Mübariz S. Əzimli

Vətən sevgisi imandandır

Bir oxucu məktubunun izi ilə

"Mübariz bəy, bir daha salam. Mənim dükanıma dünyanın hər yerindən insanlar gəlirlər. Biz də onlara Azərbaycan haqda geniş məlumatlar veririk. Rəsmlər çəkirik. Sonra həmən rəsmləri mənə də göndərirlər. Elə indicə bu məktubu Yaponiyadan aldım. Rəsmlər ilə.

Özün bax."

İndi dünyanın o yeri yoxdur ki, orada azərbaycanlı yaşamasın. Bunu hamımız bilirik, amma hərdən soydaşlarımızın səsi elə yerlərdən gəlir ki, təcüblənməyə bilmirsən. Vircin Adalarından məktub almaq şəxsən mənim ağlıma da gəlməzdi. Eləcə də uzaq Şri Lanka, Braziliya, Yaponiya və s. Bu millət doğma vətənindən başqa hər yeri özünə vətən etmişdir.

Amma bu gün söhbətimiz Almaniyada yaşayan bir soydaşımız haqqındadır. Bildiyiniz kimi, bu ölkədə həm güneydən, həm də qüzeydən minlərlə azərbaycanlı yaşayır. Belə soydaşlarımızdan biri də Almaniyanın Maynç şəhərində yaşayan Yusif Əbilovdur. Yusif bəyin nə qədər vətənsevər insan olduğuna şahid olmaq üçün göndərdiyi şəkillərə baxmaq kifayətdir. Yusif bəy ona məxsus olan dükanı azərbaycan simvolları ilə bəzəyərək, ona milli bir kolorit vermişdir. Təbii ki, dükana girən hər kəs bu simvollarla və onların bu dükana aidiyyəti ilə maraqlanır və bu insanın qəlbində nə qədər böyük bir vətən sevdasının gizləndiyini dərk edir. Postsovet ölkələrindən fərqli olaraq, azad dünyada belə insanlara xoş məramla yanaşır, rəğbət bəsləyirlər. Yusif bəy özü də fərqinə varmadan Azərbaycanın elçisi rolunda çıxış edir və özünün mehriban, gülərüz, səmimi davranışı ilə özü də bilmədən Azərbaycanı insanlara sevdirir.

Mən azərbaycanda da, xaricdə də soydaşlarımızla çox görüşmüş, onların davranışlarına çox fikir vermişəm, və çox vaxt da xəcalət çəkmişəm. Ukraynada bir tanışım vardı, bir ukraynalı yaxınlaşan kimi avtomobilində oxutdurduğu milli musiqini dəyişib, rus mahnıları qoyurdu. Elə burda, Avropada da adını, soyadını, dinini dəyişib rahatlıq axtaranlar çoxdur. Mən onların heç birini qınamıram. Sadəcə, onlara yazığım gəlir. Çünki, bu yazıqlar heç vaxt alman, fransız, isveçli olmayacaqlarını, vətənsiz, millətsiz, deməli şəxsiyyətsiz qalacaqlarını anlamırlar. Şükürlər olsun ki, yalançı rifah xatirinə hər şeyini satmağa hazır olan soydaşlarımızla yanaşı Maynçda yaşayan AZƏRBAYCANLI Yusif bəy də var. Siz bir onun Yapon müştərilərinin yazdığı məktuba baxın:

 

"Dear Mr. Kiosk am Fischtor

Hi! This is KEN from Japan. We visited you at your shop in the morning

last week on 18th/January.

Anyways, I promissed to send you the photos,

so please check the attached files.

"Aserbaidschan" is right it it!!

I wish you a good luck and let's keep in touch.

Cheers,

KEN"

Bir dükan sahibi bir turist müştəriyə nə qədər mehriban, səmimi münasibət göstərməlidir ki, o, vətəninə qayıtdıqdan sonra sizə belə bir məktub yazsın və məktubda sizi deyil, Almaniyanı deyil, çox güman ki, heç vaxt görmədiyi Azərbaycanı öysün!

Bunun adı vətən sevgisidir. Vətən sevgisi isə, imandandır.

Stokholm,

24.01.2009

ANA SƏHIFƏYƏ DÖN