəsəbəsi kimi möhkəmlənir, amma iqtidarlı-müxalifətli heç kimin səsi çıxmır. 2000-ci ildə Şəki camaatının etiraz aksiyasını boğmaq üçün şəhərə daxili qoşunlar yeridən rejim Nardaranda hətta polis işçilərinin güllələnməsinə də dözür.



İş o yerə gəlib çatıb ki, günün günorta çağı Nardaranlılar mitinq edib, xoşlarına gəlməyən adamlara ölüm kəsirlər. Bu həyasızlığın son təzahürü bu günlərdə baş vermişdir. Bu dəfə ölümə məhkum olunan xalq şairi Sabir Rüstəmxanlı oldu. Şairə ölüm fitvası verən Hacı Əli Hüseynov kimdir, ona bu cürəti verən nədir? Jurnalist həmkarlarımın heç olmazsa bundan sonra bu adamın kimliyini araşdıracağına ümid edirəm. Yadınızdadırsa, 2006-cı ilin sonlarında Nardarandakı mitinqdə digər yazıçılar Rafiq Tağı və Samir Sədaqətoğluna ölüm fitvasını da bu şəxs elan etmişdi. Onun əlindəki plakatda "Rafiq Tağıya ölüm hökmü verdik" yazılmışdı (şəklə bax).



S.Rüstəmxanlı, haqqında çıxarılmış ölüm fitvasını qeyri-ciddi bir hadisə kimi qarşıladı. Görünür o, fitvanın harda verildiyini nəzərə almır. Şairin heç ağlına da gəlmir ki, rejim, qərblə "qoymayın, radikal islam gəlir!" oyununda ona qurbanlıq quzu rolunu verə bilər. Bu rejim sahibləri hakimiyyətlərini, deməli varidatlarını qorumaq üçün nəyə desən gedərlər. Olmasın bir xalq şairi. Elmarı öldürdülər nə oldu ki, Sabiri öldürəndə nə olsun. Amma bütün dünya görəcək ki, Azərbaycanda radikal islamçılar at oynadır, iqtidar da onlarla bacarmır. Bacarardı, müxalifət mane olur. Deməli, dövlət və dövlətçiliyi qorumaq üçün iqtidarı gücləndirmək, müxalifəti isə siyasi səhnədən silmək lazımdır.
Amma bunlar "dövlət" və "dövlətçiliyin qorunması" deyəndə ağlınıza başqa şey gəlməsin. Bunlar dövlət deyəndə öz var-dövlətlərini, dövlətçiliyin qorunması deyəndə bu var-dövlətlərinin qorunmasını nəzərdə tuturlar. Və bu var-dövlətin qorunması üçün həqiqətən gecə-gündüz çalışırlar. Bu yolda onların qarşısına kim çıxsa əzib keçəcəklər. Təbii ki, əzə bildikləri boyda olanları. Bu kateqoriyaya azərbaycan xalqı aiddir. Özlərindən bir qarış böyük, yəni daha varlı-karlı, daha nüfuzlu olanına isə əyiləcək, yığdıqlarını bölüşərək razı salacaqlar. Bu kateqoriyaya da dünyanın güc mərkəzləri, böyük dövlətlər aiddir. Bunların da içində bir kişi tapılmır ki, azərbaycan xalqının qanı hesabına toplanmış çirkli pulları iqtidarın üzünə çırpsın. Elə hamısı "Very well!" deyib, qoyur cibinə.
Qayıdaq Nardarana. Nardaran Bakının qədim kəndlərindən biridir. Nardaranlılar da azərbaycan türkləri. Son illərə, yəni İran-MTN işğalına qədər də bu kəndin adına ləkə gətirəcək bir söz eşitməmişdik. İndi məni maraqlandıran budur ki, bu böyüklükdə kənddə beş nəfər ağlıbaşında adam tapılmır ki, İran-MTN agentlərinin cavabını verib, kəndin şərəfini qorusun? Xalqı başlı-ayaqlı ala bilməzlər ki! Satılmış və alınmışlar beş nəfər olar, on nəfər olar. Siz şəkillərdəki xalqa diqqətlə baxın. Görəsən qırmızı-yaşıl-sarı bayraqları əllərində yellədən gənclərdən biri bu bayraqların kimə və nəyə məxsus olduğunu deyə bilərmi? Siz bir bunlara yaxşı-yaxşı baxın. Başında İran əmmaməsi, boğazında Fələstin yaylığı, əynində ingilis kostyumu olan, üz-gözü tüklü bu adamlar kimdir? Bunlar milləti hara aparmaq istəyirlər? Min il geriyə? Heç min il geridə də belə eybəcərlik olmayıb. Bəs ağlayıb, oxşayıb, sinə vurub, baş yaran danabaşlar nə üçün və kim üçün özlərini şəhid etdiklərini bilirlərmi? Əvvəla, kişi ağı deyib ağlamaz. Bizim milli ənələrdə ağı deyib ağlayan qadınlar olub. İkincisi, lap elə deyək ürəyinizdən ağlamaq keçir. Nə olar, ağlayın. 1400 il bundan əvvəl ərəbistan çöllərində bir-birini qırmış ərəblər üçün hər il 40 gün yas saxlayıb, ağlaşma qurub, mərsiyə deyəndə bir dəfə də Məhəmməd Peyğəmbərin (s.ə.s.), 31 mart, 20 yanvar, Xocalı şəhidlərinin, Mustafa Kamal Atatürkün, Nuru Paşanın, M.Ə.Rəsulzadənin, Ə.Elçibəyin, C.Dudayevin, Elmar Hüseynovun ölüm günündə yas saxlayın, ağlayın, zəncir vurun, baş yarın. Yoxsa Peyğəmbərimiz başda olmaqla, bu müqəddəslərə yas düşmür? Yoxsa sizin icad etdiyiniz yeni dində Həsənlə-Hüseyn Peyğəmbərdən də irəlidir? Və əgər o dinin adı islamdırsa, onda bəs bizim inandığımızın adı nədir?
Şəkillərdə də gördüyünüz kimi, üç gündən bir burada ABŞ və İsrailin bayraqları yandırılır. Nə olar, bir dəfə də torpaqlarımızı işğal edə-edə gələn Ermənistanın, işğalçıya hər cür dəstək verən Rusiyanın bayrağını yandırın da! Olmaz? MTN icazə vermir? Azərbaycan polislərini isə güllələməyə icazə verir!? Şair və yazıçılarımıza ölüm fitvası verməyə də icazə verir!? Necə deyərlər, Nardaranda radikal islamçılıq icazəlidir.
Allah Mirzə Cəlilə rəhmət eləsin. O vaxt o, elə düşünürdü ki, Azərbaycanda bircə Danabaş kəndi var, ona görə götürdü qələmi əlinə, yazdı. Sonralar o da doğma vətənimizdə danabaşların və Danabaş kəndlərinin çox olduğunu gördüyünə görədir ki, baş götürüb köçdü İrana. Amma yağışdan çıxıb, yağmura düşdüyünü görüb geri qayıtdı və sonunda hər şeydən bezib əlyazmalarını odun yerinə yandırdı... İndi o yoxdur, Yeni Azərbaycanın yeni Danabaş kəndinin əhvalatlarını yazan da yoxdur.
Stokholm
27.01.2009